Ki-Uest görüşü
Siyasət

Ki-Uest görüşü

Erməni fitnəkarlığı tarix boyu özünü müxtəlif istiqamətlərdə göstərib. Regionun üzərini qara buludtək alan hay əməlləri sabitliyin önündə ən böyük maneə olmuşdur. Suverenliyimizin və ərazi bütövlüyümüzün tam bərpası 30 ilə başa gəlmişdir. Lakin daha keçmişə nəzər salsaq, görərik ki, son 200 ildə bölgədə baş verən bütün qarşıdurmalarda erməni barmağı var. Birinci Qarabağ müharibəsindən sonra 1994-cü ildə atəşkəs barədə razılıq Cənubi Qafqazda pozulan sabitliyin bərpası üçün əsl imkan yaratdı. Amma necə deyərlər, erməni ermənidi. Sədərəkdən başlayan sülh danışıqlarının 2001-ci ildə "kiçik Ağ Ev"ə (Florida) yönəldiyi bir dövrdə hay hiyləgərliyi bu dəfə də özünü göstərdi, lakin ulu öndər Heydər Əliyevin siyasi qətiyyəti nəticəsində Ki-Uest görüşü növbəti erməni fiaskosu kimi tarixə düşdü.

Əsası 1992-ci ildə qoyulan və münaqişənin həllində mayak rolunu oynaması gözlənilən ATƏT-in keçmiş Minsk qrupu münaqişənin tarixində uğurlu heç nə ilə yadda qalmadı. Əsas prinsipləri erməni dəyirmanına su tökmək olan bu qurum keçmiş Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olsa da, heç öz fəaliyyətini bu məsələdə düzgün təşkil edə bilmədi. Ermənistan hakimiyyəti isə Minsk qrupundan olduqca məmnun idi. Məsələnin uzanması qondarma rejim üçün yeni ümidlər yaradırdı. Birinci Qarabağ müharibəsindən sonra ilk dəfə olaraq 1999-cu ildə Sədərəkdə görüşən Azərbaycan və Ermənistan prezidentləri münaqişənin həllinə çox yaxın idilər. Lakin hayların fitnəkarlığı bu dəfə də gecikmədi. Görüşdən cəmi 16 gün sonra - 27 oktyabr 1999-cu ildə Ermənistan parlamentində terakt baş tutdu və bununla da Qarabağ razılaşması dalana dirəndi. 

"Dağlıq Qarabağ" münaqişəsinin həll edilməsi labüd idi. Azərbaycan tərəfi Ermənistanı dəfələrlə sülh masasına dəvət etmişdi. Lakin düşmənin diplomatiyada da döyüş meydanındakı kimi hiyləgərliyə əl atması danışıqları nəticəsiz edirdi. Ulu öndər Heydər Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistan prezidenti Robert Köçəryanla bir neçə dəfə görüşüb ki, bunlardan biri tarixə Ki-Uest görüşü kimi düşüb. 2001-ci il 3 aprel tarixində ABŞ-ın Florida ştatının Ki-Uest şəhərində ilk dəfə olaraq ABŞ-ın dövlət katibi Kolin Pauellin vasitəçiliyi ilə ATƏT-in keçmiş Minsk qrupunun ABŞ, Fransa və Rusiyadan olan həmsədrlərinin iştirakı ilə Azərbaycan Prezidenti Heydər Əliyev və Ermənistan prezidenti Robert Köçəryanın görüşü baş tutub. Görüş zamanı Heydər Əliyev Azərbaycan torpaqlarının hələ də işğal altında olduğunu, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinin həyata keçirilmədiyini xatırlatmış, münaqişənin tənzimlənməsinə dair Minsk qrupunun irəli sürdüyü üç təklifin hər birinin ölkəmizin mənafeyinə zidd olduğunu vurğulayaraq buna qəti etirazını bildirmişdi: "Azərbaycan həmsədrlərin birinci və ikinci təkliflərini danışıqlar prosesinin aparılması üçün əsas kimi qəbul etmişdir, baxmayaraq ki, bu təkliflərin bəzi müddəaları beynəlxalq hüququn norma və prinsiplərinə zidd idi. Azərbaycanın ərazi bütövlüyü prinsipini tam təmin etmirdi. Hətta belə bir vəziyyətdə də Ermənistan bu təklifləri qəbul etməkdən imtina etdi və açıq-aşkar qeyri-konstruktiv mövqe tutdu. Həmsədrlərin "ümumi dövlət" təklifini biz qəbul etmədik. Heç bir beynəlxalq-hüquqi bazası olmayan "ümumi dövlət" məfhumu Dağlıq Qarabağı müstəqil dövlət və ərazi qurumu kimi nəzərdə tutur, ona Azərbaycan ilə bərabərhüquqlu "ümumi dövlət" subyekti statusu verir. Bu təklif beynəlxalq hüququn prinsip və normalarına tamamilə ziddir. Azərbaycanı öz ərazisinin bir hissəsindən məhrum edir və faktiki olaraq Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını qanuniləşdirir".

