Heydər Əliyev ziyasında aydınlanan müstəqillik yolumuz
Siyasət

Heydər Əliyev ziyasında aydınlanan müstəqillik yolumuz

1993-cü il oktyabr ayının 10-da Respublika Sarayında ulu öndər Heydər Əliyevin andiçmə mərasimi olmuşdur

Azərbaycan xalqı tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır. Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq üçün, xalqın ümidlərini doğrultmaq üçün həsr edəcəyəm. Belə bir yüksək və məsuliyyətli vəzifəni üzərimə götürərək mən birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram.

Ümummilli lider Heydər Əliyevin

1993-cü il oktyabrın 10-da keçirilən andiçmə mərasimindəki nitqindən.

Azərbaycanlı olması ilə qürur duyan, tanrının yazdığı ömür payını millətinin, dövlətinin intibahına həsr edən ümummilli lider Heydər Əliyev hər zaman xalqın arasında olmuş, ondan güc almışdı. Xalqına bağlılığı, onun mənafeyini hər şeydən üstün tutması Heydər Əliyevə ümumxalq məhəbbəti qazandırmışdı. Ulu öndər xalqına bağlı olduğu kimi, Azərbaycan xalqı da dahi oğluna güvənir, ona arxalanırdı. Qarşılıqlı inam, etibarın nəticəsi idi ki, taleyin sərt sınaqlarında, enişli-yoxuşlu yollarında ümummilli lider Heydər Əliyev hər zaman xalqının arxa-dayağı olmuş, müdrik, uzaqgörən siyasəti ilə dövlətimizi yad qüvvələrin basqısından, təzyiqindən cəsarətlə, qətiyyətlə qoruya bilmişdir. İstər milli təhlükəsizlik orqanlarında işlədiyi vaxtlarda, istər 1969-1982-ci illərdə respublikamıza rəhbərliyinin birinci dövründə, istərsə də 1993-2003-cü illərdə xalqının müqəddəratının həll olunduğu zamanlarda ümummilli lider öz həyatı bahasına dövlətinin, millətinin xilaskarına çevrilmişdir.

1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli xahişi ilə respublikamıza ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycanın müasir tarixinə şanlı səhifə yazıldı. Müstəqilliyini yenicə bərpa etmiş dövlətimizi məhv olmaq təhlükəsindən xilas edən ümummilli lider 1993-cü ildən etibarən müstəqil Azərbaycanın gələcək hədəflərini müəyyən etdi, azərbaycançılıq ideologiyasının əsasını qoydu. Dahi şəxsiyyət böyük uzaqgörənliklə müstəqil dövlət quruculuğu proqramını, dövlətimizin islahat və inkişaf strategiyasını işləyib hazırladı.

1987-ci ildə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindən, Siyasi Büro üzvlüyündən istefa verən Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciənin səhəri günü Azərbaycanın Moskvadakı nümayəndəliyinin qarşısında bəyanatla çıxış edərək sovet ordusunun Bakıda törətdiyi görünməmiş vəhşilikləri, çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxiləsini pisləmiş, mərkəzi hakimiyyət orqanlarını baş verən hadisələrdə günahkar bilmişdi. Təbii ki, bundan sonra dahi Azərbaycan liderinin Moskvada qalması qeyri-mümkün idi. O, 1990-cı ilin iyul ayında Moskvadan Bakıya, sonra isə Naxçıvana qayıtdı. O zamanlar Ermənistanın işğalçılıq siyasəti nəticəsində Bakı ilə əlaqəsi kəsilən muxtar respublika böhran vəziyyətində idi. 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada millət vəkillərinin, eyni zamanda minlərlə naxçıvanlının təkidi ilə millətin xilaskarı, ümummilli lideri Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçildi. Ulu öndər ilk günlərdən nəinki muxtar respublikada, həmçinin bütün Azərbaycanda milli dövlətçiliyə inam hissini formalaşdıra bildi, qısa müddət ərzində tarixə yazılacaq mühüm əhəmiyyətə malik işlər gördü. 1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsilə ölkədə vətəndaş müharibəsi, müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gəlməsi tələbi ilə ayağa qalxdı. Respublikanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti oldu.

