Kadr islahatları müasir dövrün tələbidir
Digər xəbərlər

Kadr islahatları müasir dövrün tələbidir

Cəmiyyətdə rəğbətlə qarşılanan islahatların miqyası olduqca geniş və şaxəlidir. Bu islahatların ölkə həyatının bütün sahələrində, o cümlədən idarəetmə strukturlarının işinin yenidən qurulmasında böyük rol oynayacağı şübhəsizdir. Xalq tərəfindən dəstəklənən bu islahatlar idarəetmə mexanizminin daha da təkmilləşməsi, gəncləşmə siyasətinin həyata keçirilməsi və peşəkar kadrların vəzifələrə gətirilməsi məqsədini güdür.

Ümummilli lider Heydər Əliyevin respublikanın güclü kadr bazasının yaradılmasında böyük xidmətləri olmuşdur. Ulu öndər hələ hakimiyyətinin birinci mərhələsində ictimai-siyasi, iqtisadi-sosial, hərbi, elmi-mədəni, humanitar və digər sahələrdə yüksək idarəetmə qabiliyyətinə malik peşəkar kadr potensialının formalaşması üçün mühüm işlər görmüşdür. İdarəetmədə böyük təcrübəyə malik olan ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu sahəsində reallaşdırdığı islahatların vacib bir istiqamətini də müstəqil dövlətin qarşıya qoyduğu vəzifələri həyata keçirə biləcək kadrların hazırlanması təşkil edirdi. Təsadüfi deyil ki, bu gün də dövlət strukturlarında dövrün tələbləri səviyyəsində idarəetmə bacarığına sahib olan, yeni təfəkkürlü, yüksək əxlaqi, mənəvi keyfiyyətlərə malik kadrlar irəli çəkilir.

Prezident İlham Əliyev tərəfindən dövrün tələblərinə uyğun olaraq, bütün sahələrdə həyata keçirilən islahatlar, o cümlədən kadr islahatları dövlət idarəçiliyinin təkmilləşdirilməsinə, qarşıya qoyulan vəzifələrin daha çevik yerinə yetirilməsinə yönəlmişdir. Belə ki, müasir inkişaf mərhələsində dövlət kadr siyasətinin əsas məqsədi dövlət idarəçiliyinin institut kimi effektivliyini və səmərəliliyini yüksəltməkdən ibarətdir. Məlumdur ki, kadr siyasəti hər bir dövlətin adekvat fəaliyyət göstərməsi üçün olduqca zəruridir.

Bu gün Prezident İlham Əliyevin yürütdüyü siyasi kursun prioriteti ölkəmizin dünya dövlətləri arasında layiqli yer tutması, iqtisadi yüksəlişə nail olmaq və insanlar üçün yüksək həyat standartları təmin etməkdir. Bu hədəfə çatmaq üçün isə köklü islahatlar həyata keçirilir. Reformalar ölkədə yeni siyasi və idarəçilik sistemini formalaşdırmaqla bərabər, düzgün kadr islahatlarının reallaşdırılmasını da təmin edir. Son vaxtlar ölkə başçısının rayon və şəhər icra hakimiyyətlərinə gənc rəhbərlər təyin etməsi, onlara etimad göstərməsi, xüsusilə də səlahiyyətlərinin icrasına başlamaları ərəfəsində onları qəbul edərək tövsiyələrini verməsi buna əyani sübutdur.

Kadr islahatları ölkənin inkişaf strategiyasının ana xəttini təşkil edir. Düzgün aparılan kadr siyasəti həm də bir növ ölkənin strateji ehtiyatlarının idarə edilməsi deməkdir. Bu gerçəkliklər fonunda Azərbaycanda son vaxtlar dövlət aparatının strukturu və funksiyaları optimallaşdırılmış, dövlət hakimiyyət orqanlarının kadr potensialının peşəkar səviyyədə inkişafı idarəetmədə səmərəliliyin artırılmasını təmin etmişdir. Bu məqsədlə, dövlət idarəçiliyinin və dövlət qulluqçularının davamlı peşəkar təlimi və normativ-hüquqi bazasının yaradılması prosesi uğurla davam etdirilir. Məhz Prezident İlham Əliyev tərəfindən son dövrlərdə aparılan struktur və kadr islahatları iqtisadiyyatımızın güclənməsinə, regionların sosial-iqtisadi inkişafının daha da sürətlənməsinə stimul verir. Dövlət rəhbəri bütün kadrlara, o cümlədən məmurlara qarşı tələbkarlığı daha da artırır, yeni vəzifəyə təyin etdiyi icra başçılarını qəbul edərək onların qarşısında idarəetmə işlərini müasir standartlara uyğunlaşdırmaq, iqtisadi inkişafa nail olmaq, məşğulluq problemlərini həll etmək kimi vacib məsələlər qoyur.

