Kim uddu, kim uduzdu...
Siyasət

Kim uddu, kim uduzdu...

Qalib Azərbaycan qarşılıqlı konstruktiv fəaliyyətə sadiqliyini bir daha nümayiş etdirdi

Ermənilər isə BMT-dən gözlədiklərini ala bilmədilər

Ermənistan və dünya erməniliyi öz xislətlərinə uyğun olaraq erməni hiyləgərliyi ilə beynəlxalq təşkilatlardan haqq, ədalət umurlar. BMT-yə ifrat dərəcədə saxtakarlıq və şantajla dolu müraciət ünvanlayan Ermənistan Azərbaycanı Qarabağda və Laçın yolunda problemlər yaratmaqda ittiham etmək üçün qədim erməni bicliyini işə salıb. Atalar sözüdür, yel qayadan nə aparar, it hürər, karvan keçər. Ermənistan və Qarabağdakı separatçı, xunta rejimi BMT-dən gözlədiklərini ala bilmədi, növbəti dəfə təkləndilər, rüsvayçılıqla məğlub oldular.

Avqustun 16-da keçirilən BMT Təhlükəsizlik Şurasının iclasının qərarını dörd gözlə gözləyən Ermənistan və onun Qarabağdakı separatçı dəstəsi ağır zərbə aldı və bu mötəbər təşkilatın daimi üzvü olan ölkələr ermənilərin Azərbaycana qarşı yalan və iftiralarına, qarayaxma kampaniyasına növbəti dəfə "yox" dedilər. Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası Laçın yolundakı vəziyyətə dair iclası Ermənistan və onun xaricdəki havadarlarının rüsvayçı şəkildə məğlub olması ilə başa çatdı. Vaxtilə torpaqlarımıza köçürülən və burada məskunlaşdırılan ermənilər tarixi saxtalaşdırmaq, özgə torpaqlarına göz dikmək, başqa xalqlara qarşı nifrət, yalan və böhtan atmaq onların faşist təfəkkürünə, daşnak xislətinə elə hopub ki, uzun illərdir ki, müalicəsi mümkün olmur. Avqustun 16-da erməni yalanı tərs şillə aldı, Ermənistan və onun Qarabağdakı separatçı dəstəsinin gözləntilərinin əksinə olaraq Təhlükəsizlik Şurasının dünənki iclasında heç bir qərar, hansısa sənəd qəbul olunmadı. Əksinə, ABŞ, Rusiya, Çin, Yaponiya, Türkiyə kimi nəhəng dövlətlərin nümayəndələrinin BMT-dəki çıxışları Ermənistan və havadarları üçün çox mühüm mesaj oldu. Adıçəkilən ölkələrin BMT-dəki nümayəndələri Azərbaycanın haqlı mövqeyini açıq şəkildə dəstəklədilər və bəyan etdilər ki, istər Laçın yolundan istifadə, istərsə də separatçıların digər qanunsuz tələbləri ilə bağlı məsələlər ərazi bütövlüyü prinsipləri çərçivəsində həll edilməlidir.

Bəli, bu Azərbaycan diplomatiyasının növbəti qələbəsidir, rəsmi Bakının haqlı mövqeyinin təsdiqidir. Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski isə çıxışında Ermənistanı üzərinə götürdüyü öhdəlikləri, o cümlədən Laçın yoluna alternativ Ağdam-Xankəndi yolunun açılması ilə bağlı razılaşmaları pozmaqda günahlandırıb. Diplomat çıxışında bildirib ki, bu il iyulun 25-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqlar zamanı biz gərginliyin azaldılması üçün real kompromis həll yollarını təklif etdik və bunu hər iki tərəf nəzərə aldı. Söhbət mülki və qeyri-hərbi malların daşınması üçün Ağdam və Laçın vasitəsilə paralel dəhlizlərin açılmasından gedir. Bu, rəsmi Bakının səlahiyyətli nümayəndələri ilə Qarabağın erməni əhalisi arasında tez bir zamanda birbaşa dialoqun başlanması üçün lazımi ilkin şərtlər yaradacaq. Diplomat daha sonra bildirib ki, Rusiya Federasiyası hər iki tərəfin dəstəyi ilə mövcud böhranın mümkün qədər tez həll edilməsi, eləcə də bütövlükdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına kömək etmək üçün bütün səylərini göstərir. Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin 2020-2022-ci illər üçün bəyanatlar toplusu Bakı və İrəvanın barışması üçün mübahisəsiz yol xəritəsi olaraq qalır. Qeyd olunub ki, üçtərəfli sazişlərin potensialı tükənmək üzrə deyil və əsas komponentlər Rusiyanın ekspert yardımı ilə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və sonradan demarkasiyası, üçtərəfli işçi qrupun həmsədrliyi çərçivəsində Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri tərəfindən Ermənistan-Azərbaycan sülh müqaviləsinin hazırlanmasına köməklik göstərilməsi, parlamentarilər və ictimaiyyətin nüfuzlu nümayəndələri arasında dialoqun inkişafı, nəqliyyat kommunikasiyalarının blokunun açılmasıdır. Bu sahələrin hər birində müəyyən irəliləyişlər əldə edilib. Rusiya müvafiq səylər göstərməyə davam etməkdə qərarlıdır. Ermənistan-Azərbaycan barışığı hamılıqla tanınmış beynəlxalq prinsiplər əsasında baş tutmalıdır. Bu məntiq Ermənistan və Azərbaycan liderləri arasında 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması haqqında dəfələrlə təsdiqlənmiş, son razılaşmalardan irəli gəlir.

