Konstitusiya Qanununun qəbul edilməsi dövlətimizin insan hüquqlarına verdiyi ali dəyərin göstəricisidir
Digər xəbərlər

Konstitusiya Qanununun qəbul edilməsi dövlətimizin insan hüquqlarına verdiyi ali dəyərin göstəricisidir

Müasir dünyamızda insan hüquqları hər bir demokratik dövlət üçün prioritetdir. Müstəqil Azərbaycanda da insan hüquq və azadlıqlarının təmin edilməsi, onların müdafiəsi və daha da genişləndirilməsi ən ali məqsəddir. Bu ali məqsədin müəyyənləşdirilməsi, həyata keçirilmə mexanizmlərinin reallaşdırılması, bu sahədə hüquqi bazanın yaradılması isə müstəqil dövlətimizin qurucusu, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində atdığı ilk addımlardan biri "İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) haqqında" qanunun qəbul edilməsi oldu. Ombudsman Aparatı yaradıldıqdan sonra vətəndaşların hüquqlarının müdafiəsi sahəsində mühüm uğurlar əldə edildi.

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevadan müsahibə almışıq. Həmin müsahibəni oxucularımıza təqdim edirik.

–Səbinə xanım, ilk növbədə, qarşıdan gələn əlamətdar günlər münasibətilə Sizi ürəkdən təbrik edir və müstəqil dövlətimizin ali məqsədi olan insan hüquqlarının təmin edilməsinə xidmət edən səmərəli fəaliyyətinizdə uğurlar arzulayırıq. 2023-cü il xalqımız üçün xüsusi əhəmiyyət kəsb edən olduqca mühüm və əlamətdar hadisələrlə yadda qaldı. Gəlin, söhbətə elə bu mövzudan başlayaq.

–Çox təşəkkür edirəm. Mən də öz növbəmdə Sizi və təmsil etdiyiniz mətbu orqan vasitəsilə bütün xalqımızı qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, həmçinin Yeni il bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, yaradıcı peşə fəaliyyətinizdə və şəxsi həyatınızda müvəffəqiyyətlər diləyirəm.

Çox sevindirici haldır ki, bu il Azərbaycanın ərazi suverenliyi tam bərpa olundu və artıq ay-ulduzlu üçrəngli bayrağımız ölkəmizin hər yerində vüqarla dalğalanır. Bu il həm də xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi, BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyi ölkəmizdə böyük coşqu ilə qeyd edildi. Bundan əlavə, Ulu Öndər Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə bu sahədə ilk strateji əhəmiyyətli sənəd olan "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiq olunmasının 25 ili tamam oldu. Bu gün isə "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" 28 dekabr 2001-ci il tarixli Konstitusiya Qanununun qəbulundan 22 il keçir. Bütün bunlarla əlaqədar Ombudsman təsisatı və digər aidiyyəti qurumlar tərəfindən bir sıra aktual mövzular üzrə maarifləndirmə xarakterli silsilə tədbirlər təşkil edilmişdir.

–Məlumdur ki, dövlət başçısı cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü il "Heydər Əliyev İli" elan edilmişdir. Bununla bağlı Ombudsman təsisatı tərəfindən keçirilən tədbirlər barədə nə deyə bilərsiniz?

–2023-cü ilin ölkəmizdə "Heydər Əliyev İli" elan olunması ilə əlaqədar Ombudsman Aparatı və regional mərkəzləri tərəfindən dövlət qurumlarının, hüquq-mühafizə, yerli icra hakimiyyəti orqanlarının, vətəndaş cəmiyyəti institutlarının, habelə ictimaiyyət nümayəndələrinin iştirakı ilə "Heydər Əliyev və hüquqi dövlət quruculuğu", "Heydər Əliyev və müstəqil Azərbaycanda insan hüquqlarının inkişafı", "Ümummilli Lider Heydər Əliyev insan hüquqları sahəsində islahatların və müasir milli hüquq müdafiə mexanizmlərinin banisidir", "Heydər Əliyev və Azərbaycanda qadın hüquqları", "Heydər Əliyev və uşaq hüquqları", "Heydər Əliyev və Azərbaycanda multikultural dəyərlər", "Heydər Əliyev və şanlı Zəfər tariximiz", "Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi", habelə digər bu kimi aktuallıq kəsb edən müxtəlif mövzular üzrə maarifləndirmə tədbirləri keçirildi.

Eyni zamanda Ombudsman tərəfindən ənənəvi olaraq hər il keçirilən 10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə elan olunan jurnalist yazı və uşaq rəsm müsabiqələri də "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanda insan hüquqları" mövzusuna həsr olundu.

Ombudsman regional mərkəzləri tərəfindən Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar keçirilmiş tədbirlərdə Ulu Öndərin rəhbərliyi ilə respublikamızda hüquqi dövlət quruculuğu, insan hüquqlarının təmini, elm, təhsil, mədəniyyət, milli-mənəvi dəyərlərin qorunması və gənclər siyasəti sahəsində həyata keçirilmiş islahatlardan bəhs edildi, maraqlı çıxışlar dinlənildi.