Oktyabr ayının 10-da Respublika Sarayında andiçmə mərasimində ulu öndər tarixinin ən mürəkkəb dövrünü yaşayan xalqının ona bəslədiyi ümidlərini doğrultmaq üçün əlindən gələni əsirgəməyəcəyini bildirdi. XX əsrin sonunun dünyada köklü dəyişikliklərə səbəb olan siyasi proseslərlə zəngin olduğunu və Azərbaycan xalqının da bu proseslərdən kənarda qalmadığını, əsrlərdən bəri arzuladığı müstəqilliyinə qovuşduğunu vurğulayan Heydər Əliyev respublikamızın müstəqilliyini bərpa etməsini tarixi hadisə, eyni zamanda xalqın nailiyyəti kimi qiymətləndirmişdi. Ümummilli lider respublikamızın müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsinin, dövlət atributlarının yaradılmasının, ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin təmin olunmasının, müharibə vəziyyətindən çıxarılmasının, xalqın rifah halının yaxşılaşdırılmasının fəaliyyətinin əsas istiqaməti olacağını və bu vəzifələrin həyata keçirilməsi üçün var qüvvəsi ilə çalışacağını bildirmişdir. Qarabağ münaqişəsinin respublika rəhbərliyinin səriştəsizliyi, eyni zamanda keçmiş sovetlər birliyinin səhvləri üzündən baş verdiyini və münaqişənin həlli istiqamətində heç bir iş görülmədiyini, nəticədə respublikada daxili sabitliyin pozulduğunu, ərazilərimizin 20 faizdən çox hissəsinin işğal olunduğunu, bəzi cinayətkar qrupların, separatçı qüvvələrin respublikanı parçalamaq cəhdinin ölkə daxilində hökm sürən böhranı daha dərinləşdirdiyini diqqətə çatdırmışdı.

Heydər Əliyev ərazi bütövlüyümüz uğrunda şəhid olan qəhrəman Azərbaycan oğullarının qanının yerdə qalmayacağını qətiyyətlə bəyan edərək xalqımızın bir amal uğrunda birləşəcəyinə, müstəqilliyinin əbədiliyini təmin edəcəyinə əminliyini ifadə etmişdir. Çıxışında müstəqil Azərbaycan Respublikasının qarşısında duran əsas vəzifələrdən biri olan demokratik dövlət quruculuğu prosesinin milli dövlətçilik ənənələrini əsasında dünya demokratiyasından, ümumi bəşəri dəyərlərdən istifadə etməklə həyata keçirilməsinin vacibliyini qeyd etmişdir. Ulu öndər ölkə iqtisadiyyatının bütün sahələrində mövcud olan acınacaqlı vəziyyəti aradan qaldırmaq üçün respublikanın daxili potensialdan səmərəli istifadə etməyin yollarından bəhs etmişdir.

Azərbaycanın bir müstəqil dövlət olaraq gələcəkdə demokratik yolla irəliləyəcəyini, beynəlxalq demokratik normalar çərçivəsində siyasət yürüdəcəyini, bundan sonra Azərbaycanın heç bir dövlətin tərkibinə daxil olmayacağını, öz müstəqilliyini daim qoruyacağını qətiyyətlə bəyan etmişdir.

Bu gün ulu öndər Heydər Əliyevin ideyalarının gerçəyə çevrilməsi müstəqil Azərbaycanın inkişafında, tərəqqisində öz əksini tapıb. Heç bir ölkədən asılı olmayaraq müstəqil daxili və xarici siyasət yürüdən dövlətimiz ulu öndərin müəyyən etdiyi yolda mətin addımlarla irəliləyir. Heydər Əliyev ziyası bu yolu aydınladır.

Mehparə ƏLİYEVA,

"Respublika".