Zənnimizcə, BMT Təhlükəsizlik Şurasının Ermənistanın təşəbbüsü ilə keçirilmiş iclas zamanı Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərlə bağlı guya hansısa humanitar vəziyyətin olması ilə bağlı iddiaları bir daha ifşa edildi. İclas həmçinin Ermənistanın siyasətinin əsl mahiyyətinin Azərbaycana qarşı ərazi iddiaları və onun daxili işlərinə qarışmaq olduğunu bir daha açıq şəkildə göstərdi.

Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı açıqlamada bildirilir ki, Ermənistandan və vaxtilə hərbi istila yolu ilə ələ keçirərək 30 il işğal altında saxladığı Azərbaycan torpaqlarından bir milyondan artıq azərbaycanlını qovmuş və onların geri qayıtmasına imkan verməyən Ermənistanın indi Azərbaycanı hansısa humanitar məsələdə ittiham etməyə çalışması ikiüzlülükdür. 2020-ci il müharibəsi zamanı Azərbaycanın Qarabağ bölgəsindən köçmüş ermənilərin müharibədən dərhal sonra təhlükəsiz şəkildə öz evlərinə qayıtmasına imkan yaratmış və hazırda onların reinteqrasiyasına çalışan Azərbaycan tərəfi öz Konstitusiyasının və insan hüquqlarının aliliyini təmin edir və bölgədə davamlı sülhün əsaslarını möhkəmləndirir. Haqlı olaraq Qərbi Azərbaycan İcması dünya birliyini beynəlxalq sülh və təhlükəsizliyə böyük təhdid olan Ermənistanın ərazi ekspansiyası siyasətini və monoetniklik ideologiyasını pisləməyə, onun Azərbaycan ərazisində qanunsuz yerləşdirdiyi silahlı birləşmələri dərhal çıxarması və orada yaşayan ermənilərin reinteqrasiyasına əngəl törətməsini dayandırması üçün bu dövlətə təzyiq etməyə çağırır. Eyni zamanda icma BMT Təhlükəsizlik Şurasının son iclasında da göründüyü kimi, Fransanın Azərbaycana qarşı bütün platformalarda sistematik xarakter almış düşmən münasibətini kəskin şəkildə pisləyib. Qərbi Azərbaycan İcması rəsmi Parisi azərbaycanofobiya siyasətindən əl çəkməyə və BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi statusundan sui-istifadə etməməyə çağırır.

Zəhərli ideyalarla azərbaycanlılara qarşı nifrət və qəddarlıq nümayiş etdirən Ermənistan özünü indi də "demokrat" cildində dünyaya sırıyır. Azərbaycanın mövqeyi isə belədir ki, Ermənistan yaxşı qonşuluq siyasəti aparmaq istəyirsə, 2020-ci ilin 10 noyabr Bəyanatının bütün müddəalarını yerinə yetirməlidir. Azərbaycanla sülh üzrə aparılan danışıqlarda səmimi olmalıdır, süni şəkildə vaxt uzatmamalıdır, hansısa möcüzəni gözləməməlidir. Göründüyü kimi, ermənilərin və onların fransız havadarlarının boş xəyalları puç olur, paxır bağlamış fərziyyələri dəfn edilir, Qarabağdakı separatçıların və talançıların aqibəti isə ələ keçirilən cinayətkarlardan fərqli olmayacaq, öz layiqli cəzalarına çatacaqlar.

Salman ALIOĞLU,

"Respublika".