İğdırda Şuşa adlı uşaq bağçası istifadəyə verilib
Diaspora

İğdırda Şuşa adlı uşaq bağçası istifadəyə verilib

Türkiyənin İğdır şəhərindəki Topçular məhəlləsində tikintisi başa çatmış yeni məktəbəqədər təhsil müəssisəsinə Şuşa adı verilib.

Şuşa adlı uşaq bağçasının açılmasına münasibət bildirən vali Hüseyn Engin Sarıibrahim bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra azadlığına qovuşan Qarabağın Şuşa şəhərində Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayyib Ərdoğanla İlham Əliyevin imzaladıqları Şuşa Bəyannaməsi dünyaya çox anlamlı mesajlar verdi. Hər iki ölkə liderlərinin qətiyyətli qərarları iki qardaş ölkənin birgə inkişafını təmin etdi: "Bu il Şuşa şəhəri türk dünyasının mədəniyyət paytaxtı elan edilib. Heydər Əliyev Fənn Liseyinin qarşısında Şuşa adlı uşaq bağçasının olması gözəl fikirdir. Şuşa Uşaq Bağçası şəhərimizə xeyirli olsun!", - deyə vali söyləyib.

"Bir millət, iki dövlət" liderlərinin dosta güvən, düşmənə qorxu yaşatdığını xatırladan "Yeşil İğdır" qəzetinin baş redaktoru Cabbar Şıktaş qeyd edib ki, Xocalı bizim ağrılarımızın ərşə çıxmasının rəmzi, Şuşa isə qələbəmizin, Vətən uğrunda gözlərini qırpmadan şəhadətə yüksələn igidlərimizin qəhrəmanlığının rəmzidir.

Qeyd edək ki, Topçular məhəlləsində inşa edilmiş Şuşa Uşaq Bağçası 8 sinif otağından ibarətdir.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.