Hayastanın yeni konstitusiyaya ehtiyacı var
Siyasət

Hayastanın yeni konstitusiyaya ehtiyacı var

İkinci Qarabağ müharibəsindəki məğlubiyyətinin ardından Ermənistanda gedən siyasi, sosial-iqtisadi proseslər bəzi məsələlərə tam aydınlıq gətirdi. Azərbaycan isə qalib ölkə olaraq, öz ritorikasında hədə-qorxu gəlmədən güclü mövqedən çıxış edir.

Regional inkişafdan geri qalan, sosial-iqtisadi böhranın içində boğulan Ermənistan üçün yeganə çıxış yolu Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan ibarətdir. Başqa sözlə, Ermənistan Azərbaycanın sülh müqaviləsi ilə bağlı irəli sürdüyü 5 təməl şərti qəbul etməli və torpaq iddialarını kənara qoymalıdır. Ermənistanın müstəqillik bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsi ilə bağlı birbaşa çağırışlar var və bu sənədə istinadlar Ermənistan konstitusiyasında da öz əksini tapır.

Ölkəmizin tələblərindən biri də məhz Ermənistanda konstitusiyanın dəyişdirilməsidir. Bu iddialara son qoymaq, konstitusiyaya və digər hüquqi sənədlərə dəyişiklik etməklə sülh əldə oluna bilər. Rəsmi İrəvan isə sülh istiqamətində gedən prosesi özünün qeyri-konstruktiv mövqeyi ilə pozur. İndiki halda isə Paşinyanın alternativ çıxış yolu yoxdur. O,  bəzi məqamlarda Azərbaycanla sülh müqaviləsinin imzalanmasının qaçılmaz olduğuna eyhamlar vursa da, cəmiyyət tərəfindən "xəyanətkar" kimi qələmə verilməsindən çəkinir. İstənilən halda Azərbaycan Ermənistana qarşı heç bir ərazi iddiası irəli sürmür, Ermənistan da eyni addımı atmalıdır.

Xatırladaq ki, Paşinyan Ermənistanın müasir geosiyasi şəraitdə yeni konstitusiyaya ehtiyacı olduğunu bəyan etmişdi. "Azatutyun" radiosunun məlumatına görə, görünür, baş nazir 1995-ci ildə qəbul edilmiş konstitusiyanın preambulasından yaxa qurtarmaq istəyir.  Qeyd edək ki, Paşinyan Hayastana yeni konstitusiyanın lazım olduğu barədə ilk dəfə yanvarın 19-da ədliyyə nazirliyində keçirilən müşavirədə danışıb. Deyib ki, ölkəsinin "demokratik legitimliyinin təmin edilməsi üçün" konstitusiya islahatına yox, tamamilə yeni konstitusiyaya ehtiyacı var. Eləcə də baş nazir bu yaxınlarda Ermənistan İctimai radiosunda "Təhlükəsiz mühit" proqramındakı çıxışında  konstitusiya referendumu keçirəcəyini bu sözlərlə açıqlayıb: "Legitim yanaşma belədir: mən sizdən nə gözləyirəmsə, siz də məndən onu gözləyin. Bu gün biz həqiqətən də müstəqillik bəyannaməsi ilə münasibətimizi tənzimləməliyik. Bizim dövlətçiliyi olmayan xalqdan dövləti olan xalqa çevrildiyimiz məqam məhz konstitusiya referendumudur". O əlavə edib ki, respublikanın ehtiyac duyduğu yeni ali qanun xalqla dövlət arasındakı uçurumun bərpası məqsədi daşıyır. Nikol Paşinyan planlaşdırılan yeni konstitusiya kontekstində Ermənistanın qonşuları ilə münasibətlərini inkişaf etdirməyə 1990-cı ildə qəbul edilmiş istiqlal bəyannaməsinin  mane  olduğunu bildirib. Lakin Azərbaycan və Türkiyənin etimadını qazanmaq üçün Paşinyanın aşmalı olduğu digər ciddi maneələr də var. Belə ki, Ermənistan gerbini Nuhun Gəmisi ilə əlaqələndirməyi və Ağrı dağının təsvirini yığışdırmalıdır.

Qeyd edək ki, Ermənistanın müstəqillik bəyannaməsində Azərbaycana, Türkiyəyə qarşı iddia irəli sürülüb.

Ölkə konstitusiyasında yer alan bu iddialar götürülmədiyi təqdirdə, Azərbaycanla sülh sazişinin imzalanması mümkün deyil, hətta Paşinyan hakimiyyəti sülhə imza atsa belə, dəyişiklik baş verərsə, yeni iqtidar konstitusiyaya əsasən ərazi iddialarını davam etdirəcək. Bu baxımdan, təkcə sülh sazişinin imzalanması ilə iş bitmir, Ermənistanın ərazi iddiaları hüquqi sənədlərdə də təmizlənməlidir. Artıq rəsmi Bakı bunu tələb kimi irəli sürüb. İrəvan həqiqətən sülh müqaviləsinin imzalanmasını istəyirsə, bu addımları atmalıdır. Burada söhbət təkcə Azərbaycanı qane edəcək addımlardan getmir. Ermənistan özünün təhlükəsizliyi məsələsi də var. Yəni İrəvan qonşularla sülh, əmin-amanlıq şəraitində yaşamaq istəyirsə, həm Türkiyəyə, həm də Azərbaycana qarşı ərazi iddialarını hüquqi müstəvidən yığışdırmalı, sülh müqaviləsini imzalamalı, sonra isə regionda nəqliyyat kommunikasiyalarının açılmasının verəcəyi faydalardan yararlanmalıdır.

Aiza ŞABANOVA,

"Respublika".