Humanitar yardım, yoxsa letal silahlar?..
Siyasət

Humanitar yardım, yoxsa letal silahlar?..

Qərbin Cənubi Qafqaz sevdası bitib-tükənmək bilmir. Fransadan sonra indi də sıra ABŞ-dadır. Həmişə münaqişələri alovlandırmağa çalışan Ağ Ev bütün bu addımları bilərəkdən, planlı şəkildə atır. Qarabağ məsələsində istədiyi nəticələri ala bilməyən ABŞ indi də diqqətini Rusiya-Ukrayna müharibəsinə çevirib. Rəsmi Vaşinqton Ukraynada hərbi münaqişənin sona çatmasında maraqlı deyil və əlindən gələni edir ki, məsələ daha da uzansın. Onu da qeyd edək ki, məhz bu siyasəti ABŞ müharibədən illər öncə yürütməyə başlayıb. Prezident Trampın dövründə Ağ Ev Ukraynaya silahlar göndərib. Donald Trampın administrasiyası Ukraynaya letal (ölümcül) silahların, həmçinin "Javelin" tank əleyhinə raketlərin verilməsini dəstəkləyib. Söhbət ümumi dəyəri 47 milyon dollar olan 210 tank əleyhinə raket və 35 raket sistemindən gedir. Daha əvvəl isə Dövlət Departamenti "Barrett M107A1" böyük kalibrli snayper tüfəngləri, həmçinin onlar üçün döyüş sursatları və ehtiyat hissələrinin ixracına icazə verən ticarət lisenziyasını verib. Onların ümumi dəyəri 41,5 milyon dəyərində qiymətləndirilirdi.

2017-ci il dekabrın 22-də ABŞ Dövlət Departamentinin nümayəndəsi Hezer Nauert bildirib ki, Vaşinqton ərazi bütövlüyü və müstəqilliyin müdafiəsinin təminatı üçün Ukraynaya müdafiə silahlarının çatdırılması haqqında qərar qəbul edib. Dekabrın 13-də isə Kanada hökuməti Ukraynanı letal silah ixrac edən ölkələrin siyahısına daxil edib.

Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin həmin dövrdə bildirib ki, ABŞ və Kanada Kiyevə silah göndərilməsi haqqında qərar qəbul edərək "Pandora yeşiyi"ni açır və faktiki olaraq, Ukraynanın tərəfində münaqişəyə daxil olurlar. Bununla da münaqişəni yenidən alovlandırır və onu beynəlmiləlləşdirirlər.

Burada əsas məqamlardan biri də odur ki, Rusiya ABŞ-ın geosiyasi rəqibidir. Buna görə də xaricdən idarəetmə yolu ilə Vaşinqton hərbi münaqişəni bütün mümkün vasitələrlə alovlandırır. Burada ABŞ özü üçün şərait yaradır ki, hər mənada faydalansın. Ağ Ev Avropanı Rusiyanın enerji resurslarından məhrum edib və ən gəlirli sahəni özününküləşdirib. Baha qiymətə öz neftini və qazını avropalılara satır, nəticədə də milyardlar qazanır.

"Demokratiyanın beşiyi" ABŞ iki ölkə arasında heç bir vəchlə sülhə doğru irəliləyişə imkan vermir. Hazırda dövlət kimi məhv olmağın bir addımlığında dayanan Ukraynanın düşdüyü durum göz önündədir; iqtisadiyyat məhv edilib, şəhər və kəndlər dağıdılıb, insan tələfatı davam edir, vaxtilə varlı ölkə xaricdən gələn maliyyənin, yardımın ümidinə qalıb. Bu isə hər mənada ABŞ-ın xeyrinədir. Təsadüfi deyil ki, amerikalı nümayəndələr özləri də etiraf edir ki, Rusiya-Ukrayna müharibəsi Ağ Ev nə vaxt istəsə, o zaman sona çatacaq. Ötən aylarda ABŞ-ın "Maine" Universitetinin vitse-prezidenti Lizzi Vahab bildirib ki, müharibənin bitməsi üçün kilid nöqtə ABŞ-dakı növbəti prezident seçkiləridir: "Ruslar uzun bir oyun oynayırlar, ABŞ soyuq müharibədən bəri bir çox sanksiyalar həyata keçirib, lakin Rusiya hələ də gücə sahibdir. Mən sanksiyaların bu rəqəmsal dünyada irəliyə doğru yol olduğuna əmin deyiləm. Müharibənin nə vaxt bitəcəyinə gəldikdə isə bu, ABŞ istədiyi vaxt mümkün olacaq. Danışıqlar sadəcə bir prosesdir", - deyə o əlavə edib.

İllərdir Ukraynaya dəstək verən ABŞ qalib gələ bilməyəcəklərini anlayıb, indi də rəsmi Kiyevi məğlubiyyətə uğradır. Amerikanın nüfuzlu "Foreign Affairs" jurnalı Ukrayna ilə bağlı müharibə fonunda ölkənin faktiki təslim olmasından bəhs edən yeni məqalə dərc edib. Yazıda atəşkəsin zəruri olduğu və Rusiyanı məğlub etməyin mümkün olmayacağı əsas gətirilib. Amerikalı ekspert kimi, jurnal da atəşkəs və ərazi danışıqlarının perspektivlərini 2024-cü il ABŞ prezident seçkilərindən sonra yaxşılaşa biləcəyini bildirir. Lakin xatırladaq ki, seçkilərə hələ bir il var. Jurnal, həmçinin Vaşinqton hərbi-siyasi reallıqlarını əks etdirən yeni strategiyaya keçmək üçün Ukrayna ilə işləməyə başlamalı olduqlarını da qeyd edib. Qərbin ikiüzlü siyasətinin növbəti nümunəsi də məhz burada özünü büruzə verir. Ağ Evin əhvali-ruhiyyəsini əks etdirən jurnal nəticə etibarilə beynəlxalq ictimaiyyəti Ukraynanın təslim olması faktı ilə üzləşməyə hazır olmağa səsləyir. Müddəti də bir il qoyur. ABŞ öz maraqlarına əsasən belə fikirləşib və qərara gəlib. Qərbin artıq maraqlarına uyğun gəlməyən rəsmi Kiyev ABŞ üçün bir oyuncağa çevrilib. Ərköyün uşaq kimi istədiyini əldə etməyə çalışan, alınmadıqda isə ortalığı qarışdıran ABŞ-ın könlündəki Cənubi Qafqaz sevdası elə xülya olaraq da qalacaq. Yaxın Şərqdə mövcud olan məsələlər minlərlə kilometr uzaqdakı bir ölkənin istəyinə əsasən formalaşmır, nə də ki, sona çatmır. Əgər ABŞ bu işdə maraqlıdırsa, iki dövləti də dəyirmi masa ətrafında toplayıb sülhə dəvət etməlidir. Yox əgər belə deyilsə, o zaman Cənubi Qafqazda baş verən məsələlərə müdaxilə etməməlidir.

Töhfə SƏMƏDOVA,

"Respublika".