Lobbiçilərin
Siyasət

Lobbiçilərin "isti yuvası" - Avropa Parlamenti

Azərbaycan öz haqq yolunda qətiyyətli addımlar atdıqca xəbis niyyətlər, ikili standartlar, qərəzli yanaşmalar bir-bir ortaya çıxmağa başlayır.

İstər 44 günlük Vətən müharibəsi dövründə, istərsə də antiterror tədbirləri zamanı bədnam qüvvələrin regiona müdaxiləsi, Ermənistanın hay-küyü ilə obyektiv olmayan düşüncələrin yeridilməyə çalışılması bunu deməyə əsas verir. Azərbaycan bugün regiondakı aqressoru yerinə otuzduraraq dayanıqlı sülhü və rifahı təmin etmək uğrunda çalışsa da, bu işə balta vurmağa cəhd edən qüvvələrin ədalətsiz yanaşması müşahidə olunur. Olduqca ironik səslənsə də, bu münasibət 30 ildən artıqdır ki, mövcudluğunu saxlayır. Məhz erməni lobbisinin maliyyələşdirdiyi əli cibində olan Avropa Parlamentinin deputatları da bu məqsədə qulluq edir.

Azərbaycana qarşı sanksiyalara çağıran qətnamənin 473 səslə qəbul edilməsi, bir daha sübut etdi ki, regiondakı gücümüzü, ədaləti bərpa etməyimizi qısqananlar, buna qarşı çıxan qüvvələr bu xislətdən əl çəkən deyillər. Belə ki, Parlament üzvləri Azərbaycana qarşı sanksiyaların tətbiqinə, Bakıda enerji kontraktlarının ləğvinə, Ermənistana Avropa perspektivini təklif etməyə çağırıblar. Digər tərəfdən, Avropa Parlamentində müzakirəyə çıxarılan məsələ ətrafında isə bəzi parlamentarilər Azərbaycanın siyasətini təcavüzkar adlandıraraq öz niyyətlərini bir növ ifşa etmiş oldular. Məgər terrorçuları məsuliyyətə cəlb etmək, xunta rejimini Xankəndidən söküb atmaq, 30 ildir bərpa ediməyən ədaləti təmin etmək təcavüzkarlıqdırmı? Əsl təcavüzü Azərbaycan xalqı 200 ildir ki, görüb, bilib və yaşayıb. Hansı ki, bütün dünyanın göz yumduğu erməni terrorizmi Azərbaycan anlayışının Cənubi Qafqazda yox etməyə hesablanmışdı. Rüsvətxor parlamentarilər və bəzi qurumlar buna göz yummaqla qarlı-şaxtalı havalarda həyatını itirən, evlərindən didərgin düşmüş 1 milyon soydaşımızı da görməzdən gəlmiş olur. Məsələnin dinc yolla həlli üçün vədlər verənlər, bu haqsızlığı xalqımıza rəva görənlər bugün dünyanın o biri ucunda oturub Azərbaycana qara yaxır. Sadalananlar Azərbaycanın illərdir üzləşdiyi ikili yanaşmaların bəhrəsidir. Hansı ki, bunun səbəbkarlarından biri də korrupsiya qalmaqalları ilə üzləşmiş bəzi parlamentarilərdir. Bilinəndir ki, Avropa Parlamentinin vitse-spikeri korrupsiyaya görə də həbs edilmişdir. Bu bir daha xəyanat yuvasının əsl simasını göstərir. Bugün hələ də erməni lobbisinin maliyyələşməsini duymaq mümkündür. Lakin bu təsadüfi deyil. Xunta rejiminin keçmiş "nazir"lərindən olan, milyarder Ruben Vardanyanın məsuliyyətə cəlb edilməsindən sonrakı "fəallıq" əbəs yerə ictimaiyyətə çatdırılmır. Bununla onların bir maliyyə qaynağı kəsilmiş olur. Bu "quyruq ağrısı"nı isə revanşist yollarla - qətnamə təklifləri, qərəzli mövqelər ilə unutmağa çalışırlar.

