Siyasət

"Heydər Əliyevin həyatının unikal səhifələri"

Milli mənafeyə əsaslanan dövlət siyasəti, ictimai-siyasi sabitlik, iqtisadiyyatın inkişafı, təhsil, güclü ordu quruculuğu, xalqın rifahı, milli dəyərlər Ulu Öndər Heydər Əliyevin  başlıca strateji hədəflərindən idi. Yaşadığımız reallıqların nəticəsi olaraq tam əminliklə demək olar ki,  Azərbaycan bütün bu hədəflərə nail olub. Müasir Azərbaycanın memarı Heydər Əliyev haqqında cild-cild kitablar yazılsa da, bu fenomenal şəxsiyyətin xidmətlərini əhatə etməyə yetməz. Dahi şəxsiyyətin dövləti qarşısında xidmətlərini, vətən sevgisini, ideyalarını və cəmiyyət içərisindəki səmimiyyətini əks etdirən daha bir kitab oxucu müzakirəsinə verilib.

Heydər Əliyevin yaxın silahdaşlarından biri, professor Şahlar Əsgərovun qələmə aldığı "Heydər Əliyevin həyatının unikal səhifələri" adlı kitab onun siyasi, diplomatik fəaliyyətinə və Azərbaycanın inkişafı naminə göstərdiyi əvəzsiz xidmətlərə fərqli baxış,  fərqli nəzərdir. İnsan  bu kitabı oxuduqca, sanki uzun bir yola çıxır. İllərlə aparılan siyasətin nəticəsi olaraq bu gün torpaqlarımızın işğaldan azad edilməsinə və ölkəmizdə bütün sahələrdə əldə olunan uğurlara  şahidlik edirsən. Kitabın ön söz müəllifi professor Ədalət Muradov yazır: "Zaman mənəvi dəyərləri məhv edə bilmir. Bu baxımdan, Ulu Öndərin mənəvi  dünyasının hər zərrəsinin öyrənilməsinə ehtiyac vardır. Biz daha işıqlı gələcək naminə Heydər Əliyev irsini yaşatmağa və təbliğ etməyə borcluyuq".

Ümummilli Liderin Azərbaycana rəhbərliyi dövrü ilk mərhələdən sona kimi bütün təfsilatı ilə canlı epizodlar və yaşanmış həyat həqiqətləri əsasında müfəssəl verilmişdir. Bu tarixi anların əsas motivləri isə Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi və həyata keçirdiyi mühüm inkişaf proseslərini əhatə edir. "Tarixi qayıdış" adlı yazı ilə başlayan kitab daha sonra "Heydər Əliyev dövlətimizin banisi və qurucusudur", "Heydər Əliyevin dövlətçilik ideyaları",  "Heydər Əliyev və Atatürk - tarixi missiyada oxşarlıq" və digər məqalələrlə davam edir. "Böyük cəsarət" başlıqlı yazıda isə Heydər Əliyevin 1969-cu ildə BDU-nun 50 illik yubileyində doğma ana dilində çıxış etməsindən söhbət açılır. Həmin dövr üçün böyük hünər və cəsarət tələb edən bu addımı məhz Ulu Öndər atmışdır.

Kitabı vərəqlədikcə, dahi şəxsiyyətin müsbət cəhətləri, yüksək insani keyfiyyətləri ilə tanış olur,  dünyanın  tanınmış şəxslərinin  onun haqqında dediyi qiymətli kəlamları oxuyuruq. Məşhur ukraynalı yazıçı Boris Oleynik demişdi: "Heydər Əliyev Azərbaycan millətinin atası, dünya siyasətinin patriarxıdır". Professor Şahlar Əsgərovun müqayisəli şəkildə yazdığı fikirlər bu dahi şəxsiyyətin həyatı boyu vətəni, xalqı üçün apardığı mübarizə və inkişafı xarakterizə edir. Müəllif şəxsi müşahidələri və mülahizələri əsasında yazır: "Qərbdə həyat varlı olsa belə, qeyri-insanidir. Belə ki, bütün kütləvi qırğın silahları Qərbdə icad edilib. Şərqdə mənəviyyat yüksək olsa da, qeyri-effektivdir. Deməli, ağıl və hissiyyat harmoniyada olmalıdır". Müəllifin də qeyd etdiyi kimi, ağıl və hissiyyat birləşəndə inkişafa və yüksəlişə nail olunur. Sadalanan dəyərləri özündə ehtiva edən böyük şəxsiyyət Heydər Əliyev məhz bu şəxsi keyfiyyətləri ilə ölkəmizi yüksəliş və inkişaf yoluna gətirdi. Onun dövlətçilik ideyaları siyasi varisi cənab İlham Əliyevin əzmi və iradəsi sayəsində Azərbaycanda gerçəkləşdi. Çünki Ümummilli Liderin yolunun konkret hədəfləri var idi. Bunlardan biri də "Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!".

Bu mənada, Heydər Əliyevin əsas hədəflərindən və şah əsərlərindən biri olan Qarabağın azadlığına cənab İlham Əliyevin 20 illik prezidentlik dövründə nail olduq. Ulu Öndəri Atatürklə müqayisə edən müəllifin qeyd etdiyi kimi, "türklər tarix yazmırlar, tarixi yaradırlar". Həqiqətən də bu iki şəxsiyyət möhkəm təməllər üzərində qurulmuş bir dövləti özlərindən sonra millətə, xalqa əmanət etmişlər.

Tarixi şəkillərlə daha da maraqlı və rəngarəng olan kitabda Heydər Əliyevin həm də necə həssas ruhlu insan olduğundan, incə yumorlu zarafatlarından da söhbət açılır. Müəllif onu da qeyd etməyi vacib bilmişdir ki, bəzən bu yumor və zarafatların əsasında tənqid və tutarlı eyhamlar vardı. "Heydər Əliyevin həyatının unikal səhifələri" hər bir oxucunun stolüstü kitabı olmalıdır.

Ramidə YAQUBQIZI,

"Respublika".