Qərb mizantropiya xəstəliyindən qurtula bilmir
Siyasət

Qərb mizantropiya xəstəliyindən qurtula bilmir

Qərb ölkələri də daxil olmaqla bəzi dövlətlər Azərbaycana qarşı əsassız və yalan ittihamlarla çıxış edir, qeyri-obyektiv mövqe ortaya qoyur. Bütün bu qarayaxma kampaniyalarına baxmayaraq, ölkəmiz daim gerçəkləri "su üzünə" çıxarır, beynəlxalq qurumlarda layiqincə təmsil olunur. Azərbaycan əleyhinə qəbul edilmiş yalan bəyanatlar, məqsədli şəkildə aparılan provakasiyalar lazımi şəkildə cavablandırılır.

Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev BMT Təhlükəsizlik Şurasının "Ümumi əməkdaşlıq yolu ilə sülhün qorunmasına yardım" mövzusunda açıq müzakirəsində çıxış edib: "Regionda olmayan bəzi dövlətlərin Cənubi Qafqazı geosiyasi rəqabət və qarşıdurma obyektinə çevirmək, o cümlədən Ermənistanı silahlandırmaq və onun nifrət təbliğatını təşviq cəhdləri sülhə, barışığa və hərtərəfli inkişafa xidmət etmir". O, qeyd edib ki, 30 illik işğal vaxtında Ermənistan silahlı qüvvələrinin törətdiyi ağır cinayətləri mühakimə etməkdən yayınan qüvvələr, bu gün də 4 minə yaxın itkin düşmüş azərbaycanlının taleyini gözardı edir.

Azərbaycan uzun müddət davam etmiş işğala və onun mənfi təsirlərinə baxmayaraq, hər vəchlə regionun inkişafı, sülh və sabitliyin qorunması üçün çalışır. Məcburi köçkünlərin geri qayıdışı təmin edilir, azad edilmiş ərazilər minalardan təmizlənir, bərpa və yenidən qurulma işləri sürətlə davam edir. Ölkəmizin sabitlik yaratmaq, reinteqrasiya prosesini tamamlamaq cəhdlərinə, bəzi xarici dairələrdən də dəstək gəlir, ancaq bu prosesi baltalamaq, xaos yaratmaq istəyənlər də var. Qərb öz mizantropiya xəstəliyindən qurtula bilmir. Yəni bütün insanlara və cəmiyyətə qarşı düşmənçilik və nifrət hissi bəsləyir. Qərb həm başqa ölkələrə müdaxilələrində, həm də öz daxili siyasətində mizantropist kimi davranır, öz antihumanizm siyasətini yeridir. İnkişaf edən dünyada bütün ölkələr müasirləşməyə, əvvəlki zamanlardakı ağır savaşların, qanlı soyqırımların, müstəmləkəçiliyin izlərini silməyə çalışarkən, Qərb ölkələri deyəsən keçmişə dönmək istəyir. Fransa və ABŞ başda olmaqla, bu kimi ölkələrin apardığı müstəmləkəçilik, başqa ölkələrə müdaxilə, antihumanizm siyasəti zamandan geri qalır.

Fransa Afrikadakı koloniyalarında antihumanist mövqeyini yüzilliklər boyu davam etdirib, onların təbii sərvətlərini istismar edib. Həmçinin öz strateji və geosiyasi maraqları üçün bu ölkələrin daxili işlərinə qarışaraq neokolonial siyasət həyata keçirib. Fransanın keçmiş və indiki müstəmləkələrində sabitliyi pozması azmış kimi, Cənubi Qafqaza da tamah salır. Separatizm meyillərini və separatçıları dəstəkləyən rəsmi Paris və ABŞ sanki xaos yaratmaqdan zövq alır, regionlarda yeni müharibələrin başlaması üçün lazımi zəmin hazırlayır, sonra isə mələk cildində "vasitəçi" olur.

Kolonial düşüncəsindən qopa bilməyən ABŞ və Fransa kimi dövlətlər, güclü, suveren və əzəmətli Azərbaycanı həzm etmir. ABŞ Konqresinin Nümayəndələr Palatasında Qarabağ mövzusunda keçirilmiş dinləmələrdə səsləndirilmiş fikirlər də məhz bunun göstəricisidir. Əslində tədbirin təşkilatçısı və Konqresin Avropa məsələləri üzrə alt komitəsinin sədri Tomas Kinin əvvəldən Ermənistanın ABŞ-dakı səfiri ilə görüşməsi hər şeyi açıqlayır.

Qərb ölkələri öz daxili siyasətindəki irqi ayrı-seçkilik, polis zorakılığı və daha bir çox problemlə məşğul olmaq yerinə, hələ də acgözlüklə müdaxilə istəyindədir. Onlar anlamalıdır ki, Azərbaycan müstəqil ölkədir və heç bir müdaxiləyə icazə verməyəcək. Ölkəmiz öz müstəqil siyasəti ilə inkişaf etməyə və daha da güclü dövlətə çevrilməyə davam edəcək.

Nurcan SÜLEYMANOVA,

"Respublika".