Azərbaycanın sülh şərtləri beynəlxalq hüquqa əsaslanır
Siyasət

Azərbaycanın sülh şərtləri beynəlxalq hüquqa əsaslanır

Region dövlətləri, eləcə də qlobal güclər Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqlarla hesablaşmaq və bu reallıqlara uyğun addım atmaq məcburiyyətindədirlər. Otuz ilə yaxın davam edən işğal dövründə nüfuzlu institutların, böyük dövlətlərin və regionun aparıcı aktorlarının "bitməyən danışıqlar" formulundan fərqli olaraq Azərbaycan 44 (+1) gün ərzində beynəlxalq hüququn norma və prinsiplərinə zidd addım atmadan BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini təkbaşına icra edərək ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Cənab Prezidentin ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" mövzusunda keçirilən Forumdakı çıxışı zamanı ifadə etdiyi kimi biz regiona sülhü müharibə yolu ilə gətirdik. Hətta Ermənistanın və onu himayə edən siyasi dairələrin qeyri-konstruktiv mövqeyinə, əsassız iddialarına baxmayaraq, sülh uğrunda tərəfdaşlıq prinsipinə sadiqliyimizi açıq şəkildə bəyan edirik.

Bütün dünya dövlətləri Azərbaycanın yaratdığı post-müharibə dövrünün reallıqları fonunda yeni uğurlu inkişaf konsepsiyasının şahidi olurlar. Heç şübhəsiz ki, mərhələli şəkildə həyata keçirilən islahatlar, güclü iqtisadiyyat, müasir ordu quruculuğu, ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf dinamikası milli-mənəvi dəyərlərimizin və vətənpərvərlik ruhunun ideologiyaya çevrilməsi fonunda tamamlanaraq bu konsepsiyanın əsasını təşkil edir. Mərkəzi Asiya ölkələri və bütövlükdə Türk dünyası ilə yüksələn xətlə inkişaf edən əlaqələrimizin tarixi, mədəni və etnik kökləri qarşılıqlı etimadın və birmənalı dəstəyin ifadəsidir. Eyni zamanda, Azərbaycan ABŞ-ın, bəzi Avropa dövlətlərinin və siyasi institutların qərəzli və ikili standartlara əsaslanan mövqeyinə baxmayaraq, Qərb ilə əməkdaşlığa önəm verir. Amma bu o demək deyil ki, Fransa, Almaniya, Belçika və ya Avropanın hər hansı bir güc mərkəzi, ya da Amerika Birləşmiş Ştatları ölkəmizə qarşı ədalətsiz mövqe nümayiş etdirə və ya ərazi bütövlüyümüzü hədəf alan bəyanatlar səsləndirə bilər. 24 saatlıq anti-terror tədbirlərindən sonra qərəzli bəyanatlarla səsləndirən Ermənistan tərəfi və onun himayədarları da bunu çox gözəl bilirlər. Xüsusilə də, Paşinyanın "ermənidən çox erməni olmağa çalışan" həmkarı Makron bunu heç vaxt unutmamalıdır. Azərbaycan beynəlxalq hüquqa və ədalətə əsaslanan 5 baza prinsiplərindən ibarət sülh təklif edir. Bu baza prinsiplərinin qəbul edilməsi digər məsələlərdə də ortaq məxrəcə gəlmək üçün əsas ola bilər. Digər tərəfdən, Forum çərçivəsində cənab Prezident sülh müqaviləsinin müzakirə edilən mətnində tarixi torpaqlarımızdan deportasiya olunmuş Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qaytarılması məsələsinə də toxundu: "İki ölkə arasında razılaşma tam qarşılıqlı olmalıdır. Buna görə, əgər onlar saziş layihəsində Azərbaycanda yaşayan erməniləri milli azlıq kimi qeyd etmək istəyirlərsə, onda bu, qarşılıqlı olmalıdır və Ermənistandan güclə deportasiya olunmuş azərbaycanlıların Ermənistana qayıtmaq və orada yaşamaq hüquqları da əks olunmalıdır...".

Bu gün biz Qarabağa - evimizə qayıdırıq. Otuz il boyu viran qoyulan yurdumuzda üç il ərzində görülən işlər, Qarabağın dirçəldilməsi həmin torpaqların həqiqi sahibinin kim olduğu aydın göstərir. Biz regionda sülh və sabitliyin təmin olunması naminə Ermənistanla münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün kifayət qədər xoş niyyət göstərmişik. Artıq seçim Ermənistanındır. Ya himayədarlarının maraqlarının icrası üçün "alət" olmağa davam edərək özünü regiondan təcrid edəcək və sürətli tənəzzülə doğru addımlayacaq, ya da bütün kənar təsirlərdən azad olaraq ikitərəfli danışıqlar masasında sülhə imza atmaqla suverenliyini elan edərək regional əməkdaşlıq platformasının bir parçası kimi inkişaf edən dövlətə çevriləcək.

Aytən QURBANOVA,

siyasi şərhçi.