Hayastanın xilası Azərbaycan-Türkiyə tandemi ilə münasibətlərindən asılıdır
Siyasət

Hayastanın xilası Azərbaycan-Türkiyə tandemi ilə münasibətlərindən asılıdır

1993-cü ilin aprelində Kəlbəcərin işğalı ilə Türkiyə-Ermənistan arasındakı münasibətlər də korlanıb, nəticədə sərhədlər bağlanıb. Sonrakı dövrdə Amerika Birləşmiş Ştatları, Fransa kimi bir çox beynəlxalq güclər iki ölkənin münasibətlərinin normallaşması üçün səy göstərib.

Hətta 2009-cu ildə Sürix protokolları imzalanıb. O zaman bu prosesin irəli aparılmasında əsas məqsəd Ermənistan-Türkiyə əlaqələrini Azərbaycan müstəvisindən kənarda həyata keçirmək idi. Amma qardaş ölkə bununla razılaşmayıb və birmənalı şəkildə qeyd edib ki, Bakı və İrəvan arasında yekun razılaşma əldə olunmayana qədər Ankara ilə də normallaşma perspektivi real deyil. Martın 1-də start götürən üçüncü Antalya Diplomatiya Forumu bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.

Belə ki, Türkiyə xarici işlər naziri Hakan Fidan erməni həmkarı Ararat Mirzoyanla tədbir  çərçivəsində keçirdikləri görüşdə ölkələr arasında münasibətlərin normallaşması prosesini müzakirə ediblər. Tərəflər əlaqələrin tam nizamlanmasına hazır olduqlarını təsdiqləyib, bu istiqamətdə konkret addımlar atmaq barədə fikir mübadiləsi aparıblar. Türkiyə ilə münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə Ruben Rubinyan da "Cənubi Qafqazda sülh, inkişaf və kommunikasiya" mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib ki, rəsmi İrəvan Ankara ilə sərhədlərin açılmasına hər zaman hazırdır. O, hətta bildirib ki, forumu tarixi hadisəyə çevirmək üçün elə indi razılaşma əldə oluna bilər. Amma Türkiyənin Ermənistanla münasibətlərinin normallaşdırılması üzrə rəsmisi Sərdar Kılıç erməni həmkarına İrəvanda görüşməyi təklif edib. Bunların fonunda görünən odur ki, tərəflər cari il ərzində sərhədlərini üçüncü ölkə vətəndaşları və diplomatik pasporta sahib olan şəxslərin keçidi üçün açmaq barədə qərar verə bilər. Bu məsələnin Ermənistanın Rusiyadan uzaqlaşması fonunda aktuallaşması isə təsadüfi deyil. Çünki ən yaxın iqtisadi müttəfiqini itirən İrəvan Türkiyə ilə kommunikasiya xətlərinin açılmasında ticarət maraqları güdür.

Burada bir məqamı xüsusilə vurğulamaq lazımdır. Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan forumun rəsmi açılış mərasimindəki nitqində qeyd edib ki, Ermənistanla başladılan normallaşma prosesi davam etdiriləcək, sadəcə bu, Azərbaycanla paralel olaraq aparılacaq. Bakı ilə koordinasiya məsələsinin xüsusilə vurğulanması Paşinyan hökumətinə bir mesajdır. Yəni Ermənistan Türkiyə ilə münasibətlərin normallaşdırılmasını və sərhədlərin açılmasını istəyirsə, ilk növbədə Azərbaycanla razılaşma əldə etməlidir. Bu baxımdan yaxın perspektivdə iki ölkə arasında münasibətlərin normallaşması yalnız sülh müqaviləsi bağlanandan sonra mümkün görünür.

Digər diqqətçəkən məqam isə odur ki, Mirzoyan Berlin görüşündən dərhal sonra Türkiyəyə səfər etdi və orada normallaşma mesajları verdi. Sözsüz ki, İrəvan rəsmisi Anakaranın buna yalnız Azərbaycanla razılığa gəlindiyi təqdirdə icazə verəcəyini bilir. Deməli, həm də bu prosesdə fevralın 28-29-da Almaniyanın vasitəçiliyi ilə müsbət atmosferdə baş tutan təmasların rolu var. Bu baxımdan Ruben Rubinyanın Antalyada Ermənistan və Azərbaycanın sülh sazişinin əsas prinsipləri üzrə razılığa gələ bildiklərini açıqlaması səbəsiz deyil. Sözsüz ki, hazırda Paşinyan Administrasiyasından müsbət mesajlar verilsə də, bunun reallıq, yoxsa sülhün imitasiyası olmasını zaman göstərəcək. Amma Ankaranın yürütdüyü siyasət Ermənistanın manevr imkanlarını artırmağa kömək edəcək. Baş nazir erməni cəmiyyətini inandıra bilər ki, iki qonşusu ilə problemlərin həlli və ölkəsinin regional əməkdaşlığa qoşulması Azərbaycanla sülh və ya çərçivə sazişinin imzalanmasından keçir.

Yekunda görünən odur ki, sülh gündəliyi həm rəsmi Bakı, həm də Ankara tərəfindən dəstəklənir. Antalya Forumunda çıxış edən Azərbaycan Respublikasının Prezidentinin köməkçisi Hikmət Hacıyev bir daha vurğuladı ki, İrəvana hücum planı yoxdur, bu məlumatı yayanlar bölgədə sülh istəməyən mərkəzlərdir. Türkiyənin xarici işlər naziri Hakan Fidan da bənzər açıqlamalarla eyni yanaşmanı sərgilədi. Bütün bunların fonunda görünür ki, proseslərin gələcəyi Ermənistanın siyasi rəhbərliyinin atacağı addımlardan asılıdır. Əgər Paşinyan hökuməti regional qonşuluq münasibətlərinin bərpasında səmimidirsə, eyni münasibəti görəcək. Yox əgər yenə də hansısa planları icra etmək niyyətindədirsə, ona adekvat cavab alacaq. Amma bu müddətdə baş nazir onu da unutmamalıdır ki, regional sülh hazırda onun ölkəsinin xeyrinədir. Çünki Qərb geosiyasi toqquşmaların yeni arenası kimi məhz Ermənistanı seçib. Bu ssenaridən İrəvanı yalnız Bakı ilə yekun razılıqların əldə olunması və regional kommunikasiyaların açılması qoruya bilər.

Jalə QASIMZADƏ,

"Respublika".