Hindistan-İran-Hayastan işbirliyi Cənubi Qafqazda sabitliyə təhlükədir
Digər xəbərlər

Hindistan-İran-Hayastan işbirliyi Cənubi Qafqazda sabitliyə təhlükədir

Cənubi Qafqaz qlobal güclərin maraqlarının kəsişdiyi regiondur. Regional sabitlik və inkişafın təmin edilməsi üçün kənar qüvvələrin hər vəchlə regiona müdaxilə cəhdlərinin qarşısı alınmalıdır. Xüsusilə, Ermənistan kimi oyuncaq bir dövlətin havadarları öz mənafeləri üçün yeni münaqişə ocaqları yaratmaq niyyəti güdürlər. Digər tərəfdən də, Ermənistanın şirnikləşdirilməsi prosesi özünü göstərir. Regional lider olan Azərbaycanın qüdrətindən ehtiyat edən məkrli qüvvələr Cənubi Qafqazı dünyanın "qaynar nöqtə"lərindən biri kimi saxlamaq niyyətindədirlər. Vətən müharibəsi zamanı kapitulyasiya aktına imza atmış Ermənistan isə yaranmış xaotik vəziyyəti daha da qəlizləşdirir. Kobud müdaxilə cəhdləri hazırda birmənalı şəkildə yalnız Ermənistan üzərindən reallaşdırılmaqdadır.

44 günlük Vətən müharibəsi ərzində və ondan sonrakı dövrdə də Ermənistana silah tədarükü ilə bağlı yardım edilmədiyinə görə Rusiyanı ittiham edən, həmçinin bu ölkəyə silah ixracının qarşısını aldığına görə Azərbaycanı günahlandıran Paşinyan Hindistandan istədiyi dəstəyi alır. Belə ki, iyulun 26-da sosial şəbəkələrdə Nordüz (İran) sərhəd-keçid məntəqəsindən Ermənistana avtomobil kolonunun hərəkəti qeydə alınıb. İrandan Ermənistana daşınan hərbi təyinatlı yük İranın Bəndər-Abbas limanına çatdırılıb.

İki ölkə arasındakı hərbi əməkdaşlıq əlaqələrinin genişlənməsi Cənubi Qafqazın destabilliyinə hesablanmış addımdır. Milyonlarla dollarlıq silah-sursat tranziti paketinə Hindistanın yerli istehsalı olan "Pinaka" reaktiv yaylım atəşi sistemləri, eləcə də tank əleyhinə raketlər və s. daxildir. Azərbaycan Prezidenti İlham Əliyev mayın 19-da Hindistan Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhananın etimadnaməsini qəbul edərkən bildirdiyi kimi: "əgər doğrudan da Ermənistan Azərbaycan ilə sülh istəyirsə, onda nə üçün 100 milyonlarla dollar dəyərində silah alır?". Azərbaycan Prezidenti vurğulayıb ki, bu siyasət bölgə üçün yeni təhdidlərə gətirib çıxara bilər. Xatırladaq ki, Ermənistan mətbuatı Hindistanda dərc olunan "The Economic Times" nəşrinə istinadən hərbi əməkdaşlıq paketinin bəzi detallarını açıqlamışdı. Məlumata görə, İrəvanla Dehli arasında hərbi anlaşma ötən il sentyabrın əvvəllərində imzalanıb. Sənədin şərtlərinə əsasən, Hindistan Ermənistana ilkin olaraq təxminən 250 milyon dollarlıq silah tədarük edəcək. Qeyd edək ki, Hindistan 2020-ci ildə bu ölkəyə təxminən 40 milyon dollar dəyərində dörd "Swathi" əks-batareya radarı göndərmişdir.