–Bu il BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 75 ili artıq tamam oldu. Həmin sənədin tarixi və əhəmiyyəti barədə fikirlərinizi bilmək maraqlıdır.

–Ümumdünya İnsan Hüquqları Bəyannaməsi BMT Baş Assambleyasının 1948-ci il 10 dekabr tarixli qətnaməsinə əsasən qəbul edilmiş və 1950-ci ildən etibarən hər il dekabr ayının 10-u bütün dünyada Beynəlxalq İnsan Hüquqları Günü kimi qeyd olunmağa başlamışdır.

Dünyada baş verən qlobal dəyişikliklər və obyektiv tarixi zərurət səbəbindən qəbul edilmiş, hazırda 500-dən çox dilə tərcümə edilmiş həmin məşhur sənədin əsas prinsiplərini təşkil edən ayrı-seçkiliyin yolverilməzliyi, hüquq bərabərliyinin təmini məsələləri, habelə digər müddəalar bir çox dövlətlərin Konstitusiyasında və beynəlxalq müqavilələrdə öz əksini tapmışdır.

Uzun illər keçməsinə baxmayaraq, mütərəqqi müddəaların əhəmiyyətinə görə hələ də təməl sənəd hesab edilərək hüquq tətbiqetmə təcrübəsində rəhbər tutulan Ümumdünya İnsan Hüquqları Bəyannaməsi irqindən, cinsindən, dilindən, dinindən, mənşəyindən və siyasi əqidəsindən asılı olmayaraq, bütün insanların bərabərliyinin təminini özündə ehtiva edir. Bu Bəyannamə ümumbəşəri əhəmiyyət kəsb etməklə yanaşı, BMT-yə üzv dövlətlərin, o cümlədən Azərbaycanın milli qanunvericilik bazasının formalaşması üçün əsas mənbələrdəndir.

Bəyannamədə əks olunmuş müddəalar dövlətlərin insan hüquqlarının müdafiəsi məsələsinə münasibətinin müsbətə doğru dəyişilməsinə səbəb olmuşdur. Lakin təəssüflə qeyd etmək istərdim ki, bu gün dünyada müxtəlif səbəblərdən hələ də milyonlarla insanın hüquqları pozulur. Bəzi dövlətlər tərəfindən sərgilənən kolonializm, irqçilik, dözümsüzlük, ikili standartlar, ayrı-seçkilik hallarının artması və beynəlxalq təşkilatların buna biganə münasibəti insan hüquq və azadlıqlarının pozulmasına gətirib çıxarmışdır.

Beynəlxalq təşkilatlar və bütövlükdə dünya ictimaiyyəti bu ədalətsiz davranışa, Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və digər beynəlxalq sənədlərdə təsbit olunmuş insan hüquqlarının kütləvi pozulması hallarına biganə qalır. Bu baxımdan, dünyada dözümsüzlük, ikili standartlar və ayrı-seçkilik hallarından ən çox əziyyət çəkən ölkələrdən biri də Azərbaycandır. Ermənistanın uzun illər boyu azərbaycanlılara qarşı kəskin nifrət zəminində apardığı etnik təmizləmə, deportasiya və soyqırımı siyasəti nəticəsində çoxsaylı sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətləri, soyqırımı, ekosid, urbisid və kultursid aktları törədilmişdir.

Azərbaycanın otuz ilə yaxın bir dövr ərzində işğal altında saxlanılmış və 44 günlük Vətən müharibəsi ilə azad edilmiş ərazilərində aşkar olunan kütləvi məzarlıqlar, oradakı əksər şəhər və kəndlərin, tarixi, mədəni, dini abidələrin dağıdılması, flora və fauna növlərinin məhv edilməsi, ərazilərimizin kütləvi şəkildə minalarla çirkləndirilməsi faktları bunu bir daha sübut edir.

Bundan əlavə, Ermənistanın əsassız ərazi iddiaları ilə Azərbaycana qarşı hərbi təcavüz nəticəsində itkin düşmüş 4 minə yaxın soydaşımızın taleyinə hələ də aydınlıq gətirilməməsi bizdə tamamilə haqlı olaraq narahatlıq hissi yaradır.

Əfsuslar olsun ki, bu gün özünü demokratiyanın beşiyi hesab edən, lakin bunun əksinə olaraq, islamofobiya, neokolonializm siyasəti həyata keçirən Fransa kimi ölkələr uzun illərdir Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin müddəalarına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş ümumbəşəri prinsiplərinə hörmətsizlik nümayiş etdirərək insan hüquqlarını kobud şəkildə pozmaqda, xalqlar arasında barışın əldə edilməsinə, sülh və əmin-amanlıq mühitinin yaranmasına mane olmaqda davam edir.

Buna görə də hesab edirəm ki, bu gün dünyanın tərəqqipərvər ölkələri və beynəlxalq təşkilatlar azadlıq və sərbəst hərəkət etmək, mülkiyyət, təhlükəsiz, sağlam ətraf mühitdə yaşamaq, sağlamlığın qorunması kimi fundamental insan hüquqlarının müdafiəsi naminə ikili standartlardan əl çəkməli və Azərbaycana münasibətdə ədalətli mövqe nümayiş etdirməlidirlər.

