Makronun puç olan xəyalları
Siyasət

Makronun puç olan xəyalları

Fransa Cənubi Qafqazla bağlı xain planlarını həyata keçirməyə çalışır. Amma ölkə başçımızın uzaqgörən siyasəti nəticəsində rəsmi Parisin bədxah niyyəti fiaskoya uğrayır. Nifaq yaratmağa meyilli olan Fransanın regiona müdaxilə istəyi müxtəlif istiqamətləri əhatə edir. Ermənistan ilk olaraq sülh danışıqlarını sabotaj etməklə təhlükəsizliyə təhdid yaradır.

İkinci Qarabağ savaşından sonra sülh müqaviləsinin imzalanması istiqamətində Azərbaycanla Ermənistan arasında müxtəlif platformalarda danışıqlar əsasən üçtərəfli və dördtərəfli formatlarda baş tuturdu. Son zamanlar isə Fransanın danışıqlar prosesinə kölgə salmaqla Ermənistanı qızışdırmaq cəhdləri özünü daha çox büruzə verir. Rəsmi Paris bununla "günah keçisi" Paşinyan hakimiyyətini Rusiyadan uzaqlaşdırmaqla Qərbin planlarının həyata keçirilməsinə çalışır. Vaxtikən tarixin arxivinə gömülmüş ATƏT-in keçmiş Minsk qrupunun üzvü olan Fransa tərəfkeşliklə məşğul olmaqla yanaşı, Ermənistana da "bacılıq" edir. Son hadisələr Ermənistandan daha çox ermənilik edən rəsmi Parisin iki ölkə arasında sülhə əngəl törətdiyini təsdiqləyir. Təsadüfi deyil ki, oktyabrın 5-nə planlaşdırılan Qranada görüşü nəticəsiz qaldı. Prezident İlham Əliyev görüşdən konkret olaraq imtina etməklə bir daha Fransaya yerini göstərdi. Görüşə Azərbaycan və Türkiyə liderləri qatılmadılar. Ermənistan baş nazirinə gəldiksə isə Paşinyan getdiyi kimi də geri qayıtdı. Qərbin bir sıra məşhur KİV-ləri Azərbaycan və Türkiyənin iştirakı olmadan keçirilən bu görüşü uğursuz və nəticəsiz adlandırdılar. Bu isə bir daha Cənubi Qafqazda Azərbaycanın söz sahibi olması reallığını ortaya qoydu.

Qranada görüşündə Fransanın Ermənistana "manipulyasiyası" hiss olunurdu. Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan Qranada görüşündə də anti-Rusiya mövqeyi nümayiş etdirdi. Daha bir maraqlı məqam isə  baş nazirin Qranadadan qayıtdıqdan sonra Ermənistan mediasında yenidən Kollektiv Təhlükəsizlik Müdafiə Təşkilatından (KTMT) çıxmaq, Avropa İqtisadi İttifaqından (Aİİ)  ayrılmaq və Rusiya qazından imtina etmək kimi xəbərlər yayıldı. Bu isə şübhəsiz, Fransanın təkididir. Vəziyyətdən yaxa qurtarmaq istəyən Ermənistanın XİN başçısı Ararat Mirzoyan, ardınca Nikol Paşinyan Bişkek görüşündə iştirak etməyəcəklərini bildirdilər. Bu isə Rusiya ilə əlaqələrin artıq qopmaq üzrə olduğunu göstərir.

Bundan başqa, rəsmi Paris xeyli zamandır ki, Qarabağa öz sülhməramlı missiyasını yeritmək arzusuyla yaşayır. Bu məqsədlə, Makron əlindəki "Ermənistan kartından" istifadə edir. Əslində, Makronun əsas məqsədi Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaqdır. Amma sentyabr ayında Azərbaycan tərəfindən keçirilən lokal  xarakterli antiterror tədbirlərindən sonra baş verənlər Fransanın bu planını da iflasa uğratdı. Erməni əhalinin könüllü surətdə ərazini tərk etməsi, eləcə də rəsmi Moskvanın mövqeyi Parisə tərs sillə oldu.

