ABŞ-Ermənistan hərbi əməkdaşlığının pərdəarxası
Siyasət

ABŞ-Ermənistan hərbi əməkdaşlığının pərdəarxası

Hazırda Ermənistanın qərb tərəfdaşlarının əsas məqsədi Cənubi Qafqaz regionunda, daha dəqiq desək, Rusiyanın sərhədləri yaxınlığında münaqişə yaratmaqdır. Bu məsələdə Fransa ilə yanaşı, ABŞ-ın da aktiv fəaliyyəti müşahidə olunur. ABŞ Ermənistan ilə hərbi sahədə əməkdaşlığı gücləndirməklə Moskvaya gözdağı verməyə, eyni zamanda regionun ən zəif bəndi olan bu ölkədən istifadə etməklə revanşizmi gücləndirməyə çalışır. Məlum olduğu kimi, Ermənistan ilə ABŞ arasında hərbi əməkdaşlıq çərçivəsində bir qrup amerikalı mobil təlimatçısının aprelin 1-də Ermənistana səfəri baş tutub. Bu barədə Ermənistanın Müdafiə Nazirliyinin məlumatında bildirilib ki, təlimatçılar Ermənistan Respublikası Müdafiə Nazirliyinin inzibati kompleksində “Zinuc Media” dövlət müəssisəsinin və Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr İdarəsinin əməkdaşları ilə “ictimaiyyətlə əlaqələr və kommunikasiyalar sahəsində təcrübə mübadiləsi üzrə təlimlər” keçiriblər. Yeri gəlmişkən qeyd edək  ki, bu amerikalı təlimçilərin il ərzində ölkəyə ilk səfəri deyildi.

İlk baxışdan bu səfərlər rəsmi Vaşinqtonun İrəvana dəstəyi kimi görünsə də, əslində Ağ Ev Hayastandan istifadə etməklə Cənubi Qafqazla bağlı planını reallaşdırmağa çalışır. Hazırda Qərbin Rusiya ilə böyük rəqabətdə olduğunu nəzərə alsaq, ABŞ-ın Ermənistana nə üçün meyil etdiyi sualına cavab tapa bilərik. İkinci Qarabağ savaşındakı məğlubiyyətdən sonra Nikol Paşinyan hakimiyyəti ilə Kreml arasında soyuq küləklər əsdiyi bütün dünya ictimaiyyətinə məlumdur. Ermənistan tərəfi rəzil məğlubiyyətinə görə Rusiyanı ittiham edir, ölkə əleyhinə bəyanatlar verirdi. Şübhəsiz, bu Qərbin öz məkrli planını icra etmək üçün əlverişli şəraitin yetişdiyinə işarə idi. Belə olduğu təqdirdə, ABŞ dərhal hərəkətə keçdi və özünü Hayastanın “dostu” kimi qələmə verməyə başladı. İşin ən maraqlı tərəfi isə odur ki, artıq Ermənistan rəsmiləri də Rusiyanı açıq şəkildə ittiham edirlər.

Xatırladaq ki, baş nazir Nikol Paşinyan ötən il sentyabrın əvvəlində İtaliyanın “La Republica” qəzetinə müsahibəsində demişdi ki, Ermənistanın yalnız Rusiyaya bel bağlaması strateji səhvdir və Rusiya regionu tamamilə tərk edə bilər. Əslində, erməni  baş nazir bununla Qərbin planlarının icrasına başladığını etiraf etmişdi. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın cavabı da beynəlxalq ictimaiyyətin marağına səbəb olmuşdu. Rusiya XİN sözçüsü bu zaman “pis rəqqas” haqqında məsəli yada salaraq Ermənistan parlamentinin spikeri Alen Simonyanın da Rusiyanı tənqid etməsini xatırlatmışdı. Simonyan isə bunun müqabilində “hansısa katibəyə” cavab verməyəcəyini bildirmişdi. Bəhs etdiklərimizdən bu nəticəyə gəlmək mümkündür ki, Ermənistanın ABŞ-la əməkdaşlığı gücləndirməsi Rusiyanı qıcıqlandırır. Nilol Paşinyan isə ABŞ-a, eləcə də Qərbə uymaqla Hayastanı məhvə sürüklədiyini anlamır. Rəsmi Vaşinqton İrəvanla əməkdaşlığı genişləndirməklə Cənubi Qafqazda da “Ukrayna” planını reallaşdırmaq istəyir. Hələ Rusiya-Ukrayna müharibəsi başlamazdan əvvəl Qərbin rəsmi Kiyevə boş vədlər verdiyi, sonda isə onu meydanda Rusiya ilə tək qoyduğu heç kəsə sirr deyil. İndi isə növbə Ermənistana çatıb. Bu gün Ermənistan regionda işğalçı ölkə kimi tanındığına görə qonşuları ilə münasibətləri heç də ürəkaçan deyil. Ona görə də Qərbə yönəlməklə Nikol Paşinyan müəyyən üstünlük əldə edəcəyinə inanır. Amma Qərbin sadəcə Ermənistandan öz maraqları naminə istifadə etdiyini, həmçinin ABŞ-ın Hayastan vasitəsilə Rusiyaya zərbə vurmaq istədiyini nəzərə alsaq, yekun nəticənin İrəvan üçün yaxşı olmayacağı labüddür.

Nəzrin ELDARQIZI,

“Respublika”.