Kinoa, küncüt və ...
Region

Kinoa, küncüt və ...

Saatlı rayonunun fermerləri əkinçilik sahəsində maraqlı axtarışlar aparırlar. Susuzluğa, yerli iqlim şəraitinə uyğun olan və daha məhsuldar bitkilərin əkininə xüsusi diqqət yetirilir. İlk dəfə əkilən kinoa bitkisi məhz belələrindəndir. "Bəşəriyyətin xilaskarı" adlandırılan bu bitki bölgə iqliminə uyğunlaşdığı üçün onun əkininə maraq var. Ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsi və yem bazasının daha da inkişaf etdirilməsi üçün qeyri-ənənəvi bitkiləri regionlara uyğunlaşdırmaqla sınaq əkini həyata keçirilir. Saatlıda da bir neçə növ qeyri-ənənəvi bitkinin əkini aparılıb. Bunlar arasında ilk dəfə əkilən kinoa bitkisindən yüksək çıxış əldə olunub.

Kinoanın tərkibində yüksək protein var. Bu baxımdan qida məhsulu kimi çox əhəmiyyətli bitkidir. Sınaq üçün darı, soya, sorqo, amarand və digər bitki toxumları da əkilib. Əsas diqqəti çəkən bitkilərdən biri də sorqodur. Sorqo əsasən quraqlığa dözümlü olması ilə seçilir. Bundan başqa, sınaqdan uğurlu çıxan bitkilərdən biri də amarandır. Yüksək məhsuldarlığa malikdir və yem kimi istifadə olunmaqla yanaşı, dərman preparatlarının hazırlanmasında da faydalıdır.

Qeyd etdiyimiz kimi, Saatlı rayonu aran bölgəsi olduğu üçün burada əsasən susuzluğa və quraqlığa dözümlü bitki toxumlarına geniş meydan verilir. Bunlardan biri də küncütdür. Arpa biçinindən sonra tarlaya küncüt səpilir. Küncüt 3 ay ərzində yetişir. Fermerlər deyirlər ki, küncütün toxumu 3 rəngdə olur - ağ, qara və mixəyi... Saatlı torpaqları üçün mixəyi toxumlar əlverişlidir. Hektara cəmi 2 kiloqram toxum səpilərsə, həmin sahənin  hektarından 1 ton məhsul götürmək mümkündür.

Fermerlər əldə etdikləri küncütü yerli bazarlarda satırlar. Bir kiloqram küncütün bazar qiyməti 3-5 manat arasında dəyişir. Qonşu Beyləqan rayonunda da fermerlər Saatlı təcrübəsindən istifadə edib küncüt əkininə sahə ayırmışlar.

Tofiq HÜSEYN,

"Respublika".