İdmançılarımızın uğur estafeti davam edir
İdman

İdmançılarımızın uğur estafeti davam edir

Onların Konyada qazandıqları qələbələr xalqımızı daha da sevindirir

"Bu dəfə bu Oyunlar Bakıdan sonra Konyada keçirilir, qardaş ölkədə keçirilir. Əminəm ki, siz özünüzü burada evinizdəki kimi hiss edirsiniz. Əlbəttə ki, bu Oyunların Türkiyədə keçirilməsi bizim üçün əlavə imkanlar yaradır. Əlbəttə, biz çox şadıq ki, bu Oyunlar qardaş Türkiyədə keçirilir. Əminəm ki, bu Oyunlar həm idman bayramı, həm də İslam həmrəyliyi bayramı kimi yadda qalacaq". Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşündə dövlət başçımız bildirib.

Cənab Prezident onu da qeyd edib ki, ilk dəfə olaraq Azərbaycan idmançıları İslam Həmrəyliyi Oyunlarında qalib ölkəni təmsil edəcəklər. Bu, hamımız üçün böyük qürurverici hadisədir. Çünki biz artıq müzəffər xalqın nümayəndələri, qalib ölkənin nümayəndələri kimi bu Oyunlarda iştirak edəcəyik. Döyüş meydanlarında əldə edilmiş Qələbə idman yarışlarında da özünü əks etdirəcək: "Bir sözlə, əziz idmançılar, mən sizi ürəkdən salamlayıram, sizə uğurlar arzulamaq istəyirəm. Əminəm ki, hər zaman olduğu kimi, Azərbaycanın idman bayrağı, idman şöhrətimiz yüksəklərdə olacaq və siz Vətənə qələbələr, müvəffəqiyyətlər, uğurlarla qayıdacaqsınız".

Avqustun 9-da start verilən V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və digər dövlət və hökumət başçıları birgə izləyiblər. V İslam Həmrəyliyi Oyunları 2021-ci ilin sentyabrında keçirilməli idi. Daha sonra pandemiya ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun hesab olunmuşdu. Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır. Açılış mərasimində Azərbaycanın üçrəngli bayrağını atlet Nazim Babayev və voleybolçu Ayşən Abduləzimova apardılar. Nazim Babayev Avropa çempionu, IV İslam Həmrəyliyi Oyunlarının qalibi, Qış Universiadasının ikiqat qalibi, Yeniyetmələrin Yay Olimpiya Oyunlarının bürünc medalçısıdır. Ayşən Abduləzimova isə qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı, "Çağırış" kubokunun, "Qızıl Avropa" liqasının və IV İslam Həmrəyliyi Oyunlarının qalibidir. Dörd ildən bir keçirilən beynəlxalq idman tədbiri İslam Həmrəylik Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin idmançıları iştirak edir. Təşkilata üzv olan ölkələrin qeyri-müsəlman vətəndaşlarına da oyunlarda iştirak etməyə icazə verilir. Oyunların məhz Konyada keçirilməsi təsadüfi deyil. Qədim tarixi olan Konya şəhəri həm də İslam sivilizasiyasının mühüm mərkəzlərindən sayılır. Böyük təsəvvüf şairlərindən olan Cəlaləddin Ruminin türbəsi zahidlər üçün ziyarətgahdır. Ümumiyyətlə, Konya müxtəlif mədəniyyətlərin bir araya gəldiyi harmonik ruha sahibdir. V İslam Həmrəyliyi Oyunları zamanı "Azərbaycan günü"nün keçirilməsi iki qardaş və müttəfiq ölkələrimizin əbədi və sarsılmaz birliyinin növbəti parlaq təcəssümünə çevrildi. Qeyd etmək lazımdır ki, IV İslam Həmrəyliyi Oyunları 2017-ci ildə Azərbaycanın paytaxtı Bakıda keçirilib və koronavirusla əlaqədar uzun müddətlik fasilədən sonra nəhayət, qardaş Türkiyədə, tarixi Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarına şahidlik edirik. Azərbaycan Oyunlara 200-dən artıq idmançıdan ibarət böyük heyətlə qatılıb. Heyətimizdə Olimpiya çempionları, bir neçə qat dünya çempionları, eləcə də öz potensialını bütün dünyaya göstərmək istəyən gənc idmançılar var. Onlar öz güclərini dünyaya uğurla və ləyaqətlə nümayiş etdirirlər.