Qarabağda mövcud vəziyyətlə bağlı qəbul edilən qətnamədə iddia olunub ki, bölgədə beynəlxalq hüquq və normalar pozulub. Sual olunur: Hansı faktlar əsasında? Həqiqətən də heç bir dəlillər irəli sürülmədən təkcə Fransanın rəyi və təşəbbüsü ilə qəbul edilən qətnamə riyakarlığın son həddidir. Teatral şounu xatırladan Avropa Parlamentində ermənipərəst rəsmilər bildiriblər ki, Rusiya sülhməramlılarının Qarabağ sakinlərini qorunması da passivdir. Avropa İttifaqının icra strukturları isə yetərsiz və ləng işləyir. Qeyd etmək yerinə düşər ki, antiterror tədbirləri zamanı yüksək dəqiqlikli silahlardan istifadə olunub və mülki əhali hədəf alınmayıb. Bunu qeydə alınan videogörüntülərdən də aydın sezmək mümkündür. Məhz BMT missiyasının Qarabağ səfərindən sonra yaydığı bəyanat bunu bir daha təsdiqləyir. Azərbaycanın dəvəti ilə reallaşan bu prosesin yekununda bildirildi ki: "Missiya üzvlərinin Xankəndi şəhərində getdikləri yerlərdə mülki və ictimai infrastruktura, o cümlədən xəstəxana, məktəb, yaşayış binaları, mədəni və dini obyektlərə heç bir ziyan dəyməyib, əksinə, missiya Azərbaycan hökumətinin şəhərdə səhiyyə və digər məişət xidmətlərinin bərpasına hazırlaşdığını müşahidə edib". Digər tərəfdən daim reinteqrasiya çağırışı edən tərəf Azərbaycan olmuşdur. Yerli erməni əhalinin bütün hüquq və azadlıqlarının qorunması birbaşa Azərbaycan dövlətinin təminatı altındadır. Bizim qanunvericiliyimizə uyğun yaşamaq istəməyənlər isə dinc və təhlükəsiz şəkildə bölgəni tərk edir və Azərbaycan bu prosesi böyük həssaslıqla izləyir. Əksər ermənilər ərazini tərk etsə də, aralarında Azərbaycan vətəndaşı olmaq istəyənlər var ki, bu, dövlətimizin multikultural yanaşmasının bəhrəsidir.

Görünür bu parlamentarilər istəyirdilər ki, xunta rejimi Xankəndidə əbədi yaşasın, daim regiondakı təhdid ünsürləri aktiv olaraq qalsın. Azərbaycan dövlətinin mövqeyi isə qətidir. Xankəndidə oturub təhdid dili ilə danışanların sonunu gətirən qüdrətli dövlətimiz terror yuvasını əbədi olaraq bizim ərazilərimizdən sildi. Bununla da Azərbaycan öz suverenliyini tam bərpa etmiş oldu.

Natali Luazo, Fransua Bellami, Marina Kalyurand, Andrey Kovaçev, Lukas Furlas və bu qəbildən olan deputatlar aşkar şəkildə erməni lobbisinin təsiri altındadır. Bu kimi qərəzli şəxslərin iştirakı üçün platformanın şərait yaratması 30 il boyunca Ermənistana hər hansı bir təsir və ya təzyiq göstərməyən Avropa Partlamentinin mövqeyini bariz şəkildə göstərir. Əgər bugün Xankəndidəki sepratçıların zərərsizləşdirilməsinin, regiona rifah və sabitliyin gətirilməsinin qarşılığı bu cür yanaşmadırsa, bu özü cinyət ünsürü hesab edilməlidir. Avropa Parlamentinin Azərbaycana qarşı çıxardığı qərəzli qərar onu göstərir ki, siyasi divindendlərin əldə edilməsi üçün Cənubi Qafqazda hər cür yola əl atılır. Bu isə "ədalət qoruyucuları"nın fəaliyyət prinsiplərinə ziddir.

Nurlan ABDALOV,

"Respublika".