Təqdirəlayiq haldır ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəal dəstəyi ilə yeni dövrün tələbləri, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklər də nəzərə alınmaqla aparılan genişmiqyaslı islahatlar fonunda insan hüquqlarının səmərəli təmininə xidmət edən mühüm addımlar atılır. Azərbaycanda insan hüquq və azadlıqlarının təmin və təşviq edilməsi daim diqqət mərkəzində saxlanılır, bu sahədə qanunvericilik bazası beynəlxalq hüquq normalarına müvafiq olaraq təkmilləşdirilir, müstəqil hüquq müdafiə mexanizmlərinin səmərəli fəaliyyət göstərməsi, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsi, ölkəmizdə inklüziv cəmiyyət quruculuğu prosesinin sürətləndirilməsi üçün geniş imkanlar yaradılır.

–İnsan hüquqları baxımından əlamətdar günlər çərçivəsində Ombudsman təsisatı tərəfindən təşkil olunmuş tədbirlər barədə fikirlərinizi bilmək istərdik.

–Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman), BMT-nin Azərbaycandakı Nümayəndəliyinin və Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş "İnsan Hüquqları - 75 Bakı Konfransı: Qlobal və milli çağırışların həlli üçün universallığın və bölünməzliyin təşviq edilməsi" mövzusunda dövlət qurumlarının, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı ilə beynəlxalq konfrans keçirilmişdir. Tədbirdə "Azərbaycanda insan hüquqlarının müdafiəsi: nailiyyətlər və problemlər", "İnsan hüquqlarının, vətəndaş cəmiyyəti institutlarının rolunun təşviqində alətlərin və metodologiyaların genişləndirilməsi" mövzularında təşkil olunmuş panel müzakirələrində mövzular üzrə çıxışlar dinlənilmiş, ətraflı fikir mübadiləsi aparılmış, həmçinin çağırışlar və gələcək əməkdaşlıq perspektivləri barədə geniş fikir mübadiləsi aparılmışdır.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin, Hüquq və İnsan Haqları İnstitutunun və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin birgə təşkilatçılığı, Ombudsman Aparatının, BMT agentliklərinin, ali təhsil müəssisələrinin və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı ilə 10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbir keçirilmişdir. Sonra BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türkün Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75-ci ildönümünə və Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş videomüraciəti dinlənilmiş, həmçinin Ombudsman tərəfindən "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanda insan hüquqları" mövzusunda elan olunmuş jurnalist yazı və uşaq rəsm müsabiqələrinin qalibləri mükafatlandırılmışlar.

–Ombudsman olaraq beynəlxalq qurumlarla əməkdaşlığa böyük önəm verirsiniz. Cari ildə Asiya Ombudsmanlar Assosiasiyasının vitse-prezidenti seçilməyiniz də məhz bunun bariz nümunəsidir. Xahiş edirəm, bu barədə fikir və təəssüratlarınızı oxucularımızla da bölüşəsiniz.

–İlk növbədə, təbrikə görə minnətdarlığımı bildirir və qeyd etmək istəyirəm ki, bu gün zaman ötdükcə qloballaşmaqda davam edən dünyamızda beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinə əməl olunması işinə dəyərli töhfələr verilməsi baxımından ombudsmanlar, habelə milli insan hüquqları institutları arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı çox mühüm əhəmiyyət kəsb edir. Buna görə də öz fəaliyyətində beynəlxalq əməkdaşlığa hər zaman böyük önəm verən Azərbaycanın Ombudsman təsisatı ilə xarici ölkələrin ombudsmanları, milli insan hüquqları təsisatları və beynəlxalq insan hüquqları təşkilatları arasında ümumilikdə, iyirmidən çox əməkdaşlıq haqqında saziş imzalanmışdır.

Qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan həmin sazişlərin əsas məqsədi təsisatların Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrin ərazilərində və müqavilənin tərəfi olan ölkənin və ərazi vahidinin vətəndaşlarının ölkəmizdə hüquq və azadlıqlarının pozulması halları barəsində bir-birini vaxtında məlumatlandırması və onların bərpa edilməsinə öz səlahiyyətləri daxilində yardım göstərməsidir. Bu sənədlərə əsasən Ombudsman təsisatları insan hüquqlarının müdafiəsi sahəsində çalışan əməkdaşlarının bilik və bacarıqlarının təkmilləşdirilməsi üzrə vaxtaşırı təcrübə və fikir mübadiləsi aparmaq imkanı əldə edirlər.

Azərbaycan Ombudsmanının təşəbbüsü ilə ənənəvi olaraq hər il Bakıda təşkil olunan ombudsmanların beynəlxalq konfransları və digər tədbirlərdə xarici ombudsmanların, o cümlədən ikitərəfli saziş imzalamış ölkələrin milli insan hüquqları təsisatlarının nümayəndələrinin iştirakı beynəlxalq əməkdaşlığın daha da möhkəmlənməsi və inkişafında mühüm amilə çevrilmişdir.

