İşğaldan azad olunmuş ərazilərdə yeni iş yerləri
Sosial həyat

İşğaldan azad olunmuş ərazilərdə yeni iş yerləri

İşğaldan azad olunmuş ərazilərimizdə dayanıqlı məskunlaşma üçün müasir infrastrukturun yaradılması, bütün sahələrdə bərpa-quruculuq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın təmin edilməsi əsas məqsədlərdəndir. İnsanlarımızın məşğuliyyətini təmin etmək üçün yeni iş yerlərinin yaradılması istiqamətində də bir sıra işlər görülməkdədir. Artıq Qarabağ və Şərqi Zəngəzur bölgəsində daimi iş yerləri yaradılır. Xüsusilə bölgənin turizm potensialını, təbiətini, tarixi abidələrini nəzərə aldıqda burada tikilən yeni otellər nəticəsində yeni iş yerlərinin yaradılması ilə yanaşı, eyni zamanda bölgə cazibə mərkəzinə çevriləcəkdir.

Yeni iş yerlərinin açılmasının vacibliyinə toxunan  Prezident İlham Əliyev demişdir: "...Əlbəttə, iş yerlərinin açılması prosesi daim getməlidir. Son illərdə Azərbaycanda bu istiqamətdə böyük işlər görülüb, ancaq əhali artır. Bu da iqtisadi inkişafımızın təzahürüdür. Çünki insanlar daha da yaxşı yaşayır və beləliklə, demoqrafik vəziyyət yaxşılaşır. Ancaq eyni zamanda bu, yeni iş yerlərinin yaradılmasını tələb edir".

Respublikamızda iqtisadi sferada inkişafı göstərən vacib cəhətlərdən biri sosialyönümlülük faktorunun daim ön planda olmasıdır. Belə ki, reallaşan sosial siyasətin əsas fəlsəfəsi hər bir vətəndaşın yüksək rifahının təmin olunmasıdır.

Azərbaycan Prezidentinin Qarabağ iqtisadi rayonundakı işğaldan azad edilmiş ərazilərdə Xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, regionda böyük tikinti işləri aparılır, yerli iqtisadiyyatın qurulmasına özəl investisiyalar da cəlb olunacaq. Qarabağ iqtisadi rayonunda 2030-cu ilədək təqribən 150 min iş yerinin açılacağı gözlənilir.

2023-cü ilin yanvar-iyun ayları ərzində işğaldan azad edilmiş rayonlarda 623 yeni iş yeri yaradılıb. Dövlət Statistika Komitəsi xəbər verir ki, cari ilin ilk 6 ayı ərzində ən çox yeni iş yeri Laçın və Şuşada yaradılıb. Belə ki, hesabat dövründə Laçında 328, Şuşada isə 177 yeni iş yeri açılıb.

Sözsüz ki, işğaldan azad edilən ərazilərdə bərpa-quruculuq işləri Azərbaycanda yeni iş yerlərinin açılmasına, iqtisadiyyatın əhəmiyyətli dərəcədə inkişafına səbəb olacaq. Qazanılan böyük Zəfərin ardından geniş tikinti-quruculuq meydanına çevrilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yenidən qurulan bütün infrastruktur layihələr sayəsində əhali öz doğma yurdlarına qayıtdıqdan sonra burada həyat yenidən canlanacaq və bu ümumən bölgənin inkişafına gətirib çıxaracaq.

M.MİRZƏ,

"Respublika".