İLİN
Region

İLİN "YAŞIL AVTOQRAFLARI"

Yurdumuza bahar gəlir. Gül-çiçəkli, yaşıl donlu, al-əlvan rəngli gözəl bahar. Xalqımız həmişə olduğu kimi, baharın gəlişini bildirən Novruz bayramını xoş ovqatla, yüksək əhvali-ruhiyyə ilə qarşılayır.

Üzümüzə gələn Novruz Azərbaycan Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə elan olunmuş "Yaşıl dünya naminə həmrəylik ili"nə təsadüf edir. Bəzi mənbələrə görə, dünyada mövcud olan 11 iqlim qurşağından 9-u ölkəmizin ərazisindən keçir. Azərbaycan zəngin təbiətinə görə dünyada unikal, həm də təmiz ətraf mühit və yaşıl artım ölkəsi kimi tanınır.

Ölkəmizdə yaşıllıqların bərpası və artırılması, ətraf mühitin sağlamlaşdırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində ardıcıl işlər görülür.

Ölkəmizin cənub regionunda da yeni yaşıllıqların salınması, meşələrin artırılması, bitki və heyvanat aləminin qorunması, Xəzər dənizi sahillərinin, canlı aləmin mühafizəsi, iqlim dəyişmələrinin zərərli təsirlərinin azaldılması daim diqqət mərkəzindədir.

"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Lənkəranda ağacəkmə aksiyası keçirilib. Tədbirdə şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin kollektivi, ictimaiyyətin nümayəndələri iştirak ediblər. Şəhərin Heydər Əliyev prospektində keçirilən aksiyada 200 sərv ağacı, rayonun qəsəbə və kəndlərində 200 tuya və 300 Eldar şamı əkilib.

"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ağacəkmə aksiyasına Masallı rayonu da fəal şəkildə qoşulub. Bu günlərdə rayonun Güllütəpə ərazisində keçirilən xeyirxah aksiyada ərazi icra nümayəndəliyi, bələdiyyə və kənd sakinləri iştirak edib. Güllütəpə-Köhnə Alvadı magistral yolu boyunca 75 ədəd göyrüş ağacı əkilib, yaşıllıqlara aqrotexniki qulluq göstərilib.

Əlisəfa HƏSƏNOV,

"Respublika".