Müstəqil Azərbaycanın Ombudsmanı olaraq Asiya Ombudsmanlar Assosiasiyasının (AOA) Baş Assambleyasının Tatarıstan Respublikasının Kazan şəhərində keçirilmiş 17-ci iclasında həmin Assosiasiyanın vitse-prezidenti seçilməyim beynəlxalq əlaqələrimizin daha da genişlənməsinə xidmət edir.

AOA Asiya qitəsində insan hüquqlarının daha səmərəli müdafiəsi, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətin təmin edilməsi sahəsində zəruri addımlar atır, həmçinin insan hüquqlarının qorunması və təşviqində mühüm rol oynayan ortaq dəyərlər və prinsiplər əsasında fəaliyyət göstərən ombudsman təsisatlarını öz ətrafında birləşdirir. Ümidvaram ki, AOA tərəfindən ombudsman təsisatları arasında yaradılmış səmərəli dialoq və şəbəkələşmə platformasının mövcudluğu insan hüquqlarının müdafiəsi istiqamətində yeni əməkdaşlıq imkanları yaradır.

Assosiasiya üzvləri insan hüquqlarının müdafiəsi sahəsində əldə etdikləri qabaqcıl təcrübələri bölüşməli, fəaliyyətlərinin təkmilləşdirilməsində bir-birinə dəstək verməlidirlər və biz də Ombudsman təsisatı olaraq hər zaman qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafında maraqlıyıq. Yeri gəlmişkən, İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının İdarə Heyətinin üzvü, Türk Dövlətlərinin Ombudsmanlar və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyasının qurucu üzvü olan Azərbaycan Ombudsmanı digər beynəlxalq və regional təşkilatların da fəal iştirakçısıdır.

–Hər il olduğu kimi, bu il də Ombudsman olaraq tərəfinizdən elan edilmiş "İnsan Hüquqları" və "Uşaq Hüquqları" aylıqları çərçivəsində hansı işlər görülmüşdür?

–Ombudsman tərəfindən ənənəvi olaraq hər il olduğu kimi, bu il də 18 İyun - Azərbaycan Respublikasında İnsan Hüquqları Günü ilə əlaqədar 18 may - 18 iyun tarixləri "İnsan Hüquqları Aylığı", BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyasının qəbul edilməsinin ildönümü ilə bağlı isə 20 oktyabr - 20 noyabr tarixlərində "Uşaq Hüquqları Aylığı" elan olunmaqla Ombudsman Aparatı və regional mərkəzləri tərəfindən paytaxt Bakıda və regionlarda insan hüquqlarının müxtəlif aspektləri - uşaq hüquqları, uşaq əməyi, erkən evlilik, uşaqların istismardan və zorakılıqdan müdafiəsi, onlara qarşı ayrı-seçkiliyin qadağan olunması və digər istiqamətlər üzrə müxtəlif aktual mövzulara həsr edilmiş hüquqi maarifləndirmə tədbirləri təşkil olunmuşdur.

Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyi və hər il milli səviyyədə qeyd olunan 18 İyun - İnsan Hüquqları Günü münasibətilə Ombudsman Aparatının BMT-nin Azərbaycandakı nümayəndəliyi və Vəkillər Kollegiyası ilə birlikdə elan etdiyi sosial cəhətdən həssas əhali qrupları üçün ödənişsiz hüquqi yardım kampaniyası çərçivəsində Ombudsmanın regional mərkəzlərində şəhid ailələri, müharibə iştirakçıları, əlilliyi olan şəxslər, qaçqınlar, keçmiş məcburi köçkünlər və digər şəxslərə ödənişsiz hüquqi xidmətlər göstərilmişdir ki, bu, onların hüquqlarının müdafiəsi və hüquqi cəhətdən maariflənmələri baxımından faydalı olmuşdur.

Ombudsman Aparatı tərəfindən Naxçıvanda "Azərbaycanda Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək (MOBILAZE 2)" layihəsi çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə və 18 İyun - Azərbaycanda İnsan Hüquqları Gününə həsr olunmuş "Həssas miqrantların hüquqlarının təmin edilməsi. Miqrasiya və sığınacaq idarəçiliyi. Monitorinq mexanizmi" mövzusunda təşkil olunmuş təlimdə yerli və beynəlxalq təlimçilərin həssas miqrantların hüquqlarının qorunmasında Müvəkkilin rolu, miqrantların və sığınacaq axtaran şəxslərin hüquqlarının təşviqi, müdafiəsi və digər mövzular, o cümlədən Aparatın əməkdaşlarının Azərbaycan Ombudsmanının Milli Preventiv Mexanizm qismində fəaliyyəti üzrə təqdimatları dinlənilmişdir.

Bu il "Uşaq Hüquqları Aylığı" çərçivəsində ilk dəfə olaraq, Ombudsman Aparatının əməkdaşları tərəfindən Naxçıvan Muxtar Respublikasında yerləşən uşaq müəssisələrində də monitorinqlər aparılmış və maarifləndirici görüşlər keçirilmişdir.

