Hayastanın sülhü imitasiya cəhdləri
Siyasət

Hayastanın sülhü imitasiya cəhdləri

Artıq İkinci Qarabağ müharibəsindən üç ildən artıq zaman keçməsinə baxmayaraq, təəssüflər olsun ki, Ermənistan tərəfinin danışıqlar prosesindəki qeyri-konstruktiv mövqeyi və əsassız iddiaları davam edir. Ermənistan tərəfindən görüntüdə ifadə olunan "sülh çağırışları" reallıqda isə tamamilə əks istiqamətdə cərəyan edərək təxribatlarla müşayiət olunur. Heç şübhəsiz ki, belə riyakar mövqeyin ifadə olunmasının arxa bağçasında Ermənistanın istisnasız olaraq yeni "ağalarının" maraqları dayanır.

Regiona nüfuz etmək istəyən qlobal güclərin sayı hər gün daha da artır. Belə olan halda isə Ermənistan nəinki sülh danışıqlarında, ümumiyyətlə daxili və xarici siyasətin bir çox istiqaməti üzrə öz mövqeyini itirərək həmin güc mərkəzlərinin "alətinə" çevrilir. Hazırkı vəziyyətdə, Rusiyanın hərbi bazasının yerləşdiyi Ermənistanın sərhədləri faktiki olaraq rəsmi Moskvanın nəzarətindədir. Eləcə də Ermənistan sadəcə təhlükəsizlik nöqteyi-nəzərindən deyil, iqtisadi cəhətdən də Rusiyadan asılıdır. Baxmayaraq ki, bu gün rəsmi İrəvan Rusiyadan və bütövlükdə regiondan uzaqlaşmaq meyilləri nümayiş etdirir, bütün bunların arxasında isə qərbi regiona cəlb etmək məqsədi güdülür.

Digər tərəfdən isə Fransanın diktəsilə Cənubi Qafqaza dürtülən "mülki missiyanın" Ermənistan ərazisinə faktiki olaraq hərbi məqsədlərin icrası üçün təlimatlandırılması heç kimə sirr deyil. Əslində Fransadan və Hindistandan "alınan" silahlar Ermənistanın "sülhü imitasiya" oyununu, məkrli niyyətləri ifşa etmək üçün yetərlidir. Həmçinin ABŞ-ın diplomatik missiya adı altında pərdələnmiş geniş tərkibli "kəşfiyyat qrupu"nun fəaliyyəti Ermənistanın qlobal güclər üçün Cənubi Qafqazdakı alət olduğunu sübut edir. Bütün bunları nəzərə alaraq qeyd etməliyik ki, Ermənistan regional və qlobal güclər tərəfindən "nəzarət zona"larına bölünərək idarə olunur. Baş nazir N.Paşinyan da bu vəziyyətdən istifadə edərək həm öz hakimiyyəti üçün mövcud təhdidləri aradan qaldırmağa, həm də danışıqlar prosesini uzadaraq götürdüyü öhdəliklərdən yayınmağa çalışır. Amma Ermənistanın bu "manevr"lərinin Azərbaycan üzərində heç bir təsir imkanının olmadığını hadisələrin inkişaf xronikası bariz şəkildə sübut edir.

Nəticə etibarilə Ermənistanın yeni "ağa" axtarışları heç bir halda ona üstünlük qazandıra bilməz. Ona görə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xocalı faciəsinin 32-ci ildönümü ilə bağlı Xocalı sakinləri ilə keçirdiyi görüş zamanı bu istiqamətdə Ermənistanın hərbi-siyasi hakimiyyətinə etdiyi növbəti xəbərdarlıq kifayət qədər önəmli mesaj xarakteri daşıyır: "Yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir".

Aytən QURBANOVA,

politoloq.