İran səhiyyəsinin iç üzü
Digər xəbərlər

İran səhiyyəsinin iç üzü

Bir ölkənin daxili məsələləri və prioritetləri bir neçə yerə bölünür. Xalqın rifahı üçün onun səhiyyəsi, təhsili, iş imkanları və sair yüksək səviyyədə olmalıdır. Bu mənada ulu öndər Heydər Əliyevdən miras qalan xalqa qayğı ən başlıca sərvətimizdir. Onun hakimiyyətə gəlməsi ilə ölkəmizlə yanaşı, səhiyyə sistemi də xilas oldu. Belə ki,  səhiyyənin dünya standartları səviyyəsinə qaldırılması ilə yanaşı,  hüquqi-normativ bazasının təkmilləşdirilməsi məqsədilə "Əhalinin sağlamlığının qorunması haqqında", "Qan və onun komponentlərinin donorluğu haqqında", "İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) yayılmasının qarşısının alınması haqqında", "Əczaçılıq fəaliyyəti haqqında", "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında", "Tibbi sığorta haqqında" və sair qanunlar qəbul edilib.

Bundan başqa, Heydər Əliyev Fondu tərəfindən də  yerli əhəmiyyətli sosial problemlərin həllinə yardımçı olmaq, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək, səhiyyə və tibbi təsisatları inkişaf etdirmək, sağlam həyat tərzini təbliğ etmək kimi mühüm məsələlərlə bağlı işlər görülür. Fond "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə" layihələri həyata keçirir.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə aztəminatlı ailələrdən olan şəxslərin müayinələri, paytaxt və regionlarda mütəmadi olaraq qanvermə aksiyaları, ürək çatışmazlığından əziyyət çəkən uşaqlar üzərində əməliyyatlar və digər tədbirlər görülür. İndiyədək 50 mindən çox insan yerli klinikalarda müalicə edilib, 10 mindən çox xəstə respublikanın müxtəlif tibb müəssisələrində cərrahiyyə əməliyyatı olub, həmçinin onların bir qismi müayinə və əməliyyat üçün xarici ölkələrə göndərilib.

Ölkəmizdə görülən bu işlər səhiyyənin gündən-günə daha çox inkişaf etməsinin əyani nümunəsidir. Lakin region və ətrafı ölkələrdə vəziyyət heç də belə deyil. Elə Cənub qonşumuza nəzər salsaq bunun heç də belə olmadığını görə bilərik. İllərdir bir çox vətəndaşımız səhhəti ilə bağlı öz ölkəmizlə yanaşı, bir sıra xarici dövlətlərə də üz tutub. Yüzlərlə insan qiymətlər aşağıdır deyə daim müalicə üçün İrana gedib. Lakin atalar məsəlində deyildiyi  kimi, ucuz ətin şorbası olmaz. İranda illərdir dərman adı altında keyidici maddələrin istifadəsi artıq gün üzünə çıxır. Edilən müalicələr isə heç Hipokrata da məlum deyil. İnsanların müalicə olduqdan bir müddət sonra yenə ağrılarının başlaması və əlacsızlıqdan yenə İrana üz tutmaları əslində bir tərəfdən biznesin başqa bir növüdür.

İranın səhiyyə sistemi ölkədə problem və şikayətlərlə üzləşən əsas sahələrdən biridir. Son illərdə iqtisadi tənəzzül və müsəlman dünyası ilə münaqişələr səhiyyə xidmətlərinin keyfiyyətinin aşağı düşməsinə gətirib çıxarıb.

Hazırda xəstəxanalar, mərkəzi klinikalar,  effektiv monitorinq və ya düzgün sistem yoxdur və bu da elə ölkə içində də narazılıqlara səbəb olur. Ölkə daxilində öz vətəndaşlarına düzgün səhiyyə sistemini təmin edə bilməyən ölkə  başqasına əsla çarə ola bilməz. XXI əsrin əvvəllərində 18-ci sırada olan İran, ötən il "Blomberg" sıralamasında 69-cu, dünyanın səhiyyə sistemləri üzrə ən böyük məlumat bazasının yer aldığı "Numbeo"nun sıralamasında isə  75-ci sırada yer alır.

Əlbəttə, "ucuz dərman, yüksək xidmət" eyforiyasının ömrü uzun olmadı. Elə 2 il müddətində dünyanı ağuşuna alan COVID-19 pandemiyası vaxtı da İranın əsl üzü ortaya çıxdı. İnsanların peyvənd olmaqdan üz döndərməsi, buna etiraz etməsi məsələyə bir çox aspektdən aydınlıq gətirir. Bu mənada bir çox dünyəvi media orqanları bu haqda xəbər yayımlayıb. Xəbərin birində belə qeyd olunur ki, Mostafa Kamarei adlı universitet tələbəsi imtahan vermək üçün saxta vaksin sertifikatı almağa cəhd edib. Səbəb olaraq isə o, bildirib ki, vaksin olunmaq istəmir: "Mənim peyvəndin əleyhinə olmağımın səbəbi odur ki, dostlarımdan biri iki doza qəbul etdikdən sonra öldü. Kaş ki, məcburi olmasaydı və pandemiya bitənə qədər və ya heç olmasa növbəti sentyabr ayına qədər fərdi dərslər və imtahanlar keçirməyi gözləsəydilər".

Hələ bunlar da azmış kimi, İranda ötən ildən başlayaraq online və ya sosial media üzərindən müalicə sisteminə başlanılıb. Əlbəttə, bu, gülüncdür.

Bütün bunlar dəhşətli mənzərədir. İranın region ölkələrinə etdiyi müdaxilələri nəzərə alsaq onu deyə bilərik ki, ilk növbədə, cənub qonşumuz öz daxili məsələlərini, insanlarının rifahı üçün yaşam şərtlərini normallaşdırmalıdır. Ondan sonra əgər ixtiyarı çatarsa, müdaxilə edər.

Töhfə SƏMƏDOVA,

"Respublika".