İki qardaş ölkə: çoxtərəfli faydalı əməkdaşlıq
Siyasət

İki qardaş ölkə: çoxtərəfli faydalı əməkdaşlıq

Azərbaycanla Qazaxıstan arasında əlaqələrin daha da möhkəmlənməsi və genişlənməsi öz töhfəsini verir

"Bizi təkcə Xəzər dənizi ayırır. Amma bu gün o da əngəl deyil, əksinə, Xəzər təkcə ölkələrimiz arasında yox, həm də bir çox ölkələr arasında körpüdür, çünki Trans-Xəzər nəqliyyat dəhlizi bu gün öz potensialını tam şəkildə açır. Qarşılıqlı fəaliyyətimizin və birgə işimizin nəticələri, ən başlıcası, gələcək planlarımız həqiqətən də böyükdür". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev martın 11-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata bəyanatında bildirib.

Dövlət başçısı qeyd edib ki, son ilyarım ərzində Qazaxıstana dörd dəfə səfər etmişəm, həmçinin bu dövrdə Qazaxıstan Prezidenti üçüncü dəfədir ki, ölkəmizə gəlir. Bu gün, eyni zamanda fikir mübadiləsi çərçivəsində cari ilin sonunadək qarşıdakı səfərlərlə bağlı razılıq əldə etdik. Yəni belə dinamik qarşılıqlı fəaliyyət özlüyündə mənzərəni aydın göstərir. Biz təkcə mühüm ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərini müzakirə etmirik, həmçinin regional problematika, regionumuzda təhlükəsizlik sistemi ilə bağlı olan məsələlərə də toxunuruq. Qazaxıstan lideri bildirib ki, Azərbaycanın nüfuzu durmadan artır, bu, həm iqtisadiyyatda, həm də beynəlxalq siyasətdə baş verir. Əlbəttə, Qazaxıstan COP29-un müvafiq səviyyədə keçirilməsini dəstəkləyir və bu son məqsədə nail olmaq üçün lazımi səylər göstərəcəkdir. Hər halda mən Sizin dəvətinizlə həmin tədbirdə şəxsən iştirak etməyi planlaşdırıram.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə rəsmi səfəri çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflər barədə aydın təsəvvür yaradır. Səfər ölkələrimiz üçün böyük əhəmiyyət daşıyır. İki ölkə liderinin xidmətləri sayəsində bu gün Azərbaycanla Qazaxıstan arasında münasibətlər çox yüksək səviyyədədir. Bu səfər xalqlarımız arasında dostluq və qardaşlığın növbəti təzahürüdür və əlaqələrin daha da möhkəmlənməsinə, genişlənməsinə öz töhfəsini verəcək. Artıq Azərbaycanla Qazaxıstan təkcə strateji tərəfdaşlar deyil, həm də müttəfiq dövlətlərdir.

Azərbaycan və Qazaxıstanı ortaq tarixi kök və mədəniyyətlə bərabər, mehriban qonşuluq münasibətlərini daha da inkişaf etdirmək səyləri birləşdirir, qarşılıqlı ticari-iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində ardıcıl addımlar atılır. İki qardaş ölkə bu gün bütünlükdə region üçün əhəmiyyət kəsb edən birgə iri layihələri həyata keçirir. Buraya Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişafı, Çin-Avropa rəqəmsal dəhlizinin bir hissəsi olan fiber-optik rabitə xəttinin çəkilməsi daxildir. Ölkələrimiz arasında münasibətlər hər zaman strateji tərəfdaşlıq və müttəfiqlik xarakteri daşıyır. İqtisadi münasibətlərin mərkəzində ticarət əlaqələri əsas yer tutur. Lakin iki ölkə arasındakı əlaqələrin ən önəmlisi, strateji xarakter daşıyanı - Qazaxıstan neftinin, gələcəkdə isə Qazaxıstan qazının Azərbaycan üzərindən Avropa bazarlarına nəql edilməsi olacaqdır.

Qeyd etmək lazımdır ki, Qazaxıstan Azərbaycanla ikitərəfli və Rusiya ilə birgə üçtərəfli sazişlər imzalayaraq Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üçün birgə mövqedən çıxış etmişdi. İki dövlətin sərgilədiyi ortaq mövqe nəticəsində 12 avqust 2018-ci ildə beş sahilyanı dövlət arasında imzalanan "Xəzər Sazişi" fundamental töhfə verib. Hər iki ölkə strateji mövqeyə sahibdir, Şərq-Qərb ticarət və nəqliyyat yollarında yerləşir. Azərbaycan Qazaxıstan vasitəsilə Mərkəzi Asiya və Uzaq Asiyaya, Qazaxıstan isə Azərbaycan vasitəsilə qərb bazarına çıxış əldə edir. Bunu həm nəqliyyat, həm də enerji daşıyıcıları baxımından demək mümkündür. Böyük İpək Yolunun bərpa edilməsi və Avro-Asiya Nəqliyyat Dəhlizinin tammiqyaslı fəaliyyətinin təmin edilməsi üzrə TRASECA layihələri çərçivəsində infrastrukturun təkmilləşdirilməsi və tarif sistemlərinin sadələşdirilməsi üçün tərəflər arasında dialoq davam edir. Hər iki ölkə nəqliyyat və enerji infrastrukturunun inkişaf etdirilməsi üçün böyük sərmayə yatırmışdır. Azərbaycan və Qazaxıstan həm də Trans-Xəzər nəqliyyat sisteminin inkişaf etdirilməsi üçün əməkdaşlıq edir. Qazaxıstanın Aktau və Azərbaycanın Ələt limanları Türk Şurası çərçivəsində qardaşlaşmış limanlardır. Hər iki ölkə eyni zamanda Beynəlxalq Trans-Xəzər Nəqliyyat Dəhlizi yaradır ki, bu da Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafına xidmət göstərir.