"Əminəm ki, hər bir rayonda, hər bir yerdə müasir idarəetmə qaydaları tətbiq olunarsa, bir çox problemlər aradan qaldırılacaq. Bax, dövlətin siyasəti bundan ibarətdir. Mən hər zaman Azərbaycan dövlətinin siyasətini birmənalı şəkildə ifadə edirdim, bunu ictimaiyyətə təqdim edirdim. Mənim bir çox çıxışlarım ictimaiyyət qarşısında hesabat xarakterli çıxışlardır və eyni zamanda, bütün dövlət məmurlarına, o cümlədən sahibkarlara dediyim sözlər, hesab edirəm ki, əsas olmalıdır". Bu sözləri Prezident İlham Əliyev iyulun 25-də Masallı, Lerik və Göygöl rayonlarına yeni təyin olunan icra başçılarını qəbul edərkən bildirmişdir. Vətəndaş məmnunluğunun artırılmasını hər bir məmurun qarşısında əsas tələb kimi qoyan dövlət başçısı sözügedən görüşdə bir daha bildirmişdir ki, siz daim insanlarla təmasda olmalı, onların problemlərini öz dillərindən eşitməli, təşəbbüskar olmalı, korrupsiyaya və rüşvətxorluğa qarşı qətiyyətli mübarizə aparmalısınız.

Digər tələblərdən biri isə rayonlarda olan iqtisadi potensialı real iqtisadi münasibətlərə çevirmək, yeni iş yerləri yaratmaqla vətəndaşların rifah halını yüksəltməkdən ibarətdir. Bunun üçün yerli və xarici sərmayənin rayonlara gətirilməsində təşəbbüskar kimi yerli icra başçıları şəxsən çıxış etməlidirlər.

İdarəetmədə ciddi islahatlarla yanaşı, təmizləmə işlərinin aparılması, torpaqların qanunsuz zəbt edilməsi, ekologiyaya ziyan vurulması sahibkarlığın inkişafına maneələr törədilməsi faktlarının aradan qaldırılmasına xidmət edir. Çıxışında qanunsuz əməllərinə, vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə bir neçə rayon icra hakimiyyəti başçısının cəzalandırılaraq məsuliyyətə cəlb olunduğunu xatırladan Prezident İlham Əliyev dövlətin yürütdüyü siyasətə xələl gətirən hər kəsin bundan sonra da qanun qarşısında cavab verəcəyini yeni təyin olunan icra başçılarının diqqətinə çatdırmışdır.

Son dövrlər respublikada korrupsiya ilə mübarizə üsulları daha da sərtləşdirilmiş, vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması prioritet sahəyə çevrilmişdir. Bu mübarizənin mərkəzində dövlət qulluqçularının şəffaf fəaliyyətinin təmin olunması və vətəndaş məmnunluğunun artırılması dayanır. Lakin buna baxmayaraq, geniş əhali qruplarını narazı salan bəzi neqativ hallar hələ də müşahidə olunur. Bu gün bütün neqativ hallara qarşı dövlət tərəfindən ciddi və qəti tədbirlər görülür. Öz çıxışında dövlət başçısının da qeyd etdiyi kimi, işində yol verdiyi qanun pozuntuları səbəbilə artıq bir neçə keçmiş icra başçısı cinayət məsuliyyətinə cəlb edilmişdir. Bu, bir daha Azərbaycanda qanunun aliliyi prinsipinə ciddi əməl olunduğunu göstərir.

Korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə, sosial ədalət prinsipinə bağlılıq, şəhid ailələrinə, müharibə iştirakçılarına diqqət, insanlarla sıx təmas, ekologiyaya qayğı, inşaat, kənd təsərrüfatı və turizm sahələrində qaydalara riayət etməklə sahibkarların cəlb edilməsi və təşəbbüskarlıq dövlət başçımızın icraedici hakimiyyətin yeni üzvləri qarşısında qoyduğu əsas tapşırıqlardır.

