Kitab dünyagörüşünü artırmaq üçün güclü vasitədir
Mədəniyyət

Kitab dünyagörüşünü artırmaq üçün güclü vasitədir

23 Aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

“Azərbaycan xalqının, bütün türkdilli xalqların  böyük tarixi abidəsi olan “Kitabi-Dədə Qorqud” 1300 ildir ki, yaşayır. Əgər 1300 ildən öncə “Kitabi-Dədə Qorqud” dastanlarının yaranması üçün xalqlarımızın nə qədər səylər qoyduğunu və nəhayət, bu tarixi abidəni yaratdığını nəzərə alsaq, onda təsəvvür edə bilərik ki,  bizim xalqlarımızın nə qədər qədim tarixi, dərin kökləri və nə qədər  zəngin mədəniyyəti vardır”. Yazımıza ulu öndər Heydər Əliyevin “Kitabi-Dədə Qorqud” eposunun 1300 illiyi münasibətilə  keçirilən tədbirdə səsləndirdiyi  bu fikirlərlə başlamağımız heç də təsadüfi deyil.  Çünki Ümumdünya Kitab Gününün  qeyd edildiyi bir gündə  dünya mədəniyyətinin xəzinəsi sayılan kitablardan söz açmaq təbiidir. Əgər dünyanın müxtəlif nöqtələrində, ayrı-ayrı zamanlarda  bütün insanlığı düşündürən, təəccübləndirən kitab nümunələri yaranmasaydı, onlar dünya xalqlarının mənəvi sərvətlər  xəzinəsinə daxil olmasaydı, heç belə bir günün təsis edilməsinə də ehtiyac olmazdı.

UNESCO-nun 1995-ci ildə  keçirilən 28-ci sessiyasında  aprelin  23-nün Ümumdünya Kitab və ya Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü kimi  qeyd edilməsi barədə  qərar qəbul olunub.  Dünyanın müxtəlif ölkələrində  bu günün keçirilməsilə  bağlı maraqlı məlumatlar var.  Məsələn, İspaniyada Kitab Günü 1926-cı ildən hər il oktyabrın 7-də, Migel de  Servantesin anadan olduğu güman edilən tarixdə qeyd olunmağa başlayıb. Lakin bu günü açıq havada gəzinti və kitabları vərəqləmək üçün daha mülayim mövsümdə qeyd etmək  məqsədəuyğun hesab edilib. Beləliklə, 1930-cu ildə Kral XIII Alfonso, Servantesin  ehtimal edilən ölüm tarixi olan  23 apreldə Kitab Gününün  qeyd edilməsini qərara alıb.

İsveçdə bu gün Ümumdünya Kitab Günü kimi tanınır və müəllif hüququ aspekti  nadir hallarda qeyd olunur. Adətən, aprelin 23-də qeyd olunan Kitab Gününün  Pasxa bayramı ilə  toqquşmaması üçün 2000 və 2011-ci illərdə aprelin 13-nə çəkilib.

Böyük Britaniya və İrlandiyada Ümumdünya Kitab Günü  mart ayında hər il  ilk cümə axşamı  keçirilən və xüsusi nəşrlərin  buraxılışı ilə üst-üstə düşən xeyriyyə  tədbiridir. Hər il aprelin 23-də qeyd olunan Ümumdünya Kitab Gecəsi müstəqil xeyriyyə təşkilatı The Reading Agency tərəfindən təşkil edilir.

Amerika Birləşmiş Ştatlarının Merilend  ştatının  Kensinqton  şəhərində Beynəlxalq Kitab Günü 26 apreldə ən yaxın bazar günü küçə festivalı ilə qeyd olunur. 2020-ci ildə 15-ci İllik Kensinqton Kitab Festivalı Günü COVID-19  pandemiyası səbəbindən ləğv edilib.

Azərbaycanda Ümumdünya Kitab Günü və ya Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü 1997-ci ildən  qeyd olunmağa başlayıb.

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün qeyd edilməsi kitablardan  və mütaliədən zövq almağı təşviq edir. Bu münasibətlə UNESCO və kitab sənayesinin  üç əsas sektorunu – naşirləri, kitab ticarətçilərini və kitabxanaları təmsil edən  beynəlxalq təşkilatlar hər il  şəhərlərdən birini Ümumdünya Kitab Paytaxtı kimi seçirlər.

Hər il UNESCO-nun Baş qərargahında  böyük bayram tədbiri keçirilir. Kitab ticarətçiləri, nəşriyyat şirkətləri və rəssamlar kitablara və mütaliəyə olan  sevgilərini gənclərlə praktik  seminarlar keçirmək vasitəsilə (mətbəə, illüstrasiya, kitab cildlənməsi və s.)  bölüşmək üçün dəvət olunurlar.

Kitab və mütaliə ilə bağlı  rekordlar mütəmadi olaraq yenilənir. Dünyanın ən böyük kitabxana fondu  Britaniyada yerləşir. Maddi dəyəri  170 milyonu keçən Britaniya Milli Kitabxanası özündə 5 kitabxana sistemini birləşdirir. Hətta İngiltərə parlamenti  kitabxananın qorunması haqqında qanun da qəbul edib. Hazırda Britaniya Milli Kitabxanasında 150 milyona yaxın kitab saxlanılır.

Dünyanın ən kiçik kitabı nominasiyası üzrə rekord isə Omsk şəhərində yaşayan mikrominiatür ustaları Anatoli və Stanislav Konanko tərəfindən yenilənib. Ən kiçik kitabxana İngiltərənin Uestberi – sab – Mendip şəhərində telefon köşkündə yerləşir. Şəhər sakinləri simvolik qiymətə (1 funt) telefon köşkünü alaraq, onu dünyanın ən kiçik kitabxanası düzəldiblər. Açıq havada yerləşən kitabxana ilin 365 günü, sutkanın 24 saatı açıq olur.

Dünyanın ən böyük kitabı isə Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi  şəhərində qeydə alınıb. Müqəddəs Ramazan ayı  münasibətilə Məhəmməd Peyğəmbərin  həyatına həsr olunan kitabın çəkisi 1,5 tondur. 30 alimin əsərinin daxil edildiyi kitabı ərsəyə gətirmək üçün 300 işçi dörd il ərzində onun üzərində çalışıb. Kitab 22 beynəlxalq və yerli  mükafata layiq görülüb, habelə “Ginnesin rekordlar kitabı”nda fəxri yer tutub. Ən bahalı kitab isə Leonardo da Vinçinin “Lester kodeksi” sayılır. Qiyməti 30 milyondan bir az artıq  dəyərləndirilən bu kitab Bill Qeytsə məxsusdur.

Ənənəvi olaraq hər il UNESCO Kitab Gününü  müxtəlif mövzulara həsr edir. UNESCO kitabları və müəlliflik hüququnu təbliğ etməklə yaradıcılığın,  mədəni müxtəlifliyin və bütün fəaliyyət sahələrində biliklərə bərabərhüquqlu  əlçatanlığın  tərəfdarı kimi çıxış edir,  kitab işinin və qiraətin təşviqinə kömək edir.

Zümrüd QURBANQIZI,

“Respublika”.