Xatırladaq ki, Rusiya dəfələrlə sülhməramlıların taleyini yalnız Azərbaycanla müzakirə olunacağını bəyan etmişdi. Bu isə əslində "sülhməramlı missiyasına həvəsli" olan Parisə bir növ ismarış idi. Makronun xain planını həyata keçirmək üçün Qarabağdakı ermənilərlə bağlı "narahatlığını" bəyan etməsi də gülüncdür. Çünki Azərbaycan öz ərazisində yaşayan etnik ermənilərin hüquq və təhlükəsizliyinə təminat verib. Bununla yanaşı, Fransanın regionda görünməsi İranı da narahat edə bilər. Bu isə ABŞ hərbçiləri ilə İran sərhədində təlim keçən Ermənistana baha başa gələ bilər. Çünki belə olduqda Ermənistan regiondakı yeganə müttəfiqini də itirəcək.

Fransanın xain niyyətini XİN başçısı Ketrin Kolonnanın İrəvana səfəri zamanı verdiyi açıqlamalar da ifşa etdi. Belə ki, Kolonnanın ölkənin müdafiəsini təmin etmək üçün Ermənistanla hərbi əməkdaşlıq müqaviləsi imzaladığını bildirməsi rəsmi Parisin regionun əsas silah tədarükçüsü Rusiyanı sıxışdırmaq cəhdi kimi başa düşülə bilər. Ümumiyyətlə, Fransa son dövrlərdə dünya üzrə silah satışındakı əsas yerlərdən birinə yiyələnmək xülyasındadır. Daha çox "Dassault Aviaton" və "Naval Group" şirkətləri vasitəsilə qlobal silah bazarına çıxışını təmin edən Paris "Rafael" hərbi qırıcıları satmaqla məşğuldur. Makron hakimiyyətinin Ermənistanla silah tədarükü barədə müqaviləsi isə Fransanın Cənubi Qafqazdakı silah bazarında yer almaq niyyəti kimi xarakterizə olunur. Maraqlıdır, müharibədə biabırçı məğlubiyyətlə üzləşən, xarici dövlət borcu 11 milyard dollardan çox olan, büdcə kəsiri hər il kəskin şəkildə artan Ermənistan bu məsələdə Fransaya nə qədər töhfə verə bilər? Həmçinin Fransanın regiondakı silah bazarına müdaxilə istəyi Rusiyanın, o cümlədən İranın maraqları ilə ziddiyyət təşkil edir. Bütün bunlar yaxında həm rəsmi Tehranın, həm də Moskvanın məsələ ilə bağlı kəskin mövqeyini ortaya qoyacağını söyləməyə əsas verir.

Yeri gəlmişkən, Avropada da anti-Azərbaycan ab-havası özünü göstərir. Paşinyanın oktyabrın 17-də Strasburqa səfəri zamanı baş verənlər bunun göstəricisidir. Paşinyanın Avropa Parlamentindəki  arxayn şəkildə çıxışı, onun heç bir reallığa əsaslanmayan mülahizələr irəli sürməsi də bunu təsdiqləyir. Strasburqda keçirilən iclasda baş nazirin hətta Avropa Parlamentinin Ermənistan və Qarabağ erməniləri haqqında müzakirə olunan bütün məsələlərdə həmişə həqiqətləri çatdırdığını vurğulaması qurumun hayların saxta "həqiqətlərini" dəstəkləyən Fransa təsirindən xəbər verir. Bu isə əslində birbaşa Avropa Parlamentinin hər zaman rəsmi İrəvanın apardığı terrorçuluq və işğalçılıq siyasətinin arxasında dayandığının əyani sübutudur. Bir məqamı qeyd edək ki, Paşinyanın Strasburqa səfəri onun Avropa Parlamentindən yardım istəməsi ilə yadda qaldı.

Nəzrin ELDARQIZI,

"Respublika".