Azərbaycan millisi Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ilk günü ilk medalını qazanıb. Çəkicatma yarışlarında çıxış edən Anna Skidan bütün rəqiblərini qabaqlayaraq qızıl medala sahib olub. "Əminəm ki, idmançılarımız bu dəfə də gözəl nəticə göstərəcəklər. Artıq birinci qızıl medalımız var. Komandanı bu münasibətlə təbrik etmək istəyirəm". Bu barədə Prezident İlham Əliyev avqustun 9-da Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edən idmançılarla görüşdə deyib. Ölkə başçısı qeyd edib ki, Oyunlar davam edir və bu yüksək nəticə digər idmançılar üçün də gözəl bir stimul olacaq. Belə də oldu. İdmançılarmız medalların sayını uğurla artırdılar. İkinci medalımız bürünc oldu. Taekvondo yarışlarının ilk günü, 58 kq çəki dərəcəsində yarışan Həşim Məhəmmədov yarımfinalda uduzaraq bürünc medalla kifayətləndi. Azərbaycan üzgüçüsü İslamiadada gümüş medala layiq görülüb. Komandamızın üzvü Məryəm Şeyxəlizadəxangah 50 metr məsafəyə batterflay üsulla üzmə yarışlarında gümüş medal qazanıb. Sablya növündə qadınların şəxsi yarışına yekun vurulub. Finalda Azərbaycan sablyaçısı Palina Kaspiaroviç Türkiyə təmsilçisi İrina Şçuklaya 14:15 hesabı ilə uduzaraq gümüş medala layiq görülüb. Yarımfinalda Palina Kaspiaroviçə 9:15 hesabı ilə məğlub olan Səbinə Kərimova və İrina Şçuklaya 10:15 hesabı ilə uduzan Valeriya Bolşakova isə 5-ci İslam Həmrəyliyi Oyunlarının bürünc medalını qazanıblar. Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət bədii gimnastika üzrə qrup hərəkətləri komandamız V İslamiadada qızıl medal qazanıb. Ağırlıqqaldırma üzrə 102 kiloqram çəki dərəcəsində körpücük üzərinə çıxan Dadaş Dadaşbəyli birdən qaldırmada (174 kq) gümüş medala sahib olub. Qadın həndbolçulardan ibarət Azərbaycan millisi V İslam Həmrəyliyi Oyunlarında üçüncü olub. Azərbaycan güləşçiləri İslamiadanı 8 qızıl, 8 gümüş və 7 bürünc medalla başa vurub.

V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın qadın voleybolçularından ibarət millisi üçüncü yeri tutub. Komandamız bürünc medal uğrunda Kamerunla mübarizə aparıb. Görüş Azərbaycan komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb. Kişi voleybolçulardan ibarət Azərbaycan millisi isə dördüncü olub. V İslam Həmrəyliyi Oyunları davam edir. Üzgüçülük yarışlarında üç təmsilçimiz finala vəsiqə qazanıb.

Beləliklə, V İslamiadada Azərbaycan medal sıralamasında yenidən dördüncü pilləyə yüksəlib. Oyunların doqquzuncu gününün yekunlarına görə Türkiyə medal sıralamasında liderliyini davam etdirir. Oyunlarda Türkiyə idmançıları 89 qızıl, 80 gümüş və 60 bürünc medal qazanıblar. Azərbaycan hələlik 19 qızıl, 25 gümüş və 19 bürünc olmaqla 63 medalla dördüncü pillədədir.

Mustafa KAMAL,

"Respublika".