Hayastan tarixi missiyanın məsuliyyətini dərk etmir
Siyasət

Hayastan tarixi missiyanın məsuliyyətini dərk etmir

Sülh müqaviləsinin imzalanması, Cənubi Qafqazda sabitliyin təmin edilməsi Azərbaycanın xarici siyasətində prioritet məsələlərdəndir. Bir ölkənin inkişafı üçün əsas amillərdən biri də regionda stabilliyin hökm sürməsidir. Dövlətimiz də bu məqsəd uğrunda daim çalışır. Buna baxmayaraq, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması prosesi ləngidilir.

Ermənistan parlamentinin sədri Alen Simonyan bu günlərdəki çıxışında sensasion fikirlər səsləndirib. O vurğulayıb ki, rəsmi İrəvan Azərbaycanla yaxın 15 gün ərzində sülh sənədini imzalamağa hazırdır. Ermənistan hakimiyyətinin əsas simalarından biri olan Alen Simonyanın sözlərinə görə, müqavilənin yeni mətni redaktə olunaraq rəsmi Bakıya göndərilib: "Demək olar ki, bütün prinsipial məsələlər üzrə razılıq əldə olunub. Prosesə ziyan vurmamaq üçün detalları açıqlamaq istəməzdim". O, həm də ermənilərlə azərbaycanlıların yanaşı yaşamalı olduğunu bildirib, Qərbi azərbaycanlıların Ermənistanda yaşayıb-yaşamamasının gələcəyin işi olduğunu vurğulayıb.

Rəsmi İrəvan sülh müqaviləsi ilə bağlı tez-tez açıqlamalar verir, lakin hələ də ortada razılaşma yoxdur. Özləri Azərbaycanın iştirak etmədiyi görüşə gedib qərarlar alırlar, ancaq rəsmi Bakının iştirak etdiyi görüşə gəlmirlər. Təbii ki, sülh sazişinin imzalanması bölgə üçün vacib bir addımdır. Azərbaycan da prosesdə maraqlıdır. Amma Ermənistanın bu məsələyə biganə yanaşması təəccüb doğurur. Nəzərə alsaq ki, Zəngəzur dəhlizinin açılmasında İran daxil olmaqla, bir çox dövlət maraqlıdır, odur ki, tələsən tərəf biz deyil, rəsmi İrəvan olmalıdır.

Sülh sazişinin əsas müddəalarından biri də Qərbi azərbaycanlıların repatriasiyası məsələsidir. Bu proses iki ölkə arasında əlaqələrin normallaşması istiqamətində mühüm əhəmiyyət kəsb edir. Bu mövzu Ermənistanın Qərbi azərbaycanlı vətəndaşlarının pozulmuş hüquqlarının bərpası istiqamətində üzərinə məsuliyyət götürməsi mənasına gəlir. Bu məsələni gələcəyə buraxmaq istəyən Alen Simonyan əslində rəsmi İrəvanın Qərbi azərbaycanlıların pozulmuş hüquqlarını gizlətmək cəhdlərini sübut edib. Ermənistanın Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıtmasına biganə yanaşmasının əsas səbəblərindən biri də həmin əraziləri tədricən itirmək qorxusudur.

Kommunikasiyanın açılması mövzusu da 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda yer alıb. Hazırda İran ərazisindən keçən Araz yolu ilə bağlı məsələnin gündəmdə olması Ermənistanı qorxudur. Yuxarı Lars yolu ilə əlaqələrin qurulması çoxsaylı problemlər meydana gətirir. Buna görə də rəsmi İrəvan üçün ən uyğun versiya Azərbaycanla kommunikasiyaların açılmasıdır.

Qərb ölkələri, xüsusən də Fransa Ermənistanı sürətlə silahlandırmaqla İrəvanı Azərbaycana qarşı yeni müharibəyə başlamağa həvəsləndirir. Çünki sülh müqaviləsinin imzalanması Azərbaycana qarşı təyziqlər üçün bəhanənin olmaması deməkdir. Qərbin məkrli siyasətinin əsas səbəblərindən biri də Rusiyanın bölgədən sıxışdırıb çıxarılmasını təmin etmək, bununla da bölgədə daha çox söz sahibi olmaq istəməsidir. Ermənistan hakimiyyəti isə şirin vədlərə aldanır, öz havadarları qarşısında vəzifələrini yerinə yetirməyə çalışır. Buna görə də rəsmi İrəvan Rusiyanın əhatə dairəsindən uzaqlaşmaq istəyir.

Qeyd edək ki, sentyabr ayının 30-da Azərbaycanın Qazax rayonunun Ermənistanın İcevan rayonu ilə sərhədində delimitasiya komissiyasının iclası keçirilib. Görüş Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan arasında baş tutub.

"Ermənistan sülh müqaviləsinin mətnindən danışıqlar prosesini uzatmaq üçün bəhanə kimi istifadə edir". Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 27-də ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı deyib. Nəticədə İrəvan rəsmilərinin sülh sazişi haqqında dedikləri söz olaraq qalır. Yəni, Ermənistan öz havadarlarından tapşırıqlarını almadan hərəkət edə bilmir, sülh sazişinin imzalanması istiqamətində müzakirələrə biganə yanaşır.

Əslində Ermənistan hakimiyyətinin üzərinə böyük məsuliyyət düşür. Nikol Paşinyan bu məsuliyyəti dərk etməli, sülh müqaviləsini gecikdirmək əvəzinə, xalqının gələcəyi üçün doğru qərarlar almalıdır.

Nurcan SÜLEYMANOVA,

"Respublika".