İranın gizli düşmənçilik mövqeyi
Digər xəbərlər

İranın gizli düşmənçilik mövqeyi

Regionda apardığı qeyri-səmimi siyasət bu ölkəyə heç bir fayda verməyəcək

İranın Azərbaycana qarşı gizli düşmənçilik mövqeyi müstəqilliyin ilk illərindən başlayıb. Azərbaycanın işğal edilmiş torpaqlarında İslam dininə zidd hərəkətlər edən ermənilərin qarşısını almaq əvəzinə, molla rejimi işğalçı Ermənistanla sərhəd xəttini nəinki bağladı, əksinə, işğalçıya iqtisadi, siyasi və hərbi dəstək verdi. Müvəqqəti atəşkəsdən sonra Azərbaycanın işğal altındakı ərazilərini qanunsuz istismar edən ölkələrdən biri də İran olub və bu ərazilərin talanmasında böyük canfəşanlıq edib.

Fars rejiminin "İslam" dinindən öz maraqlarına uyğun istifadə etməsi onun İslam coğrafiyasında gözdən düşməsinə səbəb olub. Molla rejimi əsl simasını İkinci Qarabağ müharibəsinin gedişində və sonra da daha aydın göstərdi. Vətən müharibəsində İranın terrorçulara dəstək verməsini, bu münaqişədə saman altından su yeritdiyini bütün dünya gördü. Lakin İranın bu cəhdləri də Azərbaycanın qələbəsinə mane ola bilmədi. İranın anti-Azərbaycan siyasəti qələbədən sonra daha sürətli hal almağa başladı. 10 noyabr Bəyanatına əsasən sülhməramlı kontingentin müvəqqəti nəzarəti altında olan ərazilərə yükdaşımalar həyata keçirir, Şərqi Zəngəzurda yerləşən erməni separatçılarına hər cür dəstək verirdi. Regionda saxtakarlıq fəaliyyətlərini davam etdirən teokratik rejim yalnız Azərbaycanın etirazından sonra bu qanunsuzluqları dayandırdı. İranın anti-Azərbaycan siyasəti təkcə Qarabağ üzərindən deyil, digər sahələrdə də özünü açıq-aydın göstərir. Radikal dindarlar yetişdirməklə insanların dini həssaslığından istifadə edərək Azərbaycanda narazı kütlələr yaratmaq onların əsas iş istiqamətlərinin önündə durur. İslami dəyərləri ayaqlar altına atan qruplar, dövlətlər özünü "İslam dövləti" adlandıran İran tərəfindən dəstəklənir. İnandırıcı görünməsə də, "İslam dövləti" LGTB nümayəndələri ilə də sıx bağlılıq nümayiş etdirir.

 Türkiyənin artan beynəlxalq nüfuzu və gələcəkdə qlobal güc mərkəzinə çevrilməsi perspektivi rəsmi Tehranın yuxusunu ərşə çəkib. Müharibədən sonra yaranan yeni geosiyasi vəziyyət Azərbaycanla Türkiyəni, eləcə də daha geniş anlamda bütün Türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizinin açılışı isə İranı rahat buraxmır.

Xatırladaq ki, Cənub qonşumuz İkinci Qarabağ müharibəsindən sonra geosiyasi leksikona daxil edilmiş Zəngəzur dəhlizi ilə bağlı müxtəlif rəsmi səviyyələrdə dəfələrlə açıqlamalar, bəyanatlar verib, Ermənistanın ərazi bütövlüyünə, İran-Ermənistan sərhədinin toxunulmazlığını vurğulayaraq, özünün "qırmızı xətti" adlandırıb. Lakin İran 30 il ərzində Azərbaycan torpaqları işğal altında olan müddətdə onun ərazi bütövlüyünə bu qədər həssas yanaşmayıb.

Əksinə, 90-cı illərdən 2020-ci ilə qədər Azərbaycanın suveren ərazisindən keçən Gorus-Qafan yolu ilə Ermənistana yük maşınları ilə fərqli təyinatlı məhsullar daşıyırdılar. İranın bu yoldan qanunsuz istifadəsinə də son qoyuldu.

Müstəqil Azərbaycana gücü çatmayan İran öz vətəndaşları olan soydaşlarımızdan intiqam alır. 30 milyondan artıq azərbaycanlının yaşadığı Güney Azərbaycan 1828-ci idən etibarən İran zülmünə məruz qalmaqdadır. İranda yaşayan azərbaycanlılardan fərqli olaraq, ermənilərə doğma münasibət göstərilir. Tehran azsaylı ermənilərə media mərkəzlərinin yaranmasında yardımçı olur, məktəb və mədəniyyət mərkəzlərinin yaradılmasına heç bir etiraz etmir. Azərbaycanlılar isə öz hüquqlarını tələb etdikdə həbs olunur, edam edilirlər.

Xocalı soyqırımını tanımayan İranı saxta "erməni soyqırımı"nın təbliğində fəal iştirak edən ölkələrdəndir. Bu dövlətin iri şəhərlərində hər il ermənilər "saxta soyqırımı" günü mitinqlər təşkil edir, Azərbaycan və Türkiyə əleyhinə çıxışlar edirlər.

İran nəhayət anlamalıdır ki, Azərbaycana qarşı apardığı düşmənçilik siyasətindən əl çəkməlidir. Son illərdə yeni dünya nizamının yaranmasında əsas faktor kimi Azərbaycan çıxış edir. Azərbaycanla aparılan gizli və açıq düşmənçilik bu ölkəyə heç bir fayda verməyəcək. Terrorçuluq fəaliyyəti ilə dövlətimizə diktə etməyə çalışan İran bu çabaları boşuna etdiyini ən tez zamanda anlasa daha yaxşı olar.

Artıq regionun əsas söz sahiblərindən biri olan Azərbaycan İranın düşmənçilik siyasətini görür və buna qarşı həmişə ehtiyatla davranır.

Musa BAĞIRLI,

"Respublika".