Keçəl dərman bilsə, öz başına sürtər
Siyasət

Keçəl dərman bilsə, öz başına sürtər

Hər çalınan havaya oynayan İrəvan rəsmiləri indi də iddia edirlər ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin hərbi sirlərini Bakıya satır. Bu barədə Ermənistan "Demokratik Platforma" fondunun direktoru Qaregin Miskaryan bu iddia ilə çıxış edib. O bildirib ki, ölkəsi KTMT-yə silahlar barədə məlumat verir, amma sözügedən qurum informasiyanı əldə etdikdən sonra Azərbaycana ötürür. Miskaryan bunu onunla əlaqələndirib ki, təşkilat artıq İrəvanın müttəfiqi deyil, hətta düşmənidir. Buna görə də əlaqələri kəsmək lazımdır. Bu açıqlamanın elə ilk baxışdan hökumətlə razılaşdırıldığı görünür.

Əvvəlcə ona görə ki, hansısa fondun təmsilçisinin belə konfidensial məlumatları bilməsi mümkün deyil. Digər tərəfdən, son dövrlərdə İrəvan rəhbərliyinin KTMT-yə qarşı kəskin münasibəti nəzərə alınmalıdır. Baş nazir Nikol Paşinyan açıq şəkildə bildirib ki, ölkəsinin sözügedən alyansdakı iştirakı dondurulub. Bunun fonunda görünən odur ki, "Demokratik Platforma" fondunun direktorunun iddiası əslində, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından tamamilə uzaqlaşmaq üçün bir bəhanədir. Paşinyan erməni cəmiyyətinə və beynəlxalq ictimaiyyətə mesaj verməyə çalışır ki, ölkəsi KTMT tərəfindən dəstəklənmir. Baş nazir bir növ Ermənistanın sözügedən təşkilatdan qopmasına haqq qazandırır.

İrəvan bu iddiadan istifadə edərək Kremldən uzaqlaşma siyasəti yürüdür, əvəzində isə Qərblə yaxınlaşmaq meyillərini gücləndirir. Nəzərə almaq lazımdır ki, Paşinyanın KTMT-yə qarşı kəskin reaksiyası Fransaya səfərindən sonra özünü daha qabarıq göstərməyə başlayıb. Onsuz da sərhəddə "qoca qitə"nin mülki missiyasının tərkibi genişləndirilir, beynəlxalq platformalarda İrəvana dəstək nümayiş etdirilir. Parisdə Paşinyan ilə Makron arasında sonuncu təmaslardan sonra isə silah yardımına dair konkret mesajlar verilib. Bunun fonunda Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı barədə səsləndirdiyi iddiaların Yelisey sarayının göstərişi ilə verilməsi aydın görünür. Çünki Fransanın bölgədə maraqları var və Makron hökuməti nəyin bahasına olursa-olsun, Ermənistanı plastarm kimi istifadə etməklə Qərbi və Mərkəzi Asiyadakı planlarını həyata keçirməyi düşünür. Üstəlik, Ermənistan KTMT hərbi sirlərimizi Bakıya ötürür, iddiasını gündəmə gətirməklə Yelisey sarayı ilə əməkdaşlığını fərqli müstəviyə daşıyır. Belə ki, Fransanın Xarici Təhlükəsizlik Baş İdarəsi ilə Ermənistan kəşfiyyatı arasında Azərbaycan, İran, Rusiya və Türkiyə üzrə kəşfiyyat məlumatlarının mübadiləsinə dair razılıq əldə olunub. Parisin "Aqoravox" nəşrinin yaydığı məlumatda o da qeyd edilib ki, Fransa Ermənistana xüsusilə sərhədlər boyunca mövcud hərbi vəziyyətlə bağlı peyk məlumatlarını göndərəcək. İndiki məqamda belə bir addımın atılması isə cütlüyün Cənubi Qafqaz regionunun gələcəyi ilə bağlı təhlükəli planlarına işarə edir. Rəsmi İrəvan və Paris bölgədə eskalyasiyanın genişlənməsinə hər cür səy göstərir.

Amma atalar yaxşı deyib, keçəl dərman bilsə, öz başına sürtər. Belə ki, son dövrlərdə Fransa kəşfiyyat xidməti Azərbaycanda ciddi zərbələr alıb. Bu ölkənin kəşfiyyat şəbəkəsinin üzvləri həbs olunub, məxfi fəaliyyətlə məşğul olan diplomatlar ölkədən çıxarılıb. Ötən ilin dekabrında Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsi paytaxtımızda ifşa olunub.

Casusluq əməlləri törətməkdə şübhəli bilinən fransız Martin Rayan 2023-cü il dekabrın 4-də həbs edilib. Bu halda rəsmi Paris Bakı ilə bağlı hansı məlumatları İrəvana ötürə bilər? Odur ki, Makron-Paşinyan cütlüyünün planları Cənubi Qafqazdakı geosiyasi reallığı dəyişdirə bilməyəcək. Çünki Qərbin və yaxud konkret olaraq Fransanın İrəvanı qoruyacağını düşünmək sadəlövhlük olar. Artıq Makronun ifrat tərəfkeşlik üzərində qurduğu xarici siyasət iflasa uğrayıb. Buna görə də yaxın gələcəkdə Paşinyan Administrasiyasını daha ciddi təhlükələrlə üz-üzə qoyacaq.

Jalə QASIMZADƏ,

"Respublika".