Xəyali Ermənistan arzularının təhlükəsi
Siyasət

Xəyali Ermənistan arzularının təhlükəsi

Ermənistandakı revanşist qüvvələr rəsmi İrəvanla Bakı arasında delimitasiya prosesinə başlanılması ilə bağlı razılığın əldə olunmasını heç cür həzm edə bilmirlər. Hər gün paytaxtda və əsas bölgələrdə magistral yolları bağlayan narazı ermənilər bununla delimitasiya prosesinə əngəl olacaqlarını düşünürlər. Hökumət isə sülh prosesinin davamı üçün müəyyən addımlar atmaqda israrlı görünür. Baş nazir Nikol Paşinyan növbəti dəfə açıqlamasında bildirib ki, vətəndaşlar xəyali Ermənistan arzularından əl çəkməlidirlər.

"Xəyali Ermənistandan reallığa keçid etməliyik". Ermənistanın baş naziri Nikol Paşinyan vətəndaş günü münasibətilə Qavar şəhərində gənclərlə keçirilən görüşü zamanı belə deyib. Baş nazir bildirib ki, Ermənistan öz torpaqlarını kiməsə təhvil vermir, bütün ölkələrin beynəlxalq tanınmış sərhədləri var və hər kəs öz sərhədlərində yaşamalı, inkişafına baxmalıdır. Əks halda, həmin xəyali Ermənistan ucbatından real Ermənistan da itirilə bilər. Lakin revanşist qüvvələr Paşinyanın açıqlamalarını qulaqardına vurur, hökumətin qərarlarına mane olmağa çalışırlar. Paytaxt İrəvanda bir qrup gənc parlament binası qarşısında toplaşaraq hökumətə və deputatlara qarşı şüarlar səsləndirib, onları istefa verməyə çağırıblar. Polisin dağılışmaq tələbinə məhəl qoyulmayınca asayiş keşikçiləri etirazçıları avtobuslara mindirərək polis bölməsinə aparıblar. Digər etirazçılar isə paytaxt və bölgələrdə əsas magistral yollarını bağlamaqla məşğuldurlar. Bir qrup şəxs avtomobilləri ilə yolu kəsərək Ermənistanla Azərbaycan arasında delimitasiya prosesinin başlanması ilə bağlı razılığın əldə olunmasına etirazını bildirib.

Xüsusilə Tovuzqala vilayətində keçirilən son aksiyalar ölkə daxilində böyük əks-səda doğurub. Diqqətçəkən məqamlardan biri erməni hərbçilərinin də etirazçılara qoşulmasıdır. Ancaq sonradan sözügedən məsələyə aydınlıq gətirilib, hərbçilər iddiaların təsadüfi formalaşdığını söyləyiblər. Müraciət yayan hərbi hissə əsgərləri ictimaiyyətdən üzr istəyiblər. Buna baxmayaraq, ondan çox ordu nümayəndəsi cinayət məsuliyyətinə cəlb olunub. Tovuzda baş verənlərin Bağanis-Əskipara istiqamətində delimitasiya işlərinə başlanıldığı günə təsadüf etməsi birmənalı qarşılanmayıb. Digər tərəfdən, paytaxt İrəvanı da etiraz dalğası ilə bürüyüb. Hakimiyyəti istefaya səsləyən aksiyaçıların arasında "Ermənistan" blokunun deputatları Artur Xaçatryan və Arman Kazaryan da olub. Görünür, Ermənistan ilə Azərbaycan arasında sezilən diplomatik pozitivlik İrəvandakı müxalif dairələrin planları ilə üst-üstə düşmür.

Ümumiyyətlə, son günlərdə Ermənistanda baş verən izdihamlar və yolların bağlanması yenidən beşinci kolonun fəaliyyətini gündəmə gətirib. Əlavə olaraq, bu prosesə Ermənistan kilsəsi də ciddi müdaxilə edir. Lakin mövcud durum onu deməyə əsas verir ki, iğtişaşlar heç bir nəticə verməyəcək. Çünki Ermənistanın baş naziri Nikol Paşinyanı həm Avropa, həm də Amerika dəstəkləyir və həmin qüvvələrin ölkədə ciddi dayaqları var. Ona görə də ehtimal ki, etiraz aksiyası qısa müddətdə yatırılacaq. Əksinə, iğtişaşların miqyası böyüsə belə, yenə də N.Paşinyanı indiki vəziyyətdə hakimiyyətdən devirə biləcək qüvvə yoxdur.

İğtişaşların arxasında dayanan qüvvələrlə bağlı müxtəlif versiyalar səslənsə də məqsədlərin eyni olduğu özünü göstərir. Azərbaycana qaytarılan dörd kənd indi bəzi dairələri ciddi narahat edir. Bu dairələrlə bağlı səslənən iddialar onların keçmiş rəhbərlikdən olduğuna işarə edir. Xüsusilə məsələdə Paşinyanla ulduzu heç vaxt barışmayan, Ermənistanın ikinci prezidenti qatil, cani Robert Köçəryanın adı tez-tez hallanır. Aksiyalarda erməni əhalini alət kimi istifadə edən dəstə başçılarının arasında keçmiş Köçəryan hakimiyyətinə yaxın bir neçə şəxsin görünməsi də iddiaları təsdiq edir. İkinci ox isə xarici qüvvələri nişan alır. Bəzi ekspertlərin fikrincə, rəsmi Bakı İrəvanla delimitasiya və demarkasiya prosesi barədə vasitəçisiz olaraq razılığa gəldiyindən xarici ölkələrin iğtişaşların arxasında durması mümkün görünür. İctimai sorğular göstərir ki, ölkə daxilində Paşinyana dəstək hazırda kifayət qədər aşağı düşüb. Ən son Zəngəzur məsələsi ilə bağlı müzakirələrin aktual olduğu dövrdə Ermənistan ərazisində Paşinyan sadəcə Köçəryandan az səs toplamışdı. Eyni zamanda ABŞ-dakı bəzi dairələr, xüsusilə erməni diasporu da Paşinyanın Azərbaycanla delimitasiya və demarkasiya məsələsinə, 4 kəndin qaytarılmasına çox da isti münasibət bəsləmirlər.

Erməni siyasətçilər də ölkədə baş verən qarışıqlığın tez bir zamanda yekunlaşacağına ümid edirlər. Çünki onlar hazırkı vəziyyət ilə 2018-ci ilin Ermənistanı arasındakı fərqləri aydın görə bilirlər. Nəzərə alaq ki, Ermənistan əhalisi də köhnə kriminal klanların yenidən hakimiyyətə qayıtmasında maraqlı deyil. Nəticə onu deməyə əsas verir ki, İrəvandakı iğtişaşlar nə qədər genişlənsə də heç vaxt inqilaba çevrilməyəcək. Lakin etirazların hakimiyyəti zəiflətdiyi də gün kimi aydındır. Bu baxımdan, Ermənistanın baş naziri Nikol Paşinyan infantil siyasətdən yaxa qurtarmalı və mümkün sülh prosesini tezləşdirməlidir. Əlavə olaraq, Qərbə qarşı marionet görüntüsündən əl çəkmək də Ermənistanın müstəqil həyata addımlarını sürətləndirə bilər. Lakin ən əsası rəsmi İrəvanın Bakı ilə münasibətlər qurmağa can atması ölkədə stabilliyin yaranması üçün mühüm amil olacaq.

Tacir SADIQOV,

"Respublika".