İnsanlığa qarşı törədilən vandalizm
Digər xəbərlər

İnsanlığa qarşı törədilən vandalizm

Xocalı qətliamından 32 il keçir. Lakin illər ötdükcə bu dəhşətli hadisə hər birimizin yaddaşına daha möhkəm həkk olunur. Öz miqyasına görə tarixdə analoqu olmayan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri qəddarlıqda heç də faşistlərdən geri qalmayıblar. Həmin gün erməni silahlı birləşmələri faşistlərdən də qəddar olduqlarını açıq şəkildə dünyaya nümayiş etdirdilər. 32 il keçməsinə baxmayaraq, faciənin acı nəticələrini unutmamalı, daim yadda saxlamalı və gələcək nəsillərə ötürülməlidir.

Ötən əsrin 90-cı illərində Azərbaycan öz tarixinin ən mürəkkəb siyasi təlatümlərini yaşayıb. İmperiya buxovlarından qurtulmaq və müstəqillik yolunu seçməklə Azərbaycan öz tarixi inkişaf kursunu müəyyənləşdirdi. Azərbaycanın müstəqilliyi yolunda ilk addımları imperiya qüvvələri və yüz illərlə ölkəmizə qarşı məkrli planlar həyata keçirən Ermənistanın şovinist, bədnam niyyətləri ilə üzləşirdi. Erməni millətçi-şovinistləri tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı siyasətinin növbəti təzahürü 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş vermiş soyqırımı idi və həmin gün  xalqımızın qan yaddaşına çevrilib. Xocalı soyqırımı tək Azərbaycan tarixində deyil, bütün dünya tarixində insanlığa qarşı törədilmiş kütləvi qırğınlardan biridir. 1992-ci il 26 fevral gecə saatlarında erməni silahlı birləşmələri və keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən hərbi birləşməsi 366-cı motoatıcı alayı tərəfindən dinc əhaliyə qarşı soyqırımı törədildi. Həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyən ümummilli liderimiz Heydər Əliyev ilk dəfə Naxçıvanda Xocalı soyqırımı haqqında xüsusi bəyanat vermiş, faciəni törədənlərin məsuliyyətə cəlb olunmasını qəti şəkildə tələb etmişdir. Hələ prezident səlahiyyətlərini həyata keçirərkən Ali Sovetin Sədri Heydər Əliyev erməni təcavüzünün qarşısının alınması məqsədilə təcili tədbirlər görülməsi üçün BMT Təhlükəsizlik Şurasının dərhal çağırılması xahişilə Təhlükəsizlik Şurasının sədrinə 26 iyul 1993-cü il tarixli yazılı müraciət etmişdir. 1994-cü il 24 fevralda isə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclisin qərarı ilə hər il fevralın 26-sı Xocalı soyqırımı günü kimi yad olunması və bu barədə beynəlxalq təşkilatlara məlumat verilməsi ilə Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verildi.

Xocalı faciəsinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımlarda Heydər Əliyev Fondunun müstəsna rolu danılmazdır. Fondun gərgin əməyi və məqsədyönlü fəaliyyəti nəticəsində dünya ölkələri erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırılır. Xocalı soyqırımı ilə bağlı tarixi faktlar barədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlanılan "Xocalıya ədalət!" beynəlxalq kampaniyasının xüsusi əhəmiyyəti var. "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində soyqırımına beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət verilməsi istiqamətində məqsədyönlü fəaliyyətin miqyası ildən-ilə genişlənir. "Xocalıya ədalət!" beynəlxalq maarifləndirmə tədbirlərinə başlanandan müxtəlif xarici ölkələrin siyasi və ictimai dairələri ilə aparılan izahat işləri nəticəsində Xocalı soyqırımı barədə həqiqətlərin dünyada tanıdılması geniş vüsət alıb. "Müxtəlif ölkələrin parlamentləri və dövlət qurumları qarşısında etiraz aksiyaları, piketlər, habelə seminarlar, konfranslar keçirilib, kitablar nəşr olunub, filmlər çəkilib. Ayrı-ayrı ölkələrdə keçirilən tədbirlərdə xaricdə təhsil alan tələbə gənclərimizin fəallıq göstərməsi də bu sahədə işlərin miqyasını və əhəmiyyətini artırmışdır. Aparılan təbliğat işləri özünün müsbət nəticələrini verib. Artıq Xocalı hadisələrini rəsmi şəkildə soyqırımı kimi tanıyan dövlətlərin sayı ildən-ilə artır. Yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü artıq ifşa olunub və dünya ictimai fikri Xocalı həqiqətlərini qəbul etməyə başlayıb. Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərar və qətnamələrində əks olunur.

Qeyd edək ki, Xocalı faciəsini soyqırımı kimi tanıyan ölkələrin sayı 38, beynəlxalq təşkilatların sayı isə 2-dir. Amerika Birləşmiş Ştatlarının isə bu günədək 33 ştatı Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Ata vəsiyyəti 30 il sonra reallığa çevrildi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsində uğurlu strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadə nəticəsində işğal altındakı ərazilərimizi düşməndən təmizlədi. Bununla da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşdirərək hərb tarixinə qısa zamanda böyük nailiyyət kimi həkk olunub. 20 Yanvar, Qarabağ şəhidlərinin, eləcə də xocalılıların qisası savaşda  alındı. Bu faciə heç vaxt unudula bilməz. Azərbaycan xalqı Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutur, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanları ehtiramla yad edir.

Qeyd edək ki, Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Prezident cənab İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Bu şəhərdə Azərbaycan Bayrağının dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha bütün dünyaya nümayiş etdirir.

Bəxtiyar NƏBİYEV,

YAP Yasamal rayon

təşkilatının sədri.