Qərb qonşumuzun xəyalları suya düşəcək
Siyasət

Qərb qonşumuzun xəyalları suya düşəcək

Paşinyan utopik xarakterli fikirlər irəli sürməyə davam edir. Sülh prosesindən yayınmaq üçün atdığı addımlar getdikcə daha çox gülünc vəziyyət yaradır.

Ötən günlərdə Tbilisidə Gürcüstan, Azərbaycan və Ermənistan baş nazirlərinin iştirakı ilə keçirilən IV İpək Yolu Beynəlxalq Forumunda Nikol Paşinyan sülh üçün tezislərini səsləndirib. Ortaya atılan fikirlər isə heç də təəccüblü deyildi. Bütün bunlar Nikol Paşinyanın dəfələrlə səsləndirdiyi, lakin əməl etmədiyi söz yığınlarından ibarətdir. Paşinyan "Sülhün kəsişməsi" adı altında təqdim etdiyi layihədə regional kommunikasiyaların açılmasını, fəal iqtisadi, siyasi və mədəni məsələləri vahid paketdə göstərib.

İrəvan rəsmisi bildirib: "Cənubi Qafqaza sülh lazımdır, ölkələr açıq sərhədlərlə yaşayırlar. Ölkələr fəal iqtisadi, siyasi, mədəni və insan əlaqələrilə bağlıdır, bütün məsələlərin diplomatik və dialoq yolu ilə həlli üzrə təcrübə və ənənələri toplayıblar. Bütün bunlar yollar olmadan mümkün deyil. Bu layihənin əsas mənası Ermənistan, Türkiyə, Azərbaycan və İran arasında kommunikasiyaların inkişafıdır".

30 ilə yaxındır Cənubi Qafqazda bütün kommunikasiyaları məhv edən, iflic vəziyyətinə salan Ermənistan birdən-birə yüz kilometrlərlə yolların, dəmiryolunun çəkilməsini istəyir. Lakin bütün bunlara baxmayaraq, Qərb qonşumuz region üçün ən optimal variant olan Zəngəzur dəhlizinə isti yanaşmır. Əksinə, yeni yol, yeni əlaqələrin mövcudluğunu vurğulayır. Paşinyan Zəngəzur dəhlizi layihəsinin adını çəkmir, hazırkı reallığı qəbul etməkdən boyun qaçırır. Sadəcə ümumi fonda regional kommunikasiyaların açıq olmasının vacibliyindən bəhs edir. Paşinyanla yanaşı, Ermənistanın siyasi elitası da Zəngəzur dəhlizini qəbul etmək istəmir. Bu layihənin mövcudluğunu unudaraq müddəalar irəli sürürlər. Buna əsasən ötən gün "Mülki müqavilə" fraksiyasının katibi Artur Hovhannisyan bildirib: "Sülhün kəsişməsi" Ermənistan Respublikasının xüsusilə region ölkələrinə etdiyi sülh qətnaməsinin təklifidir. Və ümid edirik ki, xüsusilə region ölkələri bizim təklifimizi bütün məsuliyyət və ciddiliklə öyrənəcək və regionda sülhün bərqərar olması üçün Ermənistan Respublikasının təqdim etdiyi təklifinə müsbət yanaşacaqlar".

İllərdir Naxçıvanı blokada vəziyyətində saxlayıb, sabotajlıq edib. İrandan dəmiryolu xətti çəkmə planları suya düşən Ermənistan özü də etiraf edib ki, bu layihələri həyata keçirmək üçün vəsaitləri olmayıb. Lakin indi yeni layihələrdən söz açır. Maraqlıdır Ermənistan bunları hansı maliyyə ilə həyata keçirmək istəyir?

Ermənistan cari ili sürünə-sürünə yola verib. Ekspertlər bildirirlər ki, cari ilin birinci rübündə ÜDM-in artımı 11.2 faiz idisə, ilin sonuna qədər bu rəqəm 7.2% təşkil edəcək. Bununla yanaşı, son dövrlər Rusiya ilə münasibətlərin getdikcə kəskinləşməsi Ermənistan iqtisadiyyatını ikiqat zəiflədib. Belə ki, Ermənistanda 40-dan çox konyak istehsalçısı var və onun məhsulunun 95 faizi Rusiya bazarına ixrac edilir. Lakin hazırda Rusiya gömrük xidmətində Ermənistandan gələn məhsullara ciddi nəzarət edilir. Rəsmi Moskvanın gömrük nəzarətçiləri konyak daşıyan yük maşınlarını gömrükdə saxlayır, hər birindən nümunə götürürlər. Ekspertizanın nəticələrinin isə 1-2 ay ərzində çıxacağı bildirilir. Ermənistandan ixrac edilən mallara bu kimi maneələr törədilməsi onun iqtisadiyyatını daha da pisləşdirir. Bu mənada, Paşinyanın ideyasının reallaşacağı inandırıcı deyil. Zəngəzur dəhlizi layihəsi var ikən, mürəkkəb relyefli coğrafiyada yüz kilometrlərlə yolların, dəmiryolunun çəkilməsini istəməsi Qərb qonşumuzun xəyallar qurmasından xəbər verir.

Bundan başqa, Paşinyanın yeni layihəsi Fars Körfəzi-Qara dəniz marşrutunun birləşdirilməsinə yönəlib. Bu isə Azərbaycanın Zəngəzur dəhlizi layihəsinin strateji əsasları ilə üst-üstə düşmür. Müstəqillik qazanandan bəri başqa dövlətlərin hesabına yaşamağa öyrəşən Ermənistan öz həmkarlarının istəkləri ilə hərəkət edir. Elə onların da məqsədi Zəngəzur dəhlizi layihəsini kənarda qoymaq üçün Fars Körfəzi-Qara dəniz xəttini reallaşdırmaqdır. Lakin bütün bunlar Azərbaycanın təklif etdiyi daha sadə seçim olan Zəngəzur dəhlizinin açılması məsələsinə tamamilə ziddir.

Görünür, Ermənistanın Rusiyanı kənarda qoyaraq, regiona özünün yeni tərəfdaşlarını çəkmə planı qısa müddətdə suya düşəcək. İşinin böyük hissəsi Rusiyadan keçən Ermənistan regionda rəsmi Moskva olmadan qərar qəbul edə bilməz. Qərb qonşumuzun növbəti utopik xəyalları da beləcə heç bir nəticə vermədən sona çatacaq. Ermənistan başa düşməlidir ki, öz iqtisadiyyatını, insanlarının rifahını yaxşılaşdırmağın tək yolu əməldə də sülhə addım atmaqdır.

Töhfə SƏMƏDOVA,

"Respublika".