Hərbi Prokurorluq: Əsgərimizin düşmən atəşi nəticəsində yaralanması ilə bağlı cinayət işi açılıb
Digər xəbərlər

Hərbi Prokurorluq: Əsgərimizin düşmən atəşi nəticəsində yaralanması ilə bağlı cinayət işi açılıb

Ermənistanın növbəti təxribatları zamanı müxtəlif vaxtlarda düşmən tərəfdən odlu silahlardan açılmış atəşlər nəticəsində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Mahmudlu Müslüm Vidadi oğlunun yaralanması, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Novruzəlizadə Orxan Elxan oğlunun şəhid olması barədə Kəlbəcər hərbi prokurorluğuna məlumatlar daxil olmuşdur.

Daxil olmuş məlumatlar əsasında Kəlbəcər hərbi prokurorluğunun işçiləri tərəfindən izahatlar alınmış, Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları ilə birlikdə müvafiq işlər görülmüş və digər hərəkətlər icra edilmişdir. Faktlar üzrə Kəlbəcər hərbi prokurorluğunda cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilmişdir. Hazırda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) və digər maddələri ilə istintaq davam etdirilir. Qanunvericiliyin və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.

Allahdan şəhidimizə rəhmət, hərbçimizə şəfa diləyirik.

Vətən var olsun!!!