İNKIŞAF VƏ TƏRƏQQININ BAŞLICA AMILI ELMDIR
Elm və təhsil

İNKIŞAF VƏ TƏRƏQQININ BAŞLICA AMILI ELMDIR

"Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz. Təhsilsiz xalq müasir şəraitdə öz imkanlarını həyatına sərf etmək üçün çox problemlərlə rastlaşar. Azərbaycan xalqının gələcəyi, müstəqil Azərbaycanın gələcəyi gənclərin bu gün aldıqları bilik, təhsil və tərbiyədən asılıdır". Bu sözlər dahi rəhbər, ümummilli lider Heydər Əliyevə məxsusdur.

Ulu öndər Azərbaycana rəhbərlik etdiyi dövrlərdə təhsil sahəsində böyük islahatlar aparmışdı. Prezident İlham Əliyev 2003-cü ildən etibarən təhsil sistemini daim diqqət mərkəzində saxlayır. Ölkəmizin çiçəklənməsinin, inkişaf etməsinin təhsillə birbaşa bağlı olduğunu vurğulayan İlham Əliyev tərəfindən aparılan işlər Azərbaycan xalqının xoş gələcəyinə xidmət edir. 2004-cü il avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin təhsil müəssisələrində təlimin keyfiyyətinin yüksəldilməsi və ümumilikdə təhsil sisteminin təkmilləşdirilməsi məqsədilə fərman imzalayıb. "Azərbaycan Respublikasında "Bilik Günü"nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında" fərmana əsasən, ölkənin bütün təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlanır. 15 sentyabr ölkəmizdə Bilik Günü elan edilib. Bu gün 2004-cü ilə qədər sentyabrın 1-nə təsadüf edirdi. Respublikamızın bütün ümumtəhsil, orta ixtisas və ali məktəblərində artıq bir ənənəyə çevrilən yeni dərs ilinin ilk günü - Bilik Günü ümumxalq bayramı kimi qeyd olunur.

Son illərdə Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr ulu öndərin təhsil siyasətinin uğurlu davamının göstəricisidir. Bir faktı xatırlatmaq kifayətdir ki, ölkəmizdə təhsil sisteminin bütün pillələri üzrə Dövlət proqramları uğurla həyata keçirilir. Azərbaycan təhsilində ən uğurlu nəticələrdən biri məktəb tikintisinin geniş vüsət almasıdır.

M.Şəhriyar adına 193 №-li tam orta məktəbdə bu gün böyük təntənə ilə, sevinclə qarşılanır. Məktəbin əsası 1930-cu ildə qoyulub. 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə əsaslı təmir olunub. Eyni zamanda ölkə başçımızın 28 iyun 2011-ci il tarixli, 1581 nömrəli Sərəncamı ilə 2010/2011-ci tədris ilində keçirilmiş "50 Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olub. Sözügedən təhsil ocağı Azərbaycan Pespublikası Milli Olimpiya Komitəsi tərəfindən Formula Azərbaycan Qran-Pri yarışmaları zamanı "Azərbaycan Respublikası" mədəniyyəti, incəsənəti və tarixinin yüksək səviyyədə təqdim olunmasına görə təltif edilib. Həmçinin məktəbdə çalışan müəllimlər arasında "Tərəqqi medalı" ilə təltif olunmuş, "İlin müəllimi" müsabiqəsinin qalibi olmuş, "Elmlər namizədi" adı alan müəllimlər də var.

Məktəbin direktoru Nihal Hacıyeva təhsil ocağının ümumi göstəriciləri haqqında məlumat verib. O bildirib ki, keçən il 130 məzunumuzdan 87 faizi ali təhsil müəssisəsinə daxil olub: "Burada yerli universitetlər üstünlük təşkil edir. Lakin şagirdlərimizdən xarici universitetləri seçənlər də var. Hətta bir məzunumuz Nicat Muxtarov Türkiyənin Bilkent Universitetinə daxil olub. O, Dövlət Proqramı çərçivəsində təhsil alacaq. Bu il birinci sinfə 122 şagird qəbul olub. 1600-dən çox şagirdin təhsilə başladığı ilk dərslər "Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur" mövzusuna həsr olunacaq".

Röya RÜSTƏMLİ,

"Respublika".