Ki-Uest görüşündə Ermənistan tərəfi növbəti dəfə hiyləgərlik işlətmişdi. Belə ki, işğal altında olan 8 rayondan 5-nin geri qaytarılmasını təklif edən düşmən 3 rayon məsələsini isə növbəti mərhələyə saxlamağı təklif etmişdi. Azərbaycan tərəfi bu razılaşmaya qol çəksəydi, faktiki olaraq, "Dağlıq Qarabağ" "respublikasını" tanımağa məcbur olacaqdı. Ulu öndər bu fitnəkarlığı fiaskoya uğratmışdı. Ermənistan prezidenti Robert Köçəryan sonralar bu məsələyə belə münasibət bildirmişdi: "Mən görüş yerinə Heydər Əliyevdən öncə gəlmişdim. Daha sonra onun gəldiyini mənə xəbər verdilər. Mən onun əlində qovluq görmədim. Bununla da başa düşdüm ki, hər şey bitib, sənədlər imzalanmayacaq".

Beləliklə, ulu öndər 6 nəfərə qarşı tək mübarizə apardığı Ki-Uest görüşündən qətiyyətlə ayrılmışdır. Danışıqlar nəticəsiz qalsa da, ümummilli lider Heydər Əliyev xüsusi diplomatik peşəkarlıq nümunəsi göstərmişdi. Corc Buş "Heydər Əliyevin şəksiz liderliyinə, cəsarətinə, misilsiz dünyagörüşünə və natiqlik istedadına" heyran qaldığını gizlətməmişdi.

Ki-Uest görüşü, həmçinin ATƏT-in keçmiş Minsk qrupunun növbəti uğursuzluğu kimi qəbul olundu. Ulu öndərin həmin dövrdə görüşlə bağlı verdiyi açıqlama da bunu bir daha təsdiq etmişdi: "Təəssüf ki, bizim görüşlərimizdən arxayınlaşaraq ATƏT-in Minsk qrupunun həmsədrləri passiv gözləmə mövqeyi tutmuşlar və onlar öz fəaliyyətini "Prezidenlər nə barədə razılığa gəlsələr, bu, ATƏT üçün məqbul olacaqdır" prinsipi ilə məhdudlaşdırmışlar. Biz isə hesab edirik ki, prezidentlərin görüşü ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətini əvəz etmir. Əksinə, bunlar bir-birini qarşılıqlı surətdə tamamlayaraq, münaqişənin qəti həlli üçün danışıqlar prosesinin irəliləyişini təmin etməlidir". Yarandığı ilk dövrdə fəaliyyətsizliyini nümayiş etdirən qurum İkinci Qarabağ müharibəsindən sonra fəaliyyətini dayandırdı.

Həmin dövrdə sülh razılaşması üçün ən real fürsət Ki-Uest danışıqları idi. Lakin Ermənistan rəhbərliyinin növbəti dəfə qeyri-konstruktiv mövqe sərgiləməsi "Dağlıq Qarabağ" məsələsinin həllini nəticəsiz etdi. Məhz bu görüşdən sonra ümumən proses tezləşsə də, münaqişə 2020-ci ilədək həll olunmamış qaldı.

Tacir SADIQOV,

"Respublika".