Həsrət və vüsalın bitəcəyi məkan Cəbrayıl olacaq
Sosial həyat

Həsrət və vüsalın bitəcəyi məkan Cəbrayıl olacaq

İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində Cəbrayıl şəhəri erməni işğalından azad edilib. 44 günlük Vətən müharibəsinin başladığı ilk günlərdən etibarən bütün cəbhəboyu ərazilərdə üstünlüyü ələ alan silahlı qüvvələrimizin bölmələri Cəbrayıl rayonu istiqamətində də təşəbbüsə yiyələnməyi bacarıb. Ermənistan ordusunun nəzarətindən ilk azad olunan şəhər Cəbrayıl olub. Oktyabrın 4-də əsgərlərimiz şəhərə daxil olub və üçrəngli bayrağımızı ucaldıblar. Beləliklə, 4 oktyabr Cəbrayılın işğaldan azad edildiyi gün kimi tarixə düşüb. Həmin gün xalqa müraciət edən Müzəffər Ali Baş Komandan Cəbrayıl şəhəri ilə yanaşı, Cəbrayıl rayonunun daha doqquz kəndinin – Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu və Cəfərabadın işğalına da son qoyulduğunu qeyd edib: Bu gün Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz kəndi işğaldan azad edildi. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm”.

Ölkə başçısının Sərəncamı ilə rayonun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Silahlı Qüvvələrin hərbi qulluqçuları “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif ediliblər. Prezident İlham Əliyevin ötən il imzaladığı digər Sərəncamla 4 oktyabr – Cəbrayıl şəhəri günü kimi təsis edilib.

Cəbrayılda işğaldan azad olunmuş digər ərazilər kimi bərpa və yenidənqurma işləri davam edir. Prezidentin Şərqi Zəngəzur üzrə xüsusi nümayəndəliyindən verilən məlumata görə, bu il Cəbrayıl şəhərinə köç olacaq. Buna hazırlıq olaraq şəhərin mərkəzində yaşayış kompleksi tikilir. Kompleksdə 4-5 mərtəbəli olmaqla, 33 yaşayış binası inşa edilir. Bu binalarda 712 mənzil olacaq. Plana əsasən 2024-cü ildə inşaat işləri yekunlaşdıqdan sonra binalarda 2158 sakin yerləşdiriləcək. Bununla da, Cəbrayıl şəhərinin sakinlərinin 31 illik yurd həsrətinə son qoyulacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev dəfələrlə işğaldan azad edilmiş ərazilərə səfər edib, görülən işlərlə yaxından tanış olub. Dövlət başçımızın Cəbrayıla sonuncu səfəri 2023-cü ilin 28 sentyabrında olub. Ölkə başçısı Cəbrayıl şəhərində inzibati binanın təməlini qoyub, Cəbrayıl yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olub. Bununla yanaşı, dövlət başçısı “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını edib.

Ümumi sahəsi 7,9 hektar olan Cəbrayıl yaşayış kompleksi 33 binadan ibarətdir. Dördmərtəbəli və beşmərtəbəli binalarda ümumilikdə 712 mənzil olacaq. Onların 8-nin birotaqlı, 136-nın ikiotaqlı, 8-nin ikiotaqlı studio tipli, 392-nin üçotaqlı, 168-nin isə dördotaqlı olması nəzərdə tutulur. Birotaqlı mənzillərin sahəsi 40-50, ikiotaqlı mənzillərin sahəsi 55-90, ikiotaqlı studio tipli mənzillərin sahəsi 98-100, üçotaqlı mənzillərin sahəsi 90-108, dördotaqlı mənzillərin sahəsi isə 110-120 kvadratmetr təşkil edəcək.

Cəbrayıl şəhərində Şirvan, Lənkəran və Yevlax yaşayış kompleksləri də inşa edilir. 8 hektardan çox ərazidə 25 binadan ibarət Şirvan yaşayış kompleksinin inşasına başlanılıb. Burada 9 mərtəbəli 14, 12 mərtəbəli 11 bina inşa ediləcək. Kompleksdə 32-si studio tipli, 216-sı ikiotaqlı, 768-i üçotaqlı və 248-i dördotaqlı olmaqla ümumilikdə 1264 mənzil olacaq. Bundan başqa, 960 şagird yerlik orta məktəb binası və 80 yerlik uşaq bağçası da tikiləcək.

Tikintisi yekunlaşmaqda olan Lənkəran yaşayış kompleksində doqquzmərtəbəli 5 bina inşa edilir. Binalarda ümumilikdə 240 mənzil olacaq. Mənzillərin 32-si birotaqlı (studio tipli), 36-sı ikiotaqlı, 104-ü üçotaqlı, 68-i isə dördotaqlıdır.

Yeddimərtəbəli 6 binadan ibarət Yevlax yaşayış kompleksinin inşasına tezliklə başlanılacaq. Kompleksdə 28-i birotaqlı, 14-ü studio tipli, 84-ü ikiotaqlı, 139-u üçotaqlı, 64-ü isə dördotaqlı olmaqla ümumilikdə 329 mənzil olacaq.

Musa BAĞIRLI,

“Respublika”.