Konstitusiyamız bəşəri hüquqi bazaya malikdir
Digər xəbərlər

Konstitusiyamız bəşəri hüquqi bazaya malikdir

Azərbaycan Respublikasının Konstitusiyası müstəqilliyimiz bərpa edildikdən sonra 1995-ci il noyabrın 12-də ümumxalq referendumu əsasında qəbul edilmişdir. Bu tarixi hadisə Cənubi Qafqazda çiçəklənən yeni bir dövlətin inkişafına önəmli təkan vermiş oldu. Qeyd edək ki, 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə respublikanın dördüncü Konstitusiyasıdır.

1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin konstitusion qaydalarını bərqərar edə bilməmişdi. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul olunmuşdur. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilmişdir. 1927-ci il martın 26-da isə V Ümumazərbaycan Sovetlər Qurultayında Azərbaycan SSR-in növbəti Konstitusiyası qəbul olunmuşdur.

Müstəqilliyimizin bərpasından sonra yeni Konstitusiyanın hazırlanması regiona və beynəlxalq məkana inteqrasiya üçün önəmli bir şərt idi. Bunun üçün ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradıldı, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarıldı. Atılan uğurlu addımların bəhrəsidir ki, 1995-ci il noyabrın 12-də referendumla müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu. Referendumda seçicilərin 86 faizi iştirak etdi və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verdi.

Ulu Öndər Heydər Əliyev demişdir: "Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü - ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır".

Konstitusiya ilə birlikdə ölkə həyatının bütün sahələrini əhatə edən, dünya standartlarına cavab verən bir sıra mühüm qanunlar da qəbul edilmişdir. Azərbaycan Respublikası bir sıra beynəlxalq konvensiyalara qoşulmuş, dünyada nüfuz sahibi olmuşdur. Bu dövr ərzində isə uğurlu stratejik planın gətirdiyi zəfərdən, demokratik dəyərlərin inkişafına yönəldilmiş bir sıra islahatlardan irəli gələn hüquqi tənzimləmə öz əksini Konstitusiyada tapmalı idi. Bununla əlaqədar olaraq, ulu öndər Heydər Əliyevin müvafiq fərmanına əsasən 2002-ci il avqustun 24-də Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsinə dair referendum keçirildi. Xalqın iradəsinin nəticəsi olaraq Konstitusiyaya 24 dəyişiklik əlavə edildi. Bunlar insan hüquqları və azadlıqları, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərlə, seçki sistemi, hakimiyyət bölgüsü və s. bağlı dəyişiklik və əlavələrdir. Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa və sərbəst bazar iqtisadiyyatına təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi həyatında tətbiq olunan əsas normaları özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində hüquqi baza rolunu oynayan sənəddir. Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilərkən hüquqi dövlət quruculuğunun müasir meyillərinə istinad olunmuş, ölkəmizin hüquq sistemi üçün yeni bir təsisatın - konstitusiya ədalət mühakiməsi orqanının yaradılması nəzərdə tutulmuş, bu təsisatın dövlət hakimiyyəti sistemində yeri və rolu müəyyənləşdirilmişdi. Konstitusiya ölkədə demokratik, hüquqi, dünyəvi və unitar dövlət qurulması işinə hüquqi zəmin yaratdı. Əsas Qanunda dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin demokratikləşdirilməsinə və vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, bazar iqtisadiyyatına xas olan münasibətlərin formalaşmasını təmin etmək nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyada üçüncü dəfə əlavələr və dəyişikliklər edildi. Konstitusiyanın 29 maddəsində edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 26 iyul 2016-cı il tarixli Sərəncamına uyğun olaraq, Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi üzrə ümumxalq səsverməsi (referendum) keçirilmişdir.

Artıq zaman Konstitusiyamızın nə qədər güclü və dəqiq sənəd olduğunu təsdiqləmiş və demokratik sənəd kimi özünü beynəlxalq sferada da doğrultmuşdur. Bu gün Azərbaycanın bütün guşələrində bu prinsip öz sözünü deyir və ölkədəki davamlı inkişafın, xalqın rifahının başlıca səbəbi Konstitusiyamızın möhkəm bünövrəsində dayanan dövlətçiliyimizdir. Bəşəri dəyərlərə əsaslanan Konstitusiyamız sayəsində xalqımız öz həqiqətlərini dünyaya bəyan etmək imkanı qazanmışdır.

Nurlan ABDALOV,

"Respublika".