Siyasət

"Şam bahadı - korun nə vecinə"

Son zamanlar Ermənistanın daxili siyasəti sanki bir neçə hissəyə bölünüb. Düzdür, gündəliyin böyük bir hissəsini Qərb üçün ayırırlar, lap kiçik hissədə isə digər məsələlər dayanır. Son 4 ildir ki, erməni əhalisini narahat edən ən "aktual mövzu" baş nazir Nikol Paşinyanın siyasi taleyi ilə bağlıdır. Belə ki, bir sıra siyasi təhlilçilər beynəlxalq müstəvidə verilən bəzi qərarların müzakirəsi fonunda Paşinyan hakimiyyətinin qısa zamanda sona yetəcəyini deyirlər. Hətta onlar buna olduqca əmindirlər. Həmin siyasilər daha çox Roma Statutunun qəbul edilməsinin Paşinyana necə deyərlər, baha başa gələcəyini düşünürlər.

Erməni baş nazirin bir neçə dəfə Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan etməsi də onun hakimiyyəti üçün "təhlükə" hesab edilir. Lakin Qərblə bağlı narahatlıq duyan ermənilər də az deyil. Belə ki, bir çox partiya üzvləri və sadə vətəndaşlar düşünür ki, Paşinyanın Ermənistanı Fransanın "əl oyuncağı"na çevirmə istiqamətində hərəkətləri, regionda Qərb maraqları üçün şərait yaratması, hətta avropalılar tərəfindən silahlandırılması onun siyasi sonunu daha da sürətləndirir. Hətta erməni cəmiyyətində Nikolun "satılmış" şəxsiyyət kimi xarakterizə edilməsi də müşahidə olunur. Hər il keçirilən etiraz aksiyaları Ermənistanda bütün narazılıqların əyani göstəricisidir. Hələ 2022-ci ildə daha geniş vüsət alan mitinqlərin birində müxalif partiyanın nümayəndəsi açıqlayıb ki, onlar parlamentin üçdəbir hissəsinin (107 deputatdan 36-sı) lehinə olmaqla etimadsızlıq səsverməsi irəli sürmək niyyətindədirlər. Paşinyanın hökumətdən uzaqlaşdırılmasına nail olmaq üçün 50 faiz + 1 səs (54 səs) lazımdır. Etirazın ilk saatlarında 35 səs toplaya bilsələr də müxalifətin parlamentdəki budəfəki çıxışı da uğursuzluqla nəticələnib. Paşinyan yenidən yalan vədlər verərək baş nazir vəzifəsində qalmağa nail olub.

Xüsusi qeyd etmək lazımdır ki, ötən ilin sentyabrından başlayaraq aksiyalar daha da çoxalıb, hətta hər aya azı bir mitinq düşür. İkinci Qarabağ müharibəsinin 3-cü ildönümü ərəfəsində haylar yenidən meydanlara axışıblar. Etirazçılar mitinqdə iştirakçıların sayının getdikcə artdığını, lakin "bu rəqəmin xain hökuməti devirmək üçün hələ də çox kiçik olduğunu" bildiriblər. Hətta erməni sakinlərdən biri ölkənin və övladlarının gələcəyindən narahat olan hər kəsi onlara qoşulmağa çağırıb. "Meydana çıxın, buradan getməyəcəyik", - deyə səslənib. Aksiya iştirakçıları bildiriblər ki, Paşinyan hökuməti ölkəni dərin bir böhrana və xaosa gətirib çıxarıb, dövlət idarəetmə sistemi işləmir. Etirazçılar sabitliyə və səmərəli işləyən bir dövlət sisteminə ehtiyac olduğunu, bunun yalnız baş nazir və bütün komandasının istefaya getməsindən sonra ola biləcəyini bəyan ediblər. Müxalifət hərəkatının üzvü Qeqam Manukyan isə aksiya iştirakçılarını parlament binasına arxa çevirməyə, bununla da "hərəkətsiz qurum"a münasibətlərini nümayiş etdirməyə çağırıb. Onun sözlərinə görə, vergi ödəyicilərinin hesabına maaş alan deputatlar vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün heç bir iş görmürlər.

Bütün bu qarşıdurmalara baxmayaraq, Nikol Paşinyan istefaya getməyəcəyini bildirib. O qeyd edib ki, ölkənin bütün təhlükəsizlik problemlərinin həll olunacağına əmin olduğu təqdirdə, hakimiyyətdən gedə bilər. Baş nazirin sözlərinə görə, bütün təhlillər onu göstərir ki, istefa olarsa, vəziyyət daha da pis olacaq və indiki halda Ermənistanda hakimiyyət dəyişikliyi mənfi fəsadlara yol aça bilər. Ümumiyyətlə, erməni baş nazirin nə istədiyi bəlli deyil. Düzdür, astrologiyaya inananlar olduqca azdır, amma qeyd edək ki, Paşinyan əkizlər bürcündəndir. Hansı ki, bu bürcdən olan şəxslər dəyişkən düşüncəyə, qərarsızlığa, yüksək emosionallıq və əhvali-ruhiyyə dəyişikliyinə malikdirlər. Bütün bunlar isə aydın şəkildə Paşinyanda müşahidə olunur. Gah sülh müqaviləsini imzalayacağını deyir, gah da forpostu olduğu dövlətlərdən silah yardımı alır. Görünür öz xalqı da baş nazirin bu xasiyyətindən bezib. Onların Paşinyanın istefası ilə bağlı arzuları da puç olacaq. Çünki o, Ermənistanda, sözün əsl mənasında, "şam bahadı - korun nə vecinə" siyasəti aparır. Nikol bütün qapıları, pəncərələri bağlayıb. Çöldə olan etirazlar isə baş naziri heç maraqlandırmır. Əhalisini düşünməyən şəxs üçün baş verən mitinqlər də yəqin ki, narahatlıq hissi oyatmır. Onların dərdini dinləyib, həll etmək kimi anlayışlar isə Paşinyanın lüğətində yoxdur.

Töhfə SƏMƏDOVA,

"Respublika".