Laçın-Xankəndi yolunda milli birlik nümunəsi
Digər xəbərlər

Laçın-Xankəndi yolunda milli birlik nümunəsi

Ölkəmizin Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarının qarşısını almaq məqsədilə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası davam edir.  Gecə-gündüz bilməyən ekofəallar aksiya başlayan ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.

Onlar dəyişməz şüarları ilə haqlı narazılığını dilə gətirir, ekoloji terrora, faydalı qazıntı yataqlarının qanunsuz istismarına son qoyulmasını tələb edirlər.

Aksiyanın 83 gündür davam etməsinə baxmayaraq, azərbaycanlı fəalların əhvali-ruhiyyəsi yüksəkdir. Ekofəallar tələbləri yerinə yetirilənə qədər aksiyanı davam etdirməkdə israrlıdırlar. Etirazçıların toplaşdığı yolda ilk gündən olduğu kimi, hazırda da sərbəst hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam açıqdır. Fəallar Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb vətənpərvərlik ruhunda müxtəlif mahnılar oxuyur, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, "Берегите природу!" kimi şüarlar səsləndirirlər. Aksiya iştirakçılarının təhlükəsizliyi əraziyə cəlb edilmiş Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) hərbçiləri və polislər tərəfindən təmin edilir. Etiraz aksiyası Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən keçirilir. Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Fəqət sülhməramlıların hərəkətsizliyi səbəbindən monitorinqin qarşısı alındı.

Minlərlə vətəndaş cəmiyyəti fəalını birləşdirən aksiyanın keçirilməsində   məqsəd beynəlxalq aləmdə tanınan ərazilərimizdə Ermənistanın qanunsuz əməllərini ifşa etməkdir. Qarabağdakı mədənlərimizin qanunsuz istismarından  əldə edilən gəlirlər isə kimlərinsə varlanması ilə yanaşı, eyni zamanda  bir sıra ölkə və təşkilatlarda lobbiçilik fəaliyyətlərini, korrupsiya əməliyyatlarını dəstəkləyir.

Nəzrin ELDARQIZI,

“Respublika”.