İşğaldan azad edilmiş ərazilərimizin yenidən qurulmasında daha bir yenilik
Region

İşğaldan azad edilmiş ərazilərimizin yenidən qurulmasında daha bir yenilik

Azərbaycan 30 ildən artıq davam edən erməni işğalına İkinci Qarabağ müharibəsində döyüş meydanında son qoydu, düşmənin ordusu darmadağın edildi. Qəhrəman ordumuzun bölmələrinin şücaəti qarşısında sarsılan və diz çökən təcavüzkar Ermənistan ağ bayraq qaldıraraq kapitulyasiyaya məcbur oldu.

Qazanılan tarixi qələbə bütün regiona sülh, sabitlik və davamlı inkişaf imkanı gətirib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin gələcəyə xidmət edən strategiyası sayəsində region ölkələrinin inkişafı üçün yeni imkanlar açılıb. Beynəlxalq təhlilçi və siyasi ekspertlərin fikrincə, münaqişənin həlli regionun təhlükəsizliyi və kommersiya cəlbediciliyi baxımından çox böyük strateji əhəmiyyətə malikdir. Təbii ki, qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək. Artıq bu istiqamətdə iri infrastruktur layihələr icra olunur, düşmən tərəfindən viran edilən yurd yerlərimiz yenidən qurulur, Qarabağın və Şərqi Zəngəzurun bərpasını, inkişafını nəzərdə tutan, keçmiş məcburi köçkünlərin doğma yurd yerlərinə ləyaqətli qayıdışını təmin edən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı" uğurla, fədakarlıqla icra olunur.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilərdə aparılan tikinti, bərpa və yenidənqurma işlərinin miqyası çox genişdir və bu nəhəng işlər sürətlə aparılır. Müharibədən sonra ötən üç ilə yaxın müddətdə Qarabağda və Şərqi Zəngəzurda bir şəhər və üç qəsəbə yenidən tikilərək keçmiş məcburi köçkünlərin istifadəsinə verilib. Yollar çəkilir, hava limanları istifadəyə verilir, bütün bölgədə enerji təsərrüfatı bərpa edilir, körpülər, tunellər tikilir, aqro və sənaye parkları yaradılır, ekologiya bərpa edilir, mədəni-dini abidələr bərpa olunur. Əlbəttə, bu çox fərəhli və dəyərli bir nəticədir.

Azad edilən torpaqlarda ən müasir, modern, dünyanın qabaqcıl şəhərsalma metodları ilə yaşayış məntəqələri salınır. Bənzəri olmayan, həm də milli memarlıq üslubunda inşa edilən binalar, məktəblər, xəstəxanalar və evlər Qarabağın və Şərqi Zəngəzurun simasını gündən-günə dəyişir və ağrılar yaşamış bu bölgələr firavanlığa qovuşur. Qarabağın qurulmasında daha bir yeniliyə imza atılıb. Ölkəmizdə ilk dəfə olaraq işğaldan azad edilmiş ərazilərdə tikinti-söküntü tullantılarının təkrar emalına başlanılıb. Tullantıların təkrar emalı ilk olaraq Ağdam rayonunda həyata keçirilir. Artıq ilk tikiləcək yaşayış məntəqələrində emal avadanlıqları quraşdırılıb. Ərazidəki tullantılar, dağıdılmış tikililərin qalıqları təkrar emal olunur. Bildirilib ki, emal olunan məhsullardan daha çox yolların tikintisində istifadə olunacaq. Bu barədə məlumat verən Qarabağ iqtisadi rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Övsət Həmidov bildirib ki, hazırda Ağdam rayonunun Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərinin tikintisi üçün işlərə başlanılıb. Ərazinin tullantılardan, dağıntılardan təmizlənməsinə başlanılıb. Kəndlərin ərazisində utilizasiya poliqonu düzəldilib və dağıntılardan çıxan tullantılar təkrar material kimi istehsalata qaytarılır. Əldə edilən materiallardan yol yataqları, tametaltı özül kimi istifadə olunacaq. Nəticə etibarilə sıfır tullantıya nail olacağıq. Bütün Qarabağda və Şərqi Zəngəzurda bu üsuldan istifadə olunsa, sıfır tullantı ilə ərazilər təmizlənəcək.

Qeyd edək ki, təkrar istehsalata qaytarılan tullantı nümunələrinin laborator təhlilləri aparılıb və müsbət nəticələr alınıb. İcraçı direktor sonra bildirib ki, dağıntıların idarə olunması çox ciddi işdir. Atılmış bu addımlar gələcək işlərimiz üçün rahatlıq yaradacaq və 10 milyonlarla kubmetr dağıntını tikinti materialına çevirəcəyik. Bu da bizim həm ekologiyamıza zərər vurmayacaq, həm də iqtisadiyyatımıza xeyir verəcək. Dünya təcrübəsində də bu proseslər var. Azərbaycanda isə birinci dəfədir tətbiq olunur. İşğaldan azad olunmuş ərazilərimizdə salınacaq şəhər və kəndlərimizdə bu üsuldan istifadə olunacaq. Düşünürəm ki, müsbət nəticələr əldə edəcəyik.

Salman ALIOĞLU,

"Respublika".