İtaliyalı senator Qarabağda keçirilmiş qondarma
Diaspora

İtaliyalı senator Qarabağda keçirilmiş qondarma "prezident seçkiləri"ni qınayıb

İtaliya Senatının İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri senator Marko Skurria Milli Məclisin Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri Azər Kərimliyə məktub ünvanlayıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, italiyalı senator Cənubi Qafqazda cərəyan edən prosesləri yaxından izlədiklərini bildirib, regionda Azərbaycan və Ermənistan xalqlarının faydalanacağı ədalətli və dayanıqlı sülhə nail olunmasına dair diləklərini çatdırıb, İtaliyanın Azərbaycanın ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiyini, ölkəmizin suverenliyi və ərazi bütövlüyü məsələsində həmişə aydın, ardıcıl və beynəlxalq hüquqa əsaslanan mövqe sərgilədiyini qeyd edib. Azərbaycanın Qarabağ bölgəsində keçirilən qondarma "prezident seçkiləri"ni tanımadıqlarını bəyan edən Marko Skurria belə qanunsuz hərəkətlərin beynəlxalq hüququn norma və prinsiplərini ciddi şəkildə pozduğunu, beynəlxalq ictimaiyyət tərəfindən pislənməli olduğunu vurğulayıb.

Məktubda, həmçinin regionda sülh və normallaşma istiqamətində göstərilən səylərə, habelə etnik erməni sakinlərin Azərbaycan Respublikasının Konstitusiyası çərçivəsində reinteqrasiyasına qəti dəstək ifadə edilib.