HEÇ BIR
Digər xəbərlər

HEÇ BIR "BOZ ZONA"DAN SÖHBƏT GEDƏ BILMƏZ

Regional sülh prosesinin ləngiməsinə yönəlik cəhdlərdə məhz Ermənistan "qlobal güclərin maşası" rolunu oynayır. Ermənistanın marionet lideri müstəqil siyasət yürütmək, qərarlar qəbul etmək iqtidarında olmadığından Cənubi Qafqazda önəmli təhlükəsizlik boşluğu yaranıb ki, regionda planları olanlar bu cığır vasitəsilə istədiklərini əldə edə biləcəklərini düşünürlər. Hazırda Paşinyan hakimiyyəti daha çox Ermənistanın maraqlarına cavab verən sülh sazişinə imza atmaq şansından da uzaqdır. Və bu səbəbdən də rəsmi İrəvan Ermənistanın beynəlxalq himayədarlarının təlimatlarına uyğun davranmaqda davam edir.

Rəsmi İrəvan ilkin növbədə sərhədlərin delimitasiya və demarkasiya məsələləri ilə məşğul olmalıdır.  "Humanitar şou"lar, saxta "soyqırımı" iddiaları, askiyalar heç bir nəticə verməyəcək. Bununla yanaşı, Laçın dövlət sərhədinin beynəlxalq hüquqa əsaslanan fəaliyyəti dərk edilməli və kommunikasiyalar bərpa olunmalıdır. Belə ki, Laçın postundan hər gün Qarabağın erməni azlığını təmsil edən şəxslər sərbəst şəkildə hərəkət edirlər. Xüsusilə, Naxçıvanla Azərbaycan arasındakı quru yolun bərpası prosesi nəzərdə tutulduğu kimi icra olunmalıdır. Lakin hələlik bu məqamda da erməni xisləti ilə üzləşirik.

Sadalanan proseslərin həyata keçməsi ilə reinteqrasiya asanlaşacaq ki, bu da olduqca əhəmiyyətlidir. Qarabağda yaşayan erməni azlığın hüquq və təhlükəsizliyi də məhz Azərbaycan Konstitusiyası çərçivəsində həll ediləcək. Və bu məsələ də birmənalı şəkildə Azərbaycanın daxili işdir.

Məlum olduğu kimi, avqustun 31-də Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan öz ərazisində hər hansı bir "boz zona"nın olmasını qəbul etməyəcək. O, həmçinin Ermənistanın ölkəmizlə razılaşdırmadan populizm məqsədilə müxtəlif yük maşınlarını Azərbaycan sərhədinə - Laçın sərhəd-buraxılış məntəqəsinə gətirməsi faktını da diqqətə çatdırıb: "Dünən də bəzi erməni lobbisinin tərəfdarı və təsiri altında olan Avropanın korrupsioner siyasətçiləri də bu teatr xarakteri daşıyan dramanın tərkib hissəsi olaraq Azərbaycan sərhədinə doğru gəliblər. Bu kimi addımların heç bir mənası yoxdur. Belə şou xarakterli addımlardansa, real məsələləri yerində həll etmək lazımdır. Azərbaycan öz ərazisində hansısa bir boz zonanın olmasını qəbul etməyəcək. Kimlərsə düşünürlər ki, onlar mövcud şəraiti olduğu kimi davam etdirəcəklər və separatist statusunda yaşamaqda davam edərək və qeyri-qanuni rejimin mövcudluğunu təmin edəcəklər, bu, baş verməyəcəkdir. Azərbaycan heç bir halda buna dözməyəcək".

Bundan əlavə, Hikmət Hacıyev sentyabrın 12-də sosial media hesabında qeyd edib: "Ermənistan və qeyri-qanuni marionet xunta rejimi Ermənistanda istehsal olunan minaları "boz zona"nın hər perimetri boyunca yerləşdirməyə davam edir", - Prezidentin köməkçisi Ermənistanın Azərbaycana qarşı sistemli və məqsədyönlü mina terroru siyasətinin rəqəmlərini əks etdirən cədvəl də paylaşıb.

Ermənistan bu cür humanitar şoular yaratmaqla öz xain xislətini gizlətməyə çalışır. Çünki hayların bu gün əsas niyyəti vaxtilə Azərbaycanın işğal altında olan ərazilərində yaratdığı qondarma qanunsuz rejimin mövcudluğunun yaşamasını təmin etməkdir. Həmçinin Ermənistanın və ona tərəfdar olan qüvvələrin regionda "boz zona" formalaşdırmaq arzusu fiaskoya uğrayacaq.

Ermənistanın Azərbaycanın suveren ərazilərində formalaşdırmağa çalışdığı "boz zona" da buna nümunədir. Sözügedən siyasi terminin leksik mənasında digər diqqətçəkən detal isə "boz zona"ların üçüncü, hətta dördüncü "tərəflərin" maraqlarının təcəssümü kimi çıxış edə bilməsidir. Bütün bunlar bu gün Qarabağda separatizmi təbliğ edən, regional rifah və təhlükəsizliyin formalaşmasına əngəl törədən, sülhün ləngiməsi üçün səy göstərən dövlətlərin və ya qüvvələrin "boz zona"nın formalaşmasına yardım edə biləcəyini bizə göstərir. Plan çox açıqdır: regiona yeni oyunçuların dəvət edilməsi ilə yenidən güc əldə edilməsi. Lakin qüdrətli Azərbaycan dövləti bu cür xain planların qarşısını qətiyyətlə alır və alacaq.

Nurlan ABDALOV,

   "Respublika".