Hədəfimiz minasız Azərbaycandır
Sosial həyat

Hədəfimiz minasız Azərbaycandır

Xain düşmən mina xəritələrini təhvil verməkdən imtina edir. Dinc sakinlərimizi mina terroru ilə qarşı-qarşıya qoyan Ermənistan tərəfindən vaxtilə işğal altında saxlanılan torpaqlarımızda basdırılan minalara dair xəritələrin tam şəkildə Bakıya hələ də təqdim edilməməsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Azərbaycan və Ermənistan 1980-ci il “Konvensional Silahlar Haqqında Konvensiya” və 1997-ci il Ottava Konvensiyasına qoşulmasalar da, mina problemi beynəlxalq adət hüququnun normaları baxımından nəzərdən keçirilməlidir. Bu normaların bir qismi 1980-ci il Konvensiyasına əlavə edilmiş II Protokolda kodifikasiya edilib. Qeyd etmək lazımdır ki, minalanmış sahələrin təmizlənməsi, minalardan xəsarət alan vətəndaşlarımızın sosial və müalicə ödənişlərinə çəkilən xərclər və s. nəzərə almaqla, Ermənistana qarşı kompensasiya ödənişi barədə iddialar qaldırmalıyıq və beynəlxalq qurumlar da bu işdə öz dəstəklərini göstərməlidirlər.

Hələ Birinci Qarabağ müharibəsi zamanı xain düşmən tərəfindən ərazilərimiz minalanmışdı. İkinci Qarabağ müharibəsi və antiterror tədbirlərindən sonra verilən məlumatlara görə, işğaldan azad olunmuş ərazilərdə 1 milyondan çox mina və partlamamış hərbi sursat var. 2020-ci ildən bəri 340-dan çox vətəndaşımızın minaların qurbanı olması bunu bir daha təsdiq edir. Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bu ölüm tələsindən təmizlənməsi üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır.

Dekabrın 26-da işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. ANAMA-nın mətbuat xidmətindən verilən məlumata görə, Zaur Mahmudov rayon xəstəxanasına yerləşdirilib. Müayinə zamanı daban sümüyü və ayaq daraq sümüklərinin sınığı aşkarlanıb. Xəsarət alan şəxsə bütün zəruri tibbi yardım göstərilib. Vəziyyəti qənaətbəxşdir. Baş Prokurorluğun mətbuat xidmətindən Ağdam rayonunda ANAMA əməkdaşının minaya düşərək xəsarət alması faktı ilə bağlı araşdırma aparıldığı bildirilib.

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) 2020-2022-ci illərdə 57,6 min hektar ərazinin minalardan təmizləyib. 2023-2026-cı illərdə isə  215 min hektar ərazinin minalardan təmizlənməsi planlaşdırılır. Bu ilin yanvar ayında Tərtər, Kəlbəcər, Ağdam, Xocalı, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 61, tank əleyhinə 157 mina və 523 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. 2023-cü il fevralın 1-dən 28-dək Tərtər, Kəlbəcər, Ağdam, Xocalı, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 40, tank əleyhinə 116 mina və 1487 partlamamış hərbi sursat zərərsizləşdirilib. Fevral ayı ərzində ümumilikdə 2470 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib. İşğaldan azad edilmiş ərazilərdə 2023-cü il ərzində mühəndis-istehkam bölmələri tərəfindən ümumilikdə 6863 hektar ərazidən 234 ədəd piyada əleyhinə, 706 ədəd tank əleyhinə mina və 1405 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq zərərsizləşdirilib, 1730 metr yol qar örtüyündən təmizlənib, 13660 metr yeni təminat yolları çəkilib.

İkinci Qarabağ müharibəsindən sonra  müvafiq bölmələrimiz minaların təmizlənməsinə cəlb olundu, ərazilərin minalardan təmizlənməsi məqsədilə dörd kommersiya qurumu yaradıldı. Uzaq məsafədən idarə olunan robot texnikalar, həmçinin minaaxtaran itlər, siçovullar ölkəyə gətirilirdi. Artıq Azərbaycan ərazilərin minalardan təmizlənməsini həyata keçirən maşınlar istehsal edir. Bununla yanaşı, qadınlardan ibarət minatəmizləmə komandası da yaradılıb. Digər tərəfdən, ərazilərin minalardan təmizlənməsi prosesinə qardaş Türkiyədən “Memat” mina təmizləmə texnikaları da cəlb edilib. Ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsində dünyanın ən müasir avadanlıqlarından istifadə edilir.

Nurlan ABDALOV,

“Respublika”.