Aidiyyəti dövlət orqanları, idarə, müəssisə və təşkilatlar, vətəndaş cəmiyyəti institutları, o cümlədən qeyri-hökumət təşkilatları (QHT), həmkarlar ittifaqları, media subyektləri və digər müvafiq qurumlar aylıqların elan olunması ilə bağlı təşəbbüsümüzə qoşularaq bu istiqamətdə görülən işlərə öz töhfələrini vermişlər.

–Bir qədər də keçmiş məcburi köçkünlərin mərhələli şəkildə öz doğma yurdlarına geri dönmələrinin təmininə xidmət edən Böyük Qayıdış prosesi barədə məlumat verməyiniz yerinə düşər.

–Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində məcburi köçkün düşmüş çoxsaylı soydaşlarımızın beynəlxalq müqavilələrdə və milli qanunvericilikdə təsbit olunmuş fundamental insan hüquqları, xüsusən də azadlıq və sərbəst hərəkət etmək, mülkiyyət, təhlükəsiz və sağlam ətraf mühitdə yaşamaq, sağlamlığın qorunması, şərəf və ləyaqətin müdafiəsi kimi hüquqları kütləvi və kobud şəkildə pozulmuşdur.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ və Şərqi Zəngəzur bölgəsindəki ərazilərimizdə həyat üçün zəruri olan bütün sosial-iqtisadi infrastruktur obyektləri, əksər yaşayış məntəqələri, qeyri-yaşayış sahələri yerlə-yeksan edilmiş, hətta tarixi-mədəni və dini abidələrimiz, o cümlədən məscidlər, qəbiristanlıqlar tamamilə dağıdılmış, təbii sərvətlərimiz talan edilmiş, ətraf mühitə ciddi ziyan vurulmuşdur.

BMT Təhlükəsizlik Şurası və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş bir sıra qətnamə və qərarlarda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasının tələb olunmasına baxmayaraq, 30 ilə yaxın dövr ərzində həmin sənədlərin icrası sadəcə kağız üzərində qalmışdır. Azərbaycan tərəfindən Ermənistana dəfələrlə xəbərdarlıqlar olunsa da, qarşı tərəf təcavüzkar siyasətini davam etdirərək uşaqların, qadınların və digər sosial cəhətdən həssas əhali qruplarının olduğu mülki şəxsləri də hədəfə almaqdan çəkinməmişdir.

Azərbaycan beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına sadiq qalmaqla daim sülhsevər siyasət aparmış, uzun müddət səbir edərək, ərazi bütövlüyünü sülh yolu ilə həll etməyə çalışsa da, məsələnin dinc yolla həllinə yönəlmiş bütün bu xoşniyyətli cəhdlərin heç bir müsbət nəticəsi olmamışdır.

Buna görə də Birləşmiş Millətlər Təşkilatının tamhüquqlu üzvü olan Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş özünümüdafiə hüququndan istifadə edərək, Ermənistanın ölkəmizə qarşı hücumlarının qarşısını almaq və ərazi bütövlüyünü təmin etmək məqsədilə öz suveren ərazisində əks-hücum əməliyyatı həyata keçirmək məcburiyyətində qalmışdır. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün bərpası, regionda davamlı sülhün və təhlükəsizliyin bərqərar olunması naminə apardığı əks-hücum əməliyyatları nəticəsində Ermənistanın işğalı altında olan torpaqlarımız azad edilmiş və bununla da ölkəmiz BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasına təkbaşına nail olmuşdur.

Hazırda uzun illərdir ki, doğma yurdlarına qayıtmaq həsrəti ilə yaşamış keçmiş məcburi köçkün soydaşlarımızın öz torpaqlarına təhlükəsiz şəraitdə qayıdışının təmini məqsədilə işğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı qurğulardan təmizlənməsi, bərpa-quruculuq işləri istiqamətində kompleks tədbirlər görülür.

Bununla əlaqədar işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgəsindəki ərazilərimizə Böyük Qayıdış beş Milli Prioritetdən biri kimi müəyyən olunmuşdur. Bu Milli prioritetlərə əsaslanan "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda, eyni zamanda "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda ilkin mərhələdə əhalinin təhlükəsiz, ləyaqətli və dayanıqlı əsasda planlaşdırılan məskunlaşmasına nail olunması nəzərdə tutulmuşdur.

İcra olunan bütün bu layihələr işğaldan azad edilmiş ərazilərdə davamlı inkişafa xidmət etməklə keçmiş məcburi köçkün probleminin tamamilə həllinə yönəlmişdir.

- Böyük Qayıdış prosesinin sürətlə həyata keçirilməsinə ciddi maneə yaradan amillərdən biri də ərazilərimizin Ermənistan tərəfindən kütləvi şəkildə minalarla çirkləndirilməsidir.

