İstənilən təxribata cavab verməyə hazırıq
Siyasət

İstənilən təxribata cavab verməyə hazırıq

Ölkəmiz güclü, ən son silah və texnologiyalarla təchiz olunmuş, müasir döyüş təcrübəsinə sahiblənmiş orduya malikdir

Prezident İlham Əliyevin fevralın 14-də Milli Məclisdə keçirilmiş andiçmə mərasimindəki nitqində Azərbaycanın bundan sonrakı inkişaf perspektivləri, qarşıda duran vacib vəzifələr və xüsusilə də dövlətin xarici siyasətinin əsas prioritetləri olacaq istiqamətlər barədə önəmli açıqlamalar verilib. İlk növbədə, möhtərəm Prezident xüsusi olaraq vurğuladı ki, dövlətin ən başlıca hədəfi hər zaman güclü Azərbaycan olub.

Əlbəttə ki, bu fikirdə güclü və müstəqil iqtisadiyyat, qüdrətli ordu, müstəqil xarici siyasət yürütmək imkanı, milli birlik və bir çox digər önəmli amillər nəzərdə tutulur. Etiraf olunmalıdır ki, 2003-cü ildən keçən müddət ərzində dövlət başçımızın bütün fəaliyyəti məhz bu həyati əhəmiyyət kəsb edən amillərin təmin edilməsinə istiqamətlənmişdi. Əldə olunan möhtəşəm nəticələr isə ötən 20 il ərzində qarşıda duran bütün vəzifələrin tamamilə və mükəmməl şəkildə yerinə yetirildiyini nümayiş etdirir.

 Prezident İlham Əliyevin dediyi kimi, əgər güclü Azərbaycan qurulmasaydı, ölkəmiz hansısa xarici qüvvələrdən istər siyasi, istər iqtisadi sahədə asılı olmuş olsaydı, bu zaman Azərbaycan heç vaxt öz ərazi bütövlüyünü və suverenliyini bərpa edə bilməzdi. Lakin dövlət başçımızın siyasi iradəsi, qətiyyəti, uğurlu daxili və xarici siyasəti sayəsində bütün bu hədəflərə çatdıq və bu gün artıq Azərbaycan üçün yeni dövr başlayır. Dövlətin və cəmiyyətin bir çox aspektlərdən tamamilə yeni və daha yüksək mərhələyə keçidi ilə səciyyələnən bu dövrdə qarşıda duran vəzifələrin icrası üçün yüksək tələblər irəli sürüləcək. Prezident İlham Əliyevin açıqlamaları da məhz bu tələblərə cavab verəcək daxili və xarici siyasət kursunun əsas istiqamətlərini özündə ehtiva etmiş oldu.

Bu gün beynəlxalq aləmdə cərəyan edən və gündəlik müşahidə etdiyimiz hadisələr bir daha təsdiq edir ki, müasir dünyada məhz güc amili getdikcə daha çox önə gətirilməkdədir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev hələ illər öncə bu tendensiyaya son dərəcə ciddi yanaşmağın və adekvat tədbirlər görməyin vacib olduğunu çıxışlarında dəfələrlə vurğulayıb. Bir çox ölkələr yalnız son dövrlərdə hərbi sahəyə daha çox diqqət ayırmağa başladıqları halda, Azərbaycanda ordu quruculuğu işi, ölkənin hərbi gücünün artırılması məsələsi daim dövlət başçımız tərəfindən xüsusi diqqət mərkəzində saxlanılıb. Məhz bu diqqətin nəticəsidir ki, hazırda Azərbaycan güclü, ən son silah və texnologiyalarla təchiz olunmuş, ən əsası müasir döyüş təcrübəsinə sahiblənmiş orduya malikdir. Bu məsələyə son dərəcə böyük önəm verən Prezident İlham Əliyev öz nitqində də xüsusi olaraq vurğuladı ki, bu gün Azərbaycan Ordusu ölkəmizə qarşı törədilə biləcək istənilən təxribata dərhal cavab verməyə hazırdır və bu günlərdə Ermənistanın növbəti belə bir təxribatına cavab olaraq keçirilmiş əməliyyat bunu bir daha əyani olaraq nümayiş etdirdi. Ölkənin xarici risklərdən effektiv müdafiəsini təmin etmək üçün tələb olunan əsas şərtlərdən biri də sərhədlərin etibarlı şəkildə qorunmasıdır. Dövlət başçımızın dediyi kimi, xüsusilə nəzərə almaq lazımdır ki, İkinci Qarabağ müharibəsindən sonra ölkəmiz həm uzun illər işğal altında olan Azərbaycan-İran sərhədinə qayıdıb, həm də Azərbaycan-Ermənistan şərti sərhədində yerləşib. Prezident sərhəd infrastrukturunun ən müasir üsul və texnologiyalar əsasında qurulmasına xüsusi diqqət yetirir. Bu ona görə vacibdir ki, bu gün Azərbaycanın daxilində risklər yoxdur. Bütün mümkün olan potensial risklər isə yalnız ölkəmizin hüdudlarından kənarda yerləşir və formalaşır. Məhz bu səbəbdən, təhlükəsizlik tədbirlərinin bundan sonra da görülməsi dövlət başçısı tərəfindən vacib vəzifə kimi qarşıya qoyulur.                                        

Novruzəli ASLANOV,

Milli Məclisin deputatı.