İsrailli ravvin ABŞ-ın Beynəlxalq Dini Azadlıq Komissiyasını Azərbaycanla bağlı qərəzli mövqeyinə görə qınayıb
Diaspora

İsrailli ravvin ABŞ-ın Beynəlxalq Dini Azadlıq Komissiyasını Azərbaycanla bağlı qərəzli mövqeyinə görə qınayıb

"ABŞ-ın Beynəlxalq Dini Azadlıq Komissiyasının (USCIRF) nəzərində İranla əlaqəsi sübuta yetirilən dini radikallara münasibətdə Azərbaycanın tətbiq etdiyi nəzarət dini təzyiq məsələsidir. Halbuki əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən Azərbaycanın islam aləminə ilk dünyəvi respublikanı bəxş etməsi, qədim zamanlardan müxtəlif yəhudi və xristian icmalarının sığınacağı olması fonunda bu ölkənin Komissiyanın xüsusi izləmə siyahısına daxil edilməsi haqlı təəccüb doğurur".

Tanınmış israilli politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham ölkəsinin populyar "Israel HaYom" nəşrində dərc olunmuş məqaləsində həmyerlisi ravvin İsrael Baruxun bu fikirlərini  sitat gətirib.

"Azərbaycan Dövlət Departamentinin izləmə siyahısında olmalıdırmı?" sərlövhəli məqalədə Komissiyanın İranla həmsərhəd olduğu üçün ölkəmizin öz sərhədləri daxilində əcnəbi dini liderlərə nəzarət etməsi səbəbindən Dövlət Departamentinin xüsusi izləmə siyahısına daxil edilməsini tövsiyə etdiyi diqqətə çatdırılıb. Müəllif təəssüf hissi ilə qeyd edib ki, beynəlxalq mediada "tolerantlıq vahəsi" adlandırılan, ekstremizmin ölkəsinə daxil olmasına və fəaliyyət göstərməsinə imkan verməyən Azərbaycan hökuməti ədalətsiz münasibətlə üzləşib.

Məqalədə Komissiyanın qərəzli mövqeyinin izahına da cəhd göstərilib: "USCIRF-in yüksək səviyyəli əməkdaşı əvvəllər ABŞ-dakı iki böyük erməni lobbi qruplarından biri olmaqla Azərbaycan əleyhinə kampaniyaları ilə tanınan Amerika Erməni Assambleyasının kommunikasiyalar üzrə direktoru vəzifəsində çalışmış, hazırda isə Komissiyanın ictimai əlaqələr üzrə direktoru kimi fəaliyyət göstərən Danielle Aşbahiyandır".

Məsələ ilə bağlı digər tanınmış ekspertlərin də fikirlərinin yer aldığı yazıda qeyd olunub ki, dinc yanaşı yaşama modeli kimi multikulturalizmi, plüralizmi və dini tolerantlığı ilə tanınan, ekstremizmlə qlobal miqyasda mübarizə aparan, Qərbdən fərqli olaraq, antisemitizmdən uzaq olan Azərbaycanın Dövlət Departamentinin xüsusi izləmə siyahısına salınması ciddi yanlışlıq və ədalətsizlikdir.

"Respublika".