- Çox doğru buyurursunuz. Ermənistanın qeyri-konstruktiv mövqeyi təkcə regionda deyil, bütünlüklə Cənubi Qafqazda dayanıqlı və ədalətli sülhün təmini, insanların həyat və sağlamlığı üçün mühüm təhlükə mənbəyi olaraq qalmaqda davam edir, dinc sakinlərimizin hüquqları hələ də pozulur. Hesab edirəm ki, burada mina problemini xüsusilə vurğulamaq lazımdır. Çünki istər işğal dövründə, istər Vətən müharibəsi zamanı, istərsə də torpaqlarımızın azad edilməsindən sonra Ermənistan silahlı qüvvələri tərəfindən ərazilərimizdə basdırılmış çoxsaylı mina və partlamamış hərbi sursatlar məsələsi hələ də problem olaraq qalmaqdadır.

Dəfələrlə partlayışlar nəticəsində hərbi qulluqçularla yanaşı, çoxsaylı mülki şəxslərin də mina terrorunun qurbanına çevrilməsi, bununla da onların fundamental insan hüquqlarının kobudcasına pozulması faktları bunu əyani şəkildə təsdiq edir.

Bu gün böyük təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, çoxsaylı insan itkilərinə, ağır xəsarətlərə və minlərlə insanın əlilliyinə səbəb olan qlobal mina terroru işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı tikinti-quruculuq, bərpa işlərinə, eləcə də ədalətli və davamlı sülhə ciddi maneə yaradır, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz qayıdışı prosesini ləngidir.

Statistik məlumatlara əsasən Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə nəticələnmiş Vətən müharibəsinin başa çatdığı 2020-ci il noyabrın 10-dan indiyədək baş vermiş mina partlayışları, mülki şəxslərin üstünlük təşkil etdiyi 65 nəfərin həlak olması, 276 nəfərin isə müxtəlif dərəcəli xəsarətlər alması ilə nəticələnmişdir. Ümumilikdə, 1991-ci ildən bu günə kimi 357 nəfəri uşaqlar, 38 nəfəri isə qadınlar olmaqla 3420 nəfər minadan zərərçəkən qeydə alınmışdır.

Məhz buna görə də ölkə Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində bütün keçmiş məcburi köçkünlərimizin öz tarixi yurdlarına təhlükəsiz qayıdışının təmin olunması üçün, ilk növbədə, həmin ərazilər minalardan təmizlənməli və orada tamamilə məhv edilmiş infrastruktur bərpa edilməlidir. Təbii ki, bunun üçün də uzun zaman və külli miqdarda maliyyə vəsaiti lazımdır.

Ermənistan işğal altında saxladığı illərdə və sonrakı dövrdə ərazilərimizi minalarla çirkləndirməklə beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobud şəkildə pozmuşdur.

Xüsusilə də "Müharibə qurbanlarının müdafiəsi haqqında" 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarının, həmçinin onun müvafiq Əlavə Protokolunun tələblərini heçə sayan Ermənistan bunu rəsmi şəkildə bəyan etməklə dünya ictimaiyyətinə açıq hörmətsizlik nümayiş etdirməkdən belə çəkinməmişdir.

İşğalçı Ermənistandan fərqli olaraq Azərbaycan beynəlxalq humanitar hüquq normalarına sadiq qalaraq qarşı tərəfin dinc əhalisinin həyat və sağlamlığı üçün təhlükə yaradan bu kimi əməllərin törədilməsinə yol verməmişdir. Əksinə, Ümumi Qlobal Tərk-silah siyasətinə uyğun olaraq mina hərəkatı qanunvericiliyinə və standartlarının yaradılmasına zəruri əhəmiyyət verən və bunun üzərində daimi olaraq çalışan Azərbaycan Respublikası 2007-ci ilin 5 dekabr tarixində BMT Baş Assambleyasının Minaların Qadağan Siyasətinin universallaşdırılması və tam həyata keçirilməsini tələb edən 62/41 saylı illik Qətnaməsinin lehinə səs verməklə öz humanitar mövqeyini bir daha ifadə etmişdir.

Təqdirəlayiq haldır ki, cari ilin 2 mart tarixində Bakıda keçirilmiş Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən minatəmizləmə fəaliyyətinin "18-ci Dayanıqlı İnkişaf Məqsədi (DİM) kimi BMT-nin 2030 Gündəliyi"nə əlavə edilməsi təşəbbüsü irəli sürülmüşdür.

Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının 2023-cü il 6 mart tarixində keçirilmiş 13-cü iclasının qərarı ilə təsdiq olunmuş "Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində 2023-cü il üzrə həyata keçiriləcək maarifləndirmə tədbirlərinin təşkilinə dair Fəaliyyət Planı"na minatəmizləmə ilə də bağlı bir sıra məsələlər daxil edilmişdir.

Minatəmizləmə fəaliyyətinin 18-ci DİM kimi BMT-nin 2030 Gündəliyinə əlavə edilməsi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yenidənqurma prosesini və keçmiş məcburi köçkünlərin geri dönməsini sürətləndirmək baxımından mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan hökuməti dəfələrlə Ermənistandan mina xəritələrini tələb etsə də, qarşı tərəf buna adekvat cavab verməmişdir. Ermənistan tərəfindən verilən mina xəritələri isə ümumi minalanmış ərazilərin çox kiçik faizini əhatə etmiş və həmin sənədlərdə verilən məlumatın dəqiqliyi və etibarlılığı çox aşağı səviyyədə olmuşdur.

