Siyasət

"Marionet"in himayədarları

Ermənistanın və onun havadarlarının beynəlxalq arenadakı rəzilliyi davam edir. Bunu Qarabağda yaşananlarla bağlı Fransanın təşəbbüsü ilə çağırılan BMT Təhlükəsizlik Şurasının son toplantısı bir daha göstərdi. İclasda Ermənistan və onun havadarlarının azərbaycanofob, ayrı-seçkilik, qərəz və ikili yanaşması bir daha özünü aydın şəkildə büruzə verdi.

Ölkəmizin tamamilə beynəlxalq hüquqa uyğun olaraq öz ərazisində apardığı antiterror tədbirlərinə qərəzli yanaşmalar müşahidə edildi. Həmin tədbirlərin keçirilməsinin əsas məqsədinin nə olduğuna gəldikdə isə qərb elitasından heç bir təmsilçi bu mühüm fakta toxunmadı. Ermənistanın törətdiyi mina terroru nəticəsində azərbaycanlıların həlak olması diqqətdən kənarda qaldı. Bütün bunlara baxmayaraq, toplantının yekun nəticəsinə nəzər yetirsək, əksər dövlətlər məsələnin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinə tərəfdar çıxdılar.

Görünür, artıq beynəlxalq birlik də "status" ifadəsinin tarixə qovuşduğunu çox yaxşı bilir. BMT TŞ-nin bugünlərdəki iclasında hər hansı bir qərar və ya qətnamə qəbul olunmasa da, xristian təəssübkeşliyi, azərbaycanofob və ermənipərəst havası açıq-aydın duyulurdu. Şübhəsiz, bunlar yenə də Azərbaycanı haqlı mövqeyindən döndərə bilmədi. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun tutarlı faktlar və arqumentlərlə BMT tribunasından erməni yalanlarını ifşa etməsi bunun təzahürüdür. Təəssüf ki, erməni lobbisinin "hipnoz altına saldığı" dövlətlər isə Ermənistanın "vəkil"i qismində işini davam etdirdi. Azərbaycan XİN başçısı rəsmi İrəvanın quruma növbəti müraciətini BMT Nizamnaməsinin dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət və onların daxili işlərinə qarışmamaq ilə bağlı tələblərinin açıq formada pozulması kimi qiymətləndirdi. Ceyhun Bayramov Azərbaycanla bağlı aparılan bu cür müzakirələrin BMT-nin nüfuzuna ciddi xələl gətirdiyini də diqqətə çatdırdı. Qeyd edək ki, Azərbaycan XİN başçısı, TŞ-də Azərbaycanın Qarabağ regionunun erməni əsilli sakinlərinin hüquq və təhlükəsizliyinə dair iddia edilən narahatlıqlar ilə əlaqədar müzakirələrə çağırılanda əslində ərazidəki lokal xarakterli antiterror tədbirləri çoxdan dayandırılmışdı.

Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinləri ilə təmaslar üzrə məsul şəxsin erməni sakinlərin təmsilçiləri ilə Yevlax şəhərində görüşü də artıq baş tutmuşdu. Bütün bunlara baxmayaraq, Fransa, Almaniya və digər qərb təşkilatları bu təşəbbüsümüzü gözardı etdilər. Toplantı çərçivəsində Fransa xarici işlər naziri Katrin Kolonnanın Azərbaycanın Qarabağda həyata keçirdiyi antiterror tədbirlərini "təcavüz" adlandırması isə Fransanın riyakarlığını bir daha göstərdi. Əslində, