İlham Əliyev: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”
Sosial həyat

İlham Əliyev: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”

“Mən ölkəmizi hansısa bir başqa ölkə ilə müqayisə etmək istəmirəm. Ancaq həyat və gördüyümüz işlər onu göstərir  ki, bu sahədə Azərbaycanda aparılan siyasət ən humanist siyasətdir, ən ədalətli siyasətdir və vicdanlı siyasətdir. Çünki Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır və biz bunu bu gün əyani şəkildə görürük. Öz sağlamlığını itirmiş, yaralanmış qazilər bütün dövlət orqanları tərəfindən daim qayğı ilə əhatə olunmalıdır və biz bunu təmin edirik... Çünki bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır...”.

Bu fikirləri iyulun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində səsləndirmişdir.

Hər şeydən əvvəl, onu qeyd etməliyik ki, ötən illər ərzində xalqımızın həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində əməli-praktiki addımlar atılmış, respublikada sosialyönümlü siyasətin uğurla  həyata keçirilməsi üçün mühüm işlər görülmüş, yeni iş yerlərinin  açılması və əhalinin məşğulluq probleminin həlli istiqamətində ardıcıl tədbirlər  həyata keçirilmişdir. Uğurlu dövlət siyasəti sayəsində nəzərdə tutulan bütün  sosial layihələr reallaşdırılmış, sosialyönümlü layihələrin sayı artmış, əhalinin həssas qrupunun sosial məsələlərinin həlli istiqamətində  görülən tədbirlər şəhid ailələri və müharibə əlillərinin sosial şəraitinin daha da yaxşılaşdırılmasına zəmin yaratmışdır. Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması da bunu bir daha təsdiqləyir.

Prezident İlham Əliyev “Veteranlar haqqında” və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən  güzəştlər haqqında qanunlarda dəyişiklik edilməsi barədə” 2021-ci il iyunun 17-də Fərman imzalamışdır ki, bu sənədlər də nəticə etibarilə şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının hüquqlarının daha dolğun təminatına, onlara göstərilən dövlət xidmətlərinin müasir tələblərə uyğun şəkildə  təkmilləşdirilərək keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Yeni qanunlara əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vahid informasiya bazasının yaradılması məqsədilə nazirliyin elektron informasiya sistemində müharibə veteranlarının, şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrləri elektron formada aparılır. Bu da vahid informasiya bazasının yaradılmasını təmin etmişdir.

Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin 6 ayında 47,4 min işsiz və işaxtaran şəxs münasib  işlərlə təmin edilmiş, onlardan 21487-si ödənişli ictimai işlərə cəlb olunmuş, 167-nin əməkhaqqı birgə maliyyələşdirilməsi proqramı üzrə həyata keçirilmiş, 118 işsiz və işaxtaran peşə hazırlığı kurslarına, 147 şəxs peşəyönümü məsləhəti xidmətinə cəlb edilmişdir.

1570 şəxsə işsizlikdən sığorta ödənişi təyin edilib, 96 peşə və kvalifikasiya standartı hazırlanaraq istifadəyə verilib.

Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədi daşıyan “Məşğulluq marafonu” da davam edir. Bununla bağlı dövlət başçısı İlham Əliyev deyib: “İkinci  Qarabağ müharibəsində əlil olmuş şəxslərə də dövlət daim qayğı, diqqət göstərir. Qazilərimizin məşğulluq məsələləri həll olunur və mən çox şadam ki, bizim çağırışımıza özəl sektor müsbət reaksiya verib, bu da təbiidir. Çünki özəl sektorun inkişafı, sahibkarlıqla məşğul olanların fəaliyyəti üçün dövlət çox böyük işlər görüb. İndi də özəl sektor, sahibkarlar öz sosial məsuliyyətini göstərməlidirlər və göstərirlər. Məşğulluq marafonuna 200-dən çox sahibkar qoşulub və 160 qazi artıq işlə təmin olunub. Bu da yenilikdir”. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Döblət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyin qiymətləndirilməsi işləri davam etdirilmiş, həmin şəxslərə əlilliyə görə müvafiq sosial ödənişlər də təyin olunmuşdur. Son 6 ayda 6237 əlilliyi olan şəxsə reabilitasiya xidmətləri göstərilmişdir ki, onlardan 957-si müharibə ilə əlaqədar əlilliyi olan şəxslərdir. Həmçinin, Agentlik tərəfindən əlilliyi olan şəxslərə 669 təkərli oturacaq, 703 aşağı və yuxarı ətraf protezi, 599 aşağı və yuxarı ətraf ortezi, 6947 müxtəlif reabilitasiya vasitəsi, 75 bel və boyun nahiyəsi üçün korset, 1263 cüt protez ayaqqabı, 1643 cüt ortopedik ayaqqabı, 479 dördayaqlı dayaq vasitəsi verilib. Ümumilikdə, son 6 ayda əlilliyi olan şəxslərə 22272 reabilitasiya vasitəsi təqdim edilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 2 dəfə çoxdur.

Reabilitasiya  müəssisələrində əlilliyi olan 1540 şəxsə stasionar, 143 şəxsə ambulator formada reabilitasiya xidmətləri  göstərilib.

Dövlət başçısının 2021-ci il 25 yanvar tarixli sərəncamı ilə 2021-2025-ci  illərdə şəhid ailələri və müharibə əlillərinə 11 min, o cümlədən bu il 3 minədək mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. 2021-ci il planı üzrə artıq 550 mənzil verilib. Ümumilikdə, ötən dövrdə şəhid ailələrinə və müharibə əlillərinə 9730 mənzil və fərdi ev, həmçinin müharibə əlillərinə 7200-dən çox avtomobil təqdim edilib.

Ölkə başçısı Xocasən qəsəbəsində mənzillərin təqdimatı zamanı çıxışında bu istiqamətdə görülən işlərin əhəmiyyətindən danışarkən demişdir: “Bu gün şəhid ailələri və müharibə əlilləri üçün yeni salınmış yaşayış kompleksi təqdim  edilir. Bu kompleks 810 mənzildən ibarətdir, böyük yaşayış kompleksidir. Mən indi burada yaradılmış şəraitlə tanış oldum, görürəm ki, şərait çox müsbətdir, çox yaxşıdır. Evlər işıqlı, genişdir, 620 nəfərlik məktəb, uşaq bağçası artıq fəaliyyətə hazırdır. Yəni, burada  rahat yaşamaq üçün bütün imkanlar var. Burada şəhid ailələri, Qarabağ qaziləri yaşayacaqlar”.

Şəhid ailəsi üzvləri və qazilər də daxil olmaqla 1524 şəxsə özünüməşğulluq  proqramı çərçivəsində aktivlər təqdim edilib ki, onlardan 320 nəfəri şəhid ailəsi üzvü, 300 nəfəri isə Vətən müharibəsi qazisidir. Proqrama cəlb olunan şəxslərin ilk olaraq özünüməşğulluqlarının təşkili üçün şəraitin qiymətləndirilməsi həyata keçirilib və təlimlərə cəlb ediliblər. Təlimi uğurla başa vuran şəxslər kənd təsərrüfatı və istehsal-xidmət sahələri üzrə kiçik təsərrüfatlarını qurmaq üçün qısa müddətdə lazımi avadanlıqlarla təmin olunublar.

Proqram iştirakçılarına seçdikləri iqtisadi fəaliyyət növləri üzrə biznes-planlarına uyğun aktivlərin verilməsi prosesi davam edir.

Postmüharibə dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Sosial dəstək tədbirləri çərçivəsində 929 müharibə əlilinə 6200-dək reabilitasiya vasitəsi verilib. Həmçinin, Vətən müharibəsində  yaralanaraq aşağı ətrafları amputasiya olunmuş qazilərimizdən 82 hərbçi yüksək texnologiyalı 83 protezlə təmin olunub, yuxarı ətrafı amputasiya olunmuş qazilərimizin də yüksək texnologiyalı protezlərlə təmin olunması üçün işlərə başlanılıb.

Postmüharibə dövründə nazirliyin reabilitasiya müəssisələrində 1300-dək qazi və şəhid ailəsi üzvü sosial-psixoloji və reabilitasiya xidmətləri ilə əhatə olunub. Onlar klinik və sosial psixoloqlar tərəfindən əyani və onlayn, qrup və fərdi şəkildə psixoloji seanslara cəlb ediliblər.

Prezidentin müvafiq fərmanına əsasən yaradılacaq vahid əlaqələndirmə mərkəzlərində isə şəhid ailələri üzvlərinə, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçulara, əlilliyi müəyyən edilmiş şəxslərə birbaşa (yerində) xidmətlə yanaşı, “Çağrı mərkəzi” vasitəsilə və səyyar formada da xidmətlər göstəriləcək.