- Ermənistanın Azərbaycana qarşı törətdiyi insanlıq əleyhinə və müharibə cinayətləri, həmçinin mina terroru ilə bağlı beynəlxalq təşkilatlarla əməkdaşlıq istiqamətində hansı addımlar atılıb?

- Biz də öz növbəmizdə Ombudsman təsisatı olaraq, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq və regional təşkilatlara, müxtəlif ölkələrin milli insan hüquqları təsisatlarına təqdim etdiyimiz hesabat, bəyanat və müraciətlərdə, habelə digər sənədlərdə Ermənistan tərəfindən insan hüquqlarının kobud şəkildə pozulmasına səbəb olan faktları, o cümlədən də mina problemini diqqətə çatdırmış və onlardan mandatları çərçivəsində təcili tədbirlərin görülməsini, işarələnməmiş minaların dəqiq xəritələrinin ölkəmizə verilməsini tələb etmişik. Bunun insanların həyat və sağlamlığı üçün son dərəcə əhəmiyyətli olmasına baxmayaraq, qarşı tərəf bu məsələyə hər hansı bir reaksiya verməmişdir.

Əksinə, Azərbaycanın BMT tərəfindən tanınmış və hazırda işğaldan azad edilmiş ərazilərində beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına, o cümlədən beynəlxalq humanitar hüquqa tamamilə zidd olaraq, 44 günlük Vətən müharibəsindən sonrakı illərdə də müxtəlif diversiya qrupları vasitəsilə torpaqlarımızı minalarla çirkləndirməklə, ətraf mühitə qlobal təhlükə yaratmaqla mina terroru və ekosid cinayətlərini törətməkdə davam etmişdir. Azərbaycan ərazilərində Ermənistan tərəfindən təbii sərvətlərin qanunsuz istismarı və talan edilməsi nəticəsində ətraf mühit ciddi şəkildə çirkləndirilmişdir.

Qeyd edim ki, 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdə Ermənistan tərəfindən beynəlxalq humanitar hüquq normalarının pozulması faktları ilə əlaqədar tərəfimizdən ümumilikdə 18 hesabat, 29 bəyanat, 7-si videoformatda olmaqla 60 müraciət, 300-ə yaxın mətbuat açıqlaması hazırlanaraq beynəlxalq təşkilatlara və aidiyyəti ünvanlara göndərilmiş, rəsmi internet səhifəsi və sosial media hesablarımızda ("Facebook", "Twitter", "Instagram" və "Youtube") yayımlanmışdır. Hesabatlardan biri işğaldan azad edilmiş ərazilərdə mina probleminə, digəri isə Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş soydaşlarımıza həsr edilmişdir.

Ermənistan tərəfindən beynəlxalq humanitar hüquq normalarının davamlı olaraq pozulması faktlarını özündə əks etdirən və dünya ictimaiyyətinin diqqətini onların aradan qaldırılmasına cəlb etmək məqsədi daşıyan həmin hesabatlar insan hüquqları baxımından mühüm əhəmiyyət kəsb edir.

Bundan əlavə, dəvətimiz əsasında ölkəmizə səfərə gəlmiş müxtəlif beynəlxalq təşkilatların və milli insan hüquqları təsisatlarının nümayəndə heyətləri də müstəqil şəkildə apardıqları araşdırmalar zamanı Azərbaycana qarşı törədilmiş müharibə cinayətlərinin şahidi olmuş, daha sonra həmin faktları təsdiqləyən hesabatlar hazırlayaraq beynəlxalq təşkilatlara təqdim etmişlər.

- Bir az öncə bildirdiyiniz kimi, bu ilin 18 iyun tarixində "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiq edilməsinin 25 ili tamam oldu. "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununun qəbulundan isə artıq 22 il ötür. Rəhbərlik etdiyiniz son dörd il ərzində Ombudsman təsisatının insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyətinin, o cümlədən Konstitusiya Qanununun təkmilləşdirilməsi istiqamətində hansı yeniliklər həyata keçirilmişdir?

- Bəli, Azərbaycanda insan hüquqları üzrə səlahiyyətli müvəkkil təsisatının yaradılması ilə bağlı müddəalar ilk dəfə olaraq Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci il 22 fevral tarixində imzalanmış "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanda, həmçinin bundan irəli gələn məqsəd və vəzifələr nəzərə alınaraq, 1998-ci il 18 iyun tarixli Sərəncamla təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nda öz əksini tapmışdır. Bunun ardınca isə Ulu Öndərin təşəbbüsü ilə "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" 2001-ci il 28 dekabr tarixli Konstitusiya Qanunu qəbul edilmişdir.

Ombudsmanın fəaliyyətini tənzim edən qanunvericilik aktının ən yüksək və birbaşa hüquqi qüvvəyə malik Konstitusiyanın ayrılmaz hissəsi olan Konstitusiya Qanunu olması dövlətimizin insan hüquqlarına verdiyi ali dəyərin göstəricisidir.

