İranda nə baş verir?
Siyasət

İranda nə baş verir?

I məqalə

Güney Azərbaycanda baş verən son hadisələrdə soydaşlarımız hələ ki, bütün gücləri ilə iştitak edə bilmirlər. Onun da səbəbini belə izah etmək olar ki, tarix boyu İran adlanan ərazidə baş verən inqilabların əsasında azərbaycanlılar dayansalar da, imperialist qüvvələr tərəfindən idarə olunan  müəyyən və məlum siyasi oyunlar üzündən onlar həmin inqilabların qurbanlarına  çevriliblər. Nəticə isə Azərbaycan və azərbaycanlıların xeyrinə olmayıb. Ona görə də Güneydə yaşayan soydaşlarımız baş verəcək inqilab və etirazların hər hansı dəyişikliyə səbəb olacağına o qədər də inanmırlar. Eyni zamanda unutmaq lazım deyil ki, İran adlı dövlət minilliklər boyu Azərbaycan türklərinin qurduğu, qoruduğu və yaşatdığı dövlət olmuşdur. O səbəbdən də soydaşlarımız İran dövlətini hər zaman öz dövlətləri bilib, o dövlətin hər hansı bir şəkildə parçalanmasına müsbət baxmayıblar.

Ancaq indi reallıq tamamilə başqadır. Səfəvi və Qacar sülalələri tərəfindən qurulan və idarə edilən İran bugünkü İranla mahiyyət etibarilə ciddi şəkildə fərqlənir. Səfəvi və Qacarların idarə etdiyi İran Türk təfəkkürlü bir dövlət idi və bütün tarixi torpaqlarımızı həm əhatə edir, həm də həmin ərazilərdə Azərbaycan türklərinin milli, mədəni və mənəvi dəyər və varlıqlarını müxtəlif formalarda yaşadır, təbliğ edirdi. Üzü Kəngər körfəzindən Dəmirqapı Dərbəndə və Xorasandan Tokata qədər Azərbaycan türklərinin mədəniyyəti hakim mədəniyyət kimi yaşamaqdaydı. Həmin ərazilərdə yaşayan azsaylı xalqlar da, o cümlədən fars xalqı da o möhtəşəm mədəniyyətin təsiri altında idilər. Halbuki, indiki İran ərazisində  fars şovinizminin əsaslarını özünə siyasi kurs kimi təyin edərək yüz ildən artıqdır ki,  Azərbaycan türklərinin milli, mədəni, iqtisadi və tarixi dəyərlərini saxtalaşdıraraq tamamilə təhrifə uğradır. Siyasi təzyiq o dərəcəyə çatmışdır ki, İranda türk dilində danışmaq belə bir fərdin təhqir edilməsinə və cəmiyyət qarşısında alçalmasına kifayət qədər şərait yarada bilirdi.

Məktəblərdə Azərbaycan türkcəsinin tədris edilməsinə qoyulan qadağalar, Azərbaycan musiqi və incəsənətinə qarşı aparılan siyasi-ictimai kampaniya və təzyiqlər, soydaşlarımızı həmişə narahat etmiş və dəfələrlə bu qəbildən olan məsələlərlə bağlı öz etirazlarını müxtəlif formalarda ifadə etmişlər.  Onlar başa düşürdülər ki, fars şovinizmi tərəfindən yönəldilən və antitürk əməlləri ilə məşhurlaşan İran dövlətçiliyinin azərbaycanlılara verə biləcək heç bir geosiyasi və ya geoiqtisadi faydası olmayacaqdır.  Eyni zamanda, İranda yaşayan xalqlar içində sayca çoxluq təşkil etmələrinə baxmayaraq, hakimiyyət tərəfindən hüquqlarının tanınmaması onları öz ata-baba yurdlarında, öz tarixi torpaqlarında məhbus və məğmun duruma salmışdır. Bu narazılıqların nəticəsi olaraq Güneydə yaşayan soydaşlarımızın bu dövlətə bağlılıqları faktiki olaraq artıq mümkün deyildir.

Digər tərəfdən, üzü Səttarxan hərəkatından bu günə qədər Güneydə aparılan milli mücadilələrin arxasında Azərbaycan türklərinə siyasi baxımdan dəstək ola biləcək heç bir dövlət və ya siyasi qüvvə yox idi. Ona görə də Güney torpaqlarımızda baş verən etiraz və inqilablar, o cümlədən Səttarxanın Məşrutə inqilabı, Xiyabaninin "Azadistan", Pişəvərinin "21 Azər" hərəkatı və son olaraq Azərbaycan türklərinin başlatdığı 1978-ci il "İran inqilabı" fars şovinizmi tərəfindən ya dağıdıldı, ya da molla rejiminin əlinə keçdi. Görünən odur ki, farslar Fransa, Rusiya və Amerika kimi dövlətlərin antitürk siyasətlərinin Orta Şərqdəki maşaları kimi yüz illərdir ki, ermənilərlə bərabər fəaliyyət göstərirlər.

