İnklüzivliyin təmin edilməsi dünyada qəbul edilmiş ən yaxşı təcrübədir
İQTİSADİYYAT

İnklüzivliyin təmin edilməsi dünyada qəbul edilmiş ən yaxşı təcrübədir

Qlobal səviyyədə iqlim dəyişmələri həqiqətən böyük narahatlıq doğurur: planetin iqlim böhranının təsirindən sığortalanmış heç bir coğrafi bölgəsi yoxdur. 2023-cü il dünyada qeydə alınmış ən isti il olub. Təxminən 66 milyon il ərzində atmosferdə indiki qədər karbon dioksid konsentrasiyası müşahidə olunmayıb və qlobal temperatur artımının nəinki 1,5°C, hətta 4°-yə çatması və keçəcəyi riski var.

Bu ssenari təsdiqlənərsə, nəticələr fəlakətlərə səbəb ola bilər. Lakin elm adamları və IPCC hesabatı bizə istixana qazı emissiyalarını azaltmaq üçün səylərimizi intensiv olaraq artırdığımız müddətdə qlobal istiləşmənin 1,5°C ilə məhdudlaşdırılmasının mümkün olduğunu söyləyir.

2024-cü il üçün dövlətlər birgə əməkdaşlığı artırmalı və daha iddialı hədəflər ortaya qoymalıdır. Ölkələr yaşıl enerjiyə ədalətli keçidə çıxışın təmin edilməsinin yollarını və vasitələrini müəyyənləşdirməyə kömək edəcək təlimatlar və planlar hazırlamalıdırlar.

İqlim dəyişmələri maliyyələşdirmək üçün hər il ən azı 100 milyard ABŞ dolları sərf edilməli və götürülmüş öhdəliklər davam etdirilməlidir, bütün səviyyələrdə adaptasiya planları hazırlanmalıdır.

İqlim dəyişmələri ilə mübarizə və riskləri idarə etmək üçün insan hüquqlarına əsaslanan bir yanaşma tətbiq etmək də qlobal çağırışlardan biridir. Bütün qadınlar və qızlar, həmçinin yerli xalqlar (indigenous people) da daxil olmaqla iqlim böhranına qarşı insanların həssaslığının qarşısı alınmalıdır.

COP29 iqlim dəyişmələrini, 2015-ci ildə qəbul edilmiş Paris Sazişinin icrasını sürətləndirmək və uzunmüddətli iqlim strategiyaları və hədəflərinə diqqət yetirmək üçün dövlət və hökumət başçılarını, vətəndaş cəmiyyəti təşkilatlarını, biznes və beynəlxalq institutları bir araya gətirmək üçün əla fürsətdir.

Bu mühüm tədbirin uğurla planlaşdırılması və təşkili üçün cənab Prezident Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında fərman imzalayıb. Təşkilat Komitəsinin tərkibində inklüzivliyin təmin edilməsi, belə mötəbər və bütün əhali qruplarına təsir edən məsələ üzrə beynəlxalq konfransın keçirilməsinə həm dövlət, həm də qeyri-hökumət təşkilatlarının cəlb olunması dünyada qəbul edilmiş ən yaxşı təcrübədir ki, ölkəmiz bunu tətbiq edir.

"Vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri iqlim dəyişmələri ilə mübarizədə əsas rol oynayan ictimai vəkillərdir, dəyişiklik üçün katalizator rolunu oynayırlar, kütləvi hərəkatları stimullaşdırır və dünya liderlərini öhdəliklər götürməyə səsləyir. Qeyri-hökumət təşkilatları COP tədbirlərində dövlət nümayəndələrindən sonra iştirakçılıq sayına görə ikinci yerdədir. COP26 zamanı 14120, COP28 zamanı 15000-ə yaxın QHT nümayəndəsi iştirak edib. Hər QHT-dən adətən təxminən 3-4 nəfər iştirak edir. Ancaq əksər hallarda BMT-nin digər tədbirlərində olduğu kimi, aşağı gəlirli ölkələrdən olan müşahidəçi QHT-lərin səfəri maliyyələşdirmək imkanı məhdud olduğu üçün onlar qeydiyyatdan keçib dəvət alsalar da, maliyyə resursu tapa bilmədikləri üçün iştirak edə bilmirlər. Qlobal Cənubla Qlobal Şimal arasındakı fərq (ədalətsizlik) elə buradan da görünür.

Orta və yüksək gəlirli ölkələrin beynəlxalq və yerli QHT-ləri adətən, advokasiya və lobbiçilik fəaliyyətlərini gücləndirmək məqsədilə Qlobal Cənubdan olan həmkarlarını öz nümayəndə heyətlərinin tərkibinə əlavə edərək onların da iştirakını təmin edirlər. Vətəndaş Cəmiyyəti dedikdə, burada eyni zamanda ticarət birlikləri, tədqiqatçılar, fermerlər, gənclər təşkilatları, icmalar, dini təşkilatlar, idman çempionları təmsil olunurlar.

12 mart tarixində BMT-nin Cenevrə qərargahında BMT-nin İnsan Hüquqları (OHCHR) və Ətraf mühit Proqramı (UNEP) tərəfindən keçirilən "İnsan hüquqları və ətraf mühit" adlı tədbirdə çıxış etmək imkanım oldu. Burada qeyd etdim ki, vətəndaş cəmiyyəti iqlimlə bağlı fəaliyyətdə mühüm rola malikdir və danışıqlarda əhəmiyyətli rol oynayır, həmçinin qadınların iqlim danışıqlarında liderliyinin gücləndirilməsi, onun fəaliyyətində qərarların qəbul edilməsində onların iştirakı prioritet təşkil edir. COP29 Təşkilat Komitəsində qadınların 43%-nin təmsil olunması Azərbaycanın iqlim dəyişmələrində qadınların rolu və töhfəsinə verdiyi önəmdən irəli gəlir.

BMT-nin İnsan Hüquqları üzrə ofisinin nümayəndəsi tərəfindən qaldırılmış ekoloji ədalət və insan hüquqları ilə bağlı məsələyə münasibətdə isə qonşu Ermənistanın Azərbaycana axan transsərhəd çayları çirkləndirməsi probleminin daha da dərinləşdiyini bildirdim. Azərbaycanın qərb və mərkəzi rayonlarında istifadə olunan içməli və suvarma suyu Ermənistanda fəaliyyət göstərən dağ-mədən sənayesi tərəfindən güclü şəkildə çirkləndirilir. Məhz buna görə də Azərbaycan da su çatışmazlıqları ilə üzləşən ölkələr sırasındadır.

BMT-nin İnsan Hüquqları üzrə 55-ci sessiyası çərçivəsində elə bir tədbir, plenar iclas olmadı ki, orada iqlim dəyişmələrinin fəsadlarından danışılmasın. BMT-nin diqqət mərkəzində duran ən önəmli məsələ iqlim dəyişmələri ilə mübarizədə dünya dövlətlərinin həmrəy olması, həmçinin yerli səviyyələrdə adaptasiya və yumşaltma tədbirlərinin təşkilidir. İqlim dəyişmələri və insan hüquqlarının intersektoral və birbaşa əlaqəsi hər zaman vurgulanır və xüsusilə inkişaf etmiş ölkələr tərəfindən qeyd edilir.

Pərvanə VƏLİYEVA,

"Sağlamlığa Xidmət" İctimai Birliyinin

icraçı direktoru.