Qeyd etmək istərdim ki, Milli İnsan Hüquqları İnstitutlarının Qlobal Alyansının (GANHRI) Akkreditasiya üzrə Alt Komitəsinin irəli sürdüyü bir sıra tövsiyələr də nəzərə alınmaqla "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanunu qəbul edilmiş və ölkə Prezidenti tərəfindən imzalandıqdan sonra qüvvəyə minmişdir.

Dəyişikliklərin bir qismi Ombudsman təsisatının fəaliyyətinin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsinə, Paris prinsiplərinə uyğunlaşdırılmasına, bununla da ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin və insan hüquqları üzrə müqavilə qurumlarının tövsiyələrinin yerinə yetirilməsinə yönəlmişdir.

BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyanın 33.2-ci maddəsində əksini tapmış öhdəliklər, Uşaq Hüquqları Komitəsinin və digər müqavilə qurumlarının, habelə Avropa Şurasının İrqçiliyə və Dözümsüzlüyə qarşı Avropa Komissiyasının Azərbaycan üzrə tövsiyələri, xarici ölkələrin bu sahədə təcrübəsi də nəzərə alınmaqla, Konstitusiya Qanununa "Əlilliyi olan şəxslərin hüquqları haqqında", "Uşaq hüquqları haqqında" Konvensiyaların həyata keçirilməsinin, bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının təşviqi və monitorinqi üzrə müstəqil mexanizm funksiyalarının yerinə yetirilməsinin hüquqi əsaslarını müəyyən edən müvafiq müddaların daxil edilməsi dəyişiklikləri zəruri edən amillərdən biri olmuşdur.

Başqa bir mühüm dəyişikliyə görə isə Müvəkkil insan hüquqları sahəsində Dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının və konsepsiyaların icrası prosesinin təhlilini apara, rəy və təkliflərini müvafiq sahədə monitorinq və qiymətləndirməni həyata keçirən quruma təqdim edə bilər.

Ümumiyyətlə, son dörd il ərzində Müvəkkilin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində görülmüş tədbirlər çərçivəsində beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq, informasiya əldə etmək hüququnun, şəhid ailələrinin, müharibə veteranlarının, əlilliyi olan şəxslərin, uşaqların hüquqlarının müdafiəsi, eyni zamanda hər kəsin müraciət imkanlarının genişləndirilməsi, müraciətlərə baxılma işinin operativliyinin artırılması üçün Ombudsman Aparatında müasir tələblərə cavab verən yeni struktur vahidləri formalaşdırılmışdır. Mövcud iki qaynar xəttin bir mərkəzdə birləşdirilməsi nəticəsində "Çağrı Mərkəzi" adlı ayrıca sektor yaradılması ilə 24/7 rejimində fəaliyyət göstərən 916 nömrəli vahid Çağrı Mərkəzinin işə başlaması da məhz bu qəbildəndir.

Həyata keçirilmiş bütün yeniliklər Müvəkkilin konstitusion səlahiyyətlərinin icrasındakı praktiki çətinliklərin aradan qaldırılması, bununla da insan hüquq və azadlıqların müdafiəsinin səmərəliliyinin daha da artırılması baxımından mühüm əhəmiyyətə malikdir və bu proses hazırda da davam etdirilməkdədir.

- Məlum olduğu kimi, ölkə Prezidentinin müvafiq Sərəncamına əsasən elan edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri 2024-cü il fevralın 7-nə təyin olunmuşdur. Ombudsman təsisatı tərəfindən mühüm hüquqlardan biri olan seçki hüququnun təmininə xidmət edən hüquqi maarifləndirmə sahəsində hansı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur?

- Bu barədə danışarkən ilk növbədə böyük iftixar hissi ilə vurğulamaq lazımdır ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri tarixi torpaqlarımız olan Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsi ilə nəticələnmişdir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam şəkildə bərpa edilməsi artıq həm ölkəmizdə, həm də Cənubi Qafqaz regionunda yeni reallıqlar yaranmışdır. Bu baxımdan, növbədənkənar Prezident seçkilərinin ilk dəfə olaraq məhz belə əlamətdar bir dövrə təsadüf etməsi çox qürurvericidir.

Ombudsman təsisatı olaraq hazırladığımız təqvim planına uyğun şəkildə növbəti ilin yanvar ayından etibarən Mərkəzi Seçki Komissiyası ilə birgə Bakıda və regionlarda "Vətəndaşların seçki hüququnun təmini" mövzusunda maarifləndirmə tədbirlərinin təşkil edilməsini nəzərdə tuturuq.

İnanıram ki, bu istiqamətdə atılan bütün addımlar seçkilərin azad, ədalətli və şəffaf keçirilməsinə öz töhfəsini verəcək, ən layiqli namizədin seçilməsi isə ölkəmizə yeni uğurlar qazandıracaqdır.

- Maraqlı müsahibəyə görə təşəkkür edirik.

- Çox sağ olun, mən də Sizə peşə fəaliyyətinizdə uğurlar arzulayıram.

Müsahibəni apardı:

Mehparə ƏLİYEVA,

"Respublika".