İqtisadi rayonların sayı artırıldı
İQTİSADİYYAT

İqtisadi rayonların sayı artırıldı

Bununla da Azərbaycanın bölgələrin sosial-iqtisadi inkişafı ilə bağlı regional siyasəti keyfiyyətcə yeni mərhələyə qədəm qoydu

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 11 fevral 2004-cü ildə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında” Fərman imzalamışdır.

Azərbaycan Respublikasında regionların sərvətlərindən və təbii şəraitdən səmərəli istifadə etmək, kənd təsərrüfatı məhsulları istehsalını artırmaq, qeyri-neft sektorunu, o cümlədən emal sənayesini, turizmi inkişaf etdirmək, xidmət və infrastruktur obyektləri yaratmaq, məşğulluğun səviyyəsini təmin etmək və əhalinin güzəranını daha da yaxşılaşdırmaq məqsədilə ölkə 10 iqtisadi rayona (İR) bölünmüşdü.

Ötən illər ərzində ardıcıl olaraq qəbul edilən Dövlət proqramlarının uğurlu icrası ölkənin, xüsusilə bölgələrin sosial-iqtisadi inkişafında müstəsna rol oynamışdır.

2020-ci il fevralın 3-də regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda dövlət başçısı demişdir ki, bu sahədə böyük uğurlar əldə olunub, amma həyat yerində durmur. Ölkəmizin tələbatı, əhalisi, potensialı artır. Ona görə də infrastruktur layihələrin icrası bundan sonra da təmin edilməlidir.

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurlu icrası nəticəsində ölkədə makroiqtisadi göstəricilərin səviyyəsində yüksək artım əldə edilmiş, sosial-iqtisadi inkişaf sahəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi əhalinin həyat səviyyəsinin daha da yüksəlməsində mühüm rol oynamışdır.

Əvvəlki iki Dövlət Proqramının icra edildiyi 10 ildə kənd təsərrüfatının ümumi məhsulu 1,5 dəfə, taxıl istehsalı 43,9 faiz, kartof istehsalı 29,1 faiz, tərəvəz 17,8 faiz, bostan məhsulları 20,5 faiz, meyvə və giləmeyvə 49,1 faiz, üzüm istehsalı 2,4 dəfə artmışdır.

Dövlət başçısı İlham Əliyevin 7 iyul 2021-ci il tarixli “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərmanı ilə isə ölkədə 14 iqtisadi rayon (İR) yaradılıb. Başqa sözlə, mövcud 10 İR artırılaraq 14-ə çatıb. Bu, 44 günlük Vətən müharibəsində tarixi qələbəmiz və onun doğurduğu yeni reallıqlarla, tarixi şəraitlə bağlıdır.

Məlum olduğu kimi, hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastruktur yaradılması, əhalinin öz doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Qeyd edilən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etmək, eyni zamanda, bölgələrin bərabər inkişafının təmin edilməsi üçün nəzərdə tutulan işlərin vahid proqram əsasında aparılması işğaldan azad edilmiş ərazilərin bölgüsünə yenidən baxılmasını şərtləndirir.

Bu baxımdan iqtisadi rayonların yeni bölgüsünün təsdiqi xüsusi əhəmiyyətə malikdir. Digər məqam isə bu bölgüdə Şərqi Zəngəzur İR-in yaradılması və Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarının buraya daxil edilməsidir.

Şərqi Zəngəzur İR-in yaradılması bu dəhlizin açılmasında Azərbaycan dövlətinin dəyişməz, prinsipial və ardıcıl mövqeyini, tarixi ədalətin bərpa edilməsinə göstərilən səyləri əks etdirir.

İqtisadi rayonların yeni bölgüsü ermənilərin status, ərazi iddialarından, xam xəyallarından, nəhayət, əl çəkmələrini şərtləndirir. O, doğma Qarabağımızın sürətli bərpasına, burada infrastrukturların yenidən qurulmasına və bütövlükdə dirçəlişə, ümumiyyətlə isə ölkəmizin sosial-iqtisadi inkişafının daha da güclənməsinə xidmət edəcəkdir.

Nəriman CAVADOV,

“Respublika”.