Rusiya-Ukrayna müharibəsinin gətirdiyi yeni reallıqlar Cənubi Qafqazda potensial güc vakumunun yaranmasına səbəb oldu. Bu, Hindistan üçün də yeni "fürsətlər" yaradır və bu imkanların dəyərləndirilməsi onun həm öz geosiyasi rəqiblərinə qarşı cavab xarakteri daşıyır, həm də geoiqtisadi layihələrinin həyata keçirilməsi şansı verir. Belə ki, Türkiyə və Pakistanın aktiv şəkildə Azərbaycanı dəstəkləməsi və Ermənistanın Çin tərəfindən həyata keçirilən nəhəng logistika və infrastruktur layihələrindən kənarda qalması kimi faktları nəzərə alaraq Hindistan Cənubi Qafqazda siyasi, iqtisadi və hərbi rolunu gücləndirməyə çalışır. Bu mənada, Hindistan hakim dairələrinin Cənubi Qafqaz siyasəti mahiyyətcə Türkiyə-Pakistan tandemini pozmaq və Kəşmir başda olmaqla digər regional məsələlərdə öndə olmaqdır. Belə olduğu halda, oyuncaq dövlət olan Ermənistan həm özünə hərbi dəstəyi cəlb etmiş olur, həm də digər tərəflərin Cənubi Qafqaza müdaxiləsini təmin edir.

Son zamanlar Hindistanla hərbi-siyasi yaxınlaşma özünü büruzə versə də, İranla Ermənistan arasında "səmərəli" hərbi-siyasi əlaqələr daim mövcud olmuşdur. Hindistan-Ermənistan münasibətlərində İran faktoru da əhəmiyyətli rol oynayır. Hindistan-İran-Ermənistan üçbucağında logistik dəstək məhz İran tərəfindən verilir. İran Hindistan və Ermənistan arasında coğrafi konnektor rolunu oynayır. Digər tərəfdən, İran Ermənistana pilotsuz uçuş aparatları tədarük edir, həmçinin Ermənistanda hərbi kadrların hazırlanmasına da dəstək verir. İran zabitləri Ermənistana gələrək burada müxtəlif poliqonlarda tədarük etdikləri texnikaların parametrlərini yerli hərbçilərə öyrədir və onlarla döyüş hazırlıqları aparırlar. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, həm Ermənistan, həm də Hindistanla çox yaxın əlaqələri olan İranın hakim dairələrinin və təhlükəsizlik orqanlarının bu prosesdə hər hansı formada iştirakı növbəti erməni təxribatlarına zəmin yaradır.

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşdə Ermənistanla Hindistan arasında hərbi əməkdaşlığın dərinləşməsi və bu xüsusda son günlər mediada Hindistan istehsalı olan silah sistemlərinin İran vasitəsilə Ermənistana daşınması barədə foto və videoların yayılmasının Azərbaycan tərəfində narahatlıq doğurduğunu bildirib. Vurğulayıb ki, Hindistanın bu ölkəyə öldürücü silahlar tədarük etməsi vəziyyətin gərginləşməsinə yol açır və Cənubi Qafqaz regionunda davamlı sülhün və təhlükəsizliyin bərqərar olmasına maneələr törədir. Bununla yanaşı, Hindistanın özünün bəyan etdiyi beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasəti, eləcə də bu ölkənin də təmsil olunduğu Qoşulmama Hərəkatının tarixi "Bandunq prinsipləri" ilə uyğun gəlmir.

"Yeni müharibələr, yeni ərazilər" şüarları ilə məğlubiyyətə uğrayan və sonda "Qarabağ Azərbaycandır" deyən Nikol Paşinyan və onun komandasının revanşist hissləri Ermənistanı məhvə aparır. Baş verənlər bir daha Ermənistanın konstruktiv addımlar atmadığına, beynəlxalq nəzəri aldatdığına dair əyani sübutdur. Dəfələrlə beynəlxalq səviyyədə keçirilən danışıqlardan sonra erməni təxribatlarına, regional tarazlığı pozma cəhdlərinə şahid olmuşuq. Silah-sursat tədarükü Ermənistanın müharibə hazırlıqlarının yalnız bir istiqamətidir.

Nurlan ABDALOV,

"Respublika".