Ölkə başçısı respublikamıza rəhbərlik etdiyi ötən illər ərzində regionların sosial-iqtisadi inkişafını hər zaman diqqət mərkəzində saxlamış, bu istiqamətdə kompleks tədbirlər həyata keçirmişdir. Prezident İlham Əliyevin 11 fevral 2004-cü il tarixdə imzaladığı Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair (2004-2008-ci illər) Dövlət Proqramı aktuallığına, əhəmiyyətinə və miqyasına görə mühüm əhəmiyyət kəsb etmişdir. 2004-cü ildə birinci Dövlət Proqramının qəbulu ilə nail olunan inkişaf ölkəmizin bugünkü reallıqlarıdır. 2009-2013 və 2014-2018-ci illər üzrə Dövlət proqramları da ölkənin regionlarının sosial-iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində böyük rol oynamışdır. Məhz bu proqramlar regionlarda şəhər, qəsəbə və kəndlərin simasını köklü şəkildə dəyişmiş, regionların potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə geniş imkanlar yaratmışdır. Beləliklə, bu günə qədər ölkəmizdə regionların sosial-iqtisadi inkişafina dair 3 Dövlət Proqramı uğurla icra edilmiş, 4-cü sənədin icrası isə davam etdirilir.

Mübaliğəsiz demək olar ki, Azərbaycanın hər bir bölgəsi inkişaf, tərəqqi dövrünü yaşayır, hər bir bölgənin inkişafinda əhəmiyyətli rol oynayan infrastruktur tamamilə yenilənir və müasir tələblər səviyyəsində yenidən qurulur. Rayon və bölgələrdə həyata keçirilən Dövlət proqramlarının effektiv icrasının təmin olunmasında rayon icra hakimiyyəti strukturlarının xüsusi rolu var.

Ölkə Prezidenti cənab İlham Əliyev hər zaman çıxışlarında şəhid ailələrinə və qazilərə daha çox diqqət və qayğı göstərilməsinin vacibliyini qeyd edir. Bu, bir həqiqətdir ki, hazırda dövlətimiz tərəfindən bu istiqamətdə əhatəli və effektiv iş aparılır, böyük layihələr həyata keçirilir. Şəhid ailələri və müharibə əlillərinin məişət problemləri dövlət tərəfindən həll olunur. İndiyədək 12 500-dən çox şəhid ailəsinə dövlət tərəfindən mənzillər, fərdi evlər, minlərlə minik maşınları verilmişdir. Dövlət öz üzərinə düşən vəzifəni uğurla icra edir. Təkcə şəhid ailələri və qazilərə deyil, Vətən müharibəsində iştirak etmiş hər bir hərbçinin ailəsinə dövlət həssaslıqla yanaşır. Bu yanaşma bütün dövlət orqanları tərəfindən həyata keçirilməli, 30 illik həsrətdən sonra Azərbaycan xalqına qələbə sevincini yaşadan qəhrəmanlara və onların ailələrinə lazımi diqqət və qayğı göstərilməlidir. Çünki tarixi Qələbəmizin əldə olunması məhz onların xidmətidir. Dövlət bu sahədə üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir. Yerli icra və özünüidarəetmə orqanları da bunu davam etdirməli və həssas kateqoriyadan olan şəxslərə maksimum qayğı ilə yanaşmalıdırlar. Qeyd edək ki, bunun ən yüksək səviyyədə təmin olunması üçün Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 yanvar tarixli Fərmanı ilə yerli icra hakimiyyəti orqanlarının strukturunda Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi yaradılmış və şöbə qarşısında müvafiq tapşırıqlar qoyulmuşdur. Bu addım ölkəmizdə sosial siyasətin şaxələnməsi və institutlaşdırılması istiqamətində atılan önəmli addımlardan biridir. Möhtərəm Prezidentimizin dediyi kimi, Azərbaycan dövlətinin siyasəti Azərbaycan xalqının rifah halının yaxşılaşmasına istiqamətləndirilib.

Azərbaycan vətəndaşı əmindir ki, ölkədə ardıcıl olaraq həyata keçirilən sosial proqramlar, layihələr, bütün sahələrdə aparılan islahatlar onların rifahının yüksəlməsinə hesablanıb. Ölkənin idarə olunmasında və digər sahələrdə dərin islahatların aparılması Azərbaycanın beynəlxalq mövqeyinin getdikcə güclənməsinə səbəb olmaqla yanaşı, bu islahatlar yeni idarəetmə sistemi yaratmağa, cəmiyyətin inkişafına əngəl olan bütün maneələri qətiyyətlə aradan qaldırmağa, xalqın arzuladığı tam şəffaf və demokratik bir sistem qurmağa imkan verəcəkdir.

M.MİRZƏ,

"Respublika".