Sağlamlıq vəziyyəti məhdud olduğundan mərkəzlərə gələ bilməyən şəxslər isə yaşadıqları və ya olduqları yerdə mərkəzin iş qrafikinə uyğun səyyar xidmət formasından istifadə edə biləcəklər.

Əlilliyi olan şəxslərin əmək bazarına, biznes mühitinə çıxış, məşğulluq və cəmiyyətə inteqrasiya imkanlarının artırılması üçün Virtual İnnovasiyalar Parkının yaradılması nəzərdə tutulur. İndi Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən Virtual İnnovasiyalar Parkı layihəsinin konsepsiyası hazırlanmaqdadır.

Müharibə əlillərinin sosial şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Bu işlər sırasında onların avtomobillə təmin olunmasına xüsusi diqqət yetirilir. İndiyədək 7200 müharibə əlili avtomobillə təmin olunub. Bu günlərdə isə daha 50 müharibə əlili və onlara bərabər tutulan şəxs avtomobillə təmin edilib. 2019-cu ildə əlilliyi olan 600, 2020-ci ildə 400 şəxsə avtomobil verilib. 2021-ci ildə isə ümumilikdə, 150 avtomobilin verilməsi nəzərdə tutulur.

Xocasən qəsəbəsində tikilən 15 ədəd doqquzmərtəbəli bina 810 mənzilli yaşayış kompleksidir. Bu kompleksdə daha 300 şəhid ailəsi və müharibə əlili mənzillə təmin olunub. Şəhid ailələrinin üzvləri və müharibə veteranlarının aktiv məşğulluq tədbirləri çərçivəsində son 6 ayda 47 min 400  nəfər işlə təmin edilib, 7  min nəfər özünüməşğulluq proqramına, 56 min nəfər isə ictimai işlərə  cəlb olunub. 2018-2020-ci illərdə bu qəbildən olan vətəndaşların orta aylıq əməkhaqqı 30 faiz, orta aylıq pensiyası isə 60 faiz artıb.

Postmüharibə dövründə 24 min şəxsə 33 min xidmət göstərilib. Şəhid ailələri və xəsarət alan hərbçilərlə bağlı Prezident İlham Əliyevin bu ilin iyun ayında imzaladığı Fərmanla yaradılan Vahid Əlaqələndirmə Mərkəzində 7 qurum üzrə 26 xidmət göstəriləcək. Yaxın iki ay ərzində bu cür mərkəzlər DOST mərkəzlərində fəaliyyətə başlayacaqlar.

İyunun 14-də Azərbaycan Prezidenti həmçinin, Abşeron DOST Mərkəzinin açılışında da olub.

Bəli, biz böyük bir tarixi qələbə qazanmışıq, təbii ki, itkilər də vermişik. Bu döyüşlərdə həlak olan, sağlamlığını itirən insanlara dövlət tərəfindən göstərilən diqqət və qayğı hər kəsdə məmnunluq yaradır. Şəhid ailələrinin üzvləri, müharibə veteranları öz növbələrində onlara göstərilən bu diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə, Birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə edirlər.

Xocasən qəsəbəsində tikilmiş yaşayış kompleksinin təqdimat mərasimində də duyğulu anlar yaşandı. Belə ki, müharibə əlili Ədalət Aydınov minnətdarlıq edərək demişdir: “Cənab Prezident, Sizin göstərişinizlə, respublikanın bütün yerlərində şəhid ailələrinə və qazilərinə çox böyük diqqət və qayğı var. Bu gün Siz bizə mənzil hədiyyə edirsiniz. Bu, diqqət və qayğınızın isbatıdır”.

Vətən müharibəsi qazisi Qurbanəli İslamov da dövlətin bu kateqoriyadan olan insanlara diqqət və qayğısını yüksək qiymətləndirdi: “Mən müharibə əlili kimi, Sizin hədiyyəniz olaraq Ramanı qəsəbəsində yeni mənzillə təmin olunmuşam. Həmçinin, Sizin sərəncamlarınızla 5 medalla təltif edilmişəm, müasir tipli protezlə təmin olunmuşam. Bu gün isə mənə avtomobil verilib... Sizə təşəkkürümüzü bildiririk...”.

Bütün bunlar bir daha onu təsdiqləyir ki, dövlətimizin siyasətinin əsasında Azərbaycan vətəndaşı dayanır və o, bu diqqət və qayğını hər zaman hiss edəcəkdir.

Zümrüd QURBANQIZI,

“Respublika”.