Lerikin mübariz oğulları
Region

Lerikin mübariz oğulları

Dağlar diyarı Lerikdə illər ötsə də 44 günlük haqq savaşımızda Vətən qarşısında övladlıq borcunu şərəflə yerinə yetirərkən şəhidlik zirvəsinə ucalan oğullar unudulmur, həmişə minnətdarlıq duyğuları ilə yada salınır və xatirələrinə dərin ehtiram bəslənilir. Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış bu müharibədə Lerik 46 şəhid verdi. Əliqismət Mükafat oğlu Yaqublu, Sadiq Nadir oğlu Rəhimov və Elqaş Barat oğlu Əliyev də belə qeyrətli igidlərin sırasında yer tuturlar. Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda özlərini fəda edən hər üç igidin əziz xatirəsi şəhidlik zirvəsinə ucalmasının üçüncü ildönümündə anıldı.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri şəhid ailələri ilə birlikdə hər dörd Vətən sevdalısının məzarlarını ziyarət etdilər.

28 yaşında Vətənini canından əziz tutmaqla, əbədi olaraq xalqın yaddaşına köçən Əliqismət Yaqublu Lerikin Kələxan kəndində boya-başa çatıb. Haqq savaşımıza Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı kimi qatılan Lerikin qartal balası yağıya olan nifrətini ilk gündən onun ilan başını əzməklə bildirib. Yüksək döyüş məharəti, cəsurluğu, mərdliyi neçə-neçə ağır, qeyri-bərabər döyüş meydanlarından Əliqisməti üzüağ çıxardıb. Murovdağ yüksəkliyi, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçının bir neçə kəndinin azad olmasında yüksək şəxsi şücaət nümayiş etdirib. Şuşada yazdığı tarix şanlı zəfərimiz olub. Sonuncu dəfə Daşaltı kəndində odun-alovun içinə atılıb, təkcə süngü ilə onlarla düşmən hərbçini məhv edib, özü də şəhid olub. Şəhid leytenant ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Cəsur döyüşçü", Xocavəndin, Kəlbəcərin, Şuşanın azad olunmasına görə medalları ilə təltif edilib.

Vətəninə ürəkdən bağlanan, onun yolunda ölümü özünə şərəf bilən Sadiq Nadir oğlu Rəhimov 1997-ci ildə dağlar diyarının Veri-Əliabadı kəndində dünyaya göz açıb. Həyatının mənasını xalqına təmənnasız xidmətdə görən Sadiq orta məktəbi bitirib, Astara Pedaqoji Kollecində oxumaqla fiziki tərbiyə müəllimliyi peşəsinə yiyələnir. Sonra hərbi xidmətdə əsgərliyi cəbhə bölgəsində keçib. İkinci Qarabağ müharibəsi başlanan andan Vətənin haqq çağırışına birinci gedib. Füzuli, Xocavənd uğrunda erməni dığalarına vurduğu sarsıdıcı zərbələri ilə ad qazanıb. Özü şəhid olsa da, arzuladığı üçrəngli qələbə bayrağımız döyüşdüyü yüksəklikdə ucaldılıb.

Qəhrəman Vətən sevdalısı ölümündən sonra dövlət tərəfindən "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medallarına layiq görülüb.

İkinci Qarabağ müharibəsində Vətən qarşısında öz övladlıq borcunu ləyaqətlə, mərdliklə yerinə yetirən gizir Elqaş Əliyev Lerikin Brkandul kəndində anadan olub. Ömrünün 21-ci ilində vətənpərvərliyin ən ali məqamı olan şəhidlik zirvəsinə ucalan, ölümündən sonra "Vətən uğrunda", Xocavəndin, Laçının azad olunmasına görə medalları ilə təltif olunan, bütöv bir xalqın qəhrəmanlıq simvoluna çevrilən igid döyüşçü Ağdamda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Laçında odlu-alovlu səngərlərdə tarix yazıb. Elqaş kimi qəhrəmanların sayəsində 44 gün müddətində şanlı bir qələbə qazandıq.

Zəfər ORUCOĞLU.