Məsələ burasındadır ki, bu günün reallığı tamamilə qeyd etdiyim dövrlərlə fərqlənir. Arazın şimalında müstəqilliyini əldə edən Azərbaycan Respublikası bu günə qədər var olan bütün siyasi oyunları darmadağın etməyi bacardı. Bu isə xüsusilə də Tehran rejiminin müstəqil Azərbaycana olan düşmənçiliyini bir az da artırdı. İranın Azərbaycana düşmənçiliyinin, Ermənistana rəğbətinin və dəstəyinin əsas səbəblərindən biri irqçilikdir. Bu mənada, Qaregin Njdenin irqçi Tseqakron nəzəriyyəsi və onun azərbaycanlılara qarşı törətdiyi qətliamları ilə "Azərbaycan İranın bədənində bədxassəli şişdir, onu kəsib atmaq lazımdır" kimi fikirlər, 1946-cı ildə "21 Azər" hərəkatının süquta uğramasından sonra Tehran rejimi tərəfindən Güney Azərbaycanda milli fəallara divan tutulması həm də bu nifrətdən və özlərini başqa xalqlardan üstün tutmaq hikkəsindən qaynaqlanır. Odur ki, rəsmi ideologiyaları və siyasətləri şovinizmdən yoğrulmuş İran və Ermənistan müttəfiqlərdir. Tehran XXI əsrdə də dünyaya hələ də İran-Turan prizmasından baxır. Təbii ki, müstəqillik əldə etməyimizi görən fars, fransız, erməni və rus siyasi mərkəzləri Qarabağı 30 il işğalda saxlamaqla günü-gündən inkişaf edən və böyüyən azərbaycançılıq təfəkkürünün qarşısına daş atmağa çalışdı. İranın Qarabağ ərazisindən narkotransfer zolağı kimi istifadə etməsi, erməni dairələrinin Azərbaycanın yeraltı və yerüstü sərvətlərini talaması və azərbaycanlıların bütün ev, məscid və tarixi abidələrinin dağıdılması artıq hər kəsə məlumdur. Ancaq şükürlər olsun ki, dünya azərbaycanlılarının lideri, Ali Baş Komandanın yürütdüyü qətiyyətli və sağlam siyasətin nəticəsi olaraq 27 sentyabr 2020-ci ildə əks-hücumla başlanan İkinci Qarabağ müharibəsi bütün bu işğal və təcavüzlərə son qoydu. Bu isə son iki yüz ildə əldə etdiyimiz bəlkə də, yeganə ümummilli qələbə idi. Torpaqların işğaldan azad edilməsi dünyada yaşayan 60 milyondan artıq soydaşımızı həmrəy edə bildi. Hər kəs harada yaşamasından asılı olmayaraq, dövləti və ordusu üçün nəsə etməyə çalışdı. Ali Baş Komandana və ordusuna öz dualarını göndərir, sevinc hissi yaşayırdı. Artıq dünyada yaşayan hər bir soydaşımız özünü müzəffər və qalib ölkənin soydaşı kimi görür, qürur hissi keçirirdi. Dünənə kimi fars şovinizminin basqısı altında Azərbaycan türkcəsində danışmaqdan qaçan, utanan və hətta özünü bəzən azərbaycanlı adlandırmaqdan çəkinən soydaşlarımız bu gün o şovinizmin məmurlarının üzünə Azərbaycan dilində hayqıraraq öz milli-mənəvi haqlarını tələb etməkdən bir addım da geri atmır, atmayacaq da. Güneydə yaşayan soydaşlarımız inandılar ki, artıq Azərbaycan dövləti və xalqı onların arxasındadır. Bu isə Güneydəki soydaşlarımıza mənəvi güc verdi. Artıq 3 aya yaxındır ki, onlar fars-molla rejiminin qarşısında duruş gətirərək öz milli-mədəni haqlarını tələb edirlər. Bu etirazlara bu günə qədər 160 şəhər və kənddən insanlar qatılmış, 200-ə yaxın şəhid və 15 mindən artıq da məhbus vardır. Hər gün edama məhkum edilən soydaşlarımızdan gələn xəbərlər də onu göstərir ki, fars-molla rejiminin azərbaycanlılara qarşı etdiyi cinayətlər bundan sonra daha da amansız şəkildə davam edəcəkdir. Bu isə soydaşlarımızın müdafiəsinin təşkilində başlatdığımız missiyanı daha ciddi və sistemli şəkildə irəli aparacağımıza dair bizə vacib bir göstəriş olmalıdır.           

Sayman ARUZ,

Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri,

Güney Azərbaycan Komissiyasının sədri.