Hər iki respublika Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib və regionda vacib tranzit ölkə rolunu oynayır. Ölkələrimiz nəqliyyat, enerji, iqtisadi resurslarla bağlı layihələr vasitəsilə regional əməkdaşlığı daha da möhkəmləndirir, şirkətlər arasında qarşılıqlı investisiyalar qoyulur. Azərbaycanlı sahibkarlar Qazaxıstan bazarına maraq göstərir və bu ölkənin iqtisadiyyatına fəal sərmayə yatırırlar. Coğrafi yaxınlıq, gündəlik bərə əlaqəsi, Qazaxıstan istiqamətində reyslər, həm yükdaşımaları, həm də turist və biznesmenlərin səfərləri üçün yaxşı logistika yaradır. Hər iki ölkənin kənd təsərrüfatı sahəsində də əməkdaşlığın inkişafı üçün geniş potensial var. Xüsusilə ərzaq təhlükəsizliyi qlobal miqyasda ən önəmli məsələlərdən birinə çevrildiyi indiki dövrdə bu əməkdaşlığın inkişaf etdirilməsi çox vacibdir. Artıq bu sahədə tərəflərin ehtiyaclarının hesablanması üçün yeni araşdırmalar aparılır, ticarət missiyaları təşkil olunur.

İqtisadi münasibətlərin mərkəzində ticarət əlaqələri əsas yer tutur. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 530 milyon ABŞ dollarına çatıb və bu da son illərdə rekord göstəricidir. Bu il ticarət dövriyyəsi 60 faiz artıb. İki dövlət arasında ticarət dövriyyəsinin daha da artması üçün potensial mövcuddur. 2023-cü ildə Qazaxıstan neftinin Azərbaycan vasitəsilə ixracına başlanılıb.

Qazaxıstan ilk dəfə olaraq Rusiyadan yan keçərək nefti birbaşa Azərbaycana çatdırır və ölkəmiz vasitəsilə Avropa bazarlarına çıxarır. Enerji sektorundakı bu əməkdaşlıq təkcə neftin nəql edilməsi ilə məhdudlaşmır. Hər iki ölkə yaşıl enerjinin istehsalı və Avropaya müştərək ixrac istiqamətində də səylərini artırıb. Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik kabelin çəkilişinə başlayıb və bu da öz növbəsində Avropa və Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin mühüm tərkib hissəsidir. Qeyd edək ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri zamanı Dövlətlərarası Ali Şuranın birinci iclasının keçirilməsi də münasibətlərin çox yüksək olmasından xəbər verir.

Orta Dəhlizin inkişaf etdirilməsi və yeni yüklərin cəlb edilməsi baxımından bu günlərdə Çində fəaliyyətə başlamış Qazaxıstanın Nəqliyyat-Logistika Mərkəzi marşrut üzrə yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artırılmasına səbəb olacaq. İlkin razılaşmaya əsasən, bu Mərkəz vasitəsilə Azərbaycana ayda 10 konteyner qatarının yola salınması nəzərdə tutulur. Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Çinin Sian terminalından Bakının Abşeron stansiyasına konteyner qatarının gəlişi mərasimini videobağlantı ilə izləyiblər. Konteyner qatarının Çinin Sian şəhərində istismara verilmiş Qazaxıstana məxsus Nəqliyyat-Logistika Mərkəzi tərəfindən yola salınması Orta Dəhlizin bütün iştirakçıları üçün böyük əhəmiyyət kəsb edir. Altmış bir konteynerdən ibarət qatar uzunluğu 7 min kilometr olan marşrutu (Siandakı Qazaxıstan terminalı-Aktau-Abşeron stansiyası) 11 günə qət edib. Multimodal daşıma zamanı konteynerlər Qazaxıstan limanında yenidən yüklənərək Xəzər dənizi ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına, oradan isə Abşeron stansiyasına çatdırılıb. Əvvəllər Çindən Orta Dəhliz vasitəsilə yüklərin Qara dəniz limanlarına çatdırılması təxminən 53 gün çəkirdisə, hazırda bu müddət 18 gün təşkil edir. Bununla yanaşı, Orta Dəhlizin inkişafı üçün birbaşa istehlakçılara yönəlmiş rəqəmsal DTC platforması yaradılıb. Vahid rəqəmsal ekosistemin yaradılması və inkişaf etdirilməsi Orta Dəhlizin şəffaflığını, cəlbediciliyini getdikcə artırır. Azərbaycan və Qazaxıstan dəmir yolları idarələrinin birgə səyləri sayəsində 2024-cü ildə yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artırılması gözlənilir.

Gələcəkdə Qazaxıstan enerji resurslarının məhz Xəzər dənizinin dibi ilə Azərbaycana, buradan isə Avropaya nəqlini reallaşdırmaq barədə bir çox ideyalar dəfələrlə səsləndirilib, məqsəd və hədəflər barəsində də geniş müzakirələr aparılıb. Bununla yanaşı, Türk Dövlətləri Təşkilatının daha da gücləndirilməsi üçün sistemi şəkildə iş aparılır. Bu baxımdan bütün sahələr üzrə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi həm Azərbaycan, həm də Qazaxıstan üçün maraqlıdır. Hər iki ölkə Türk Dövlətləri Təşkilatının daha da güclənməsinə töhfələr verməyə davam edəcəkdir.

Mustafa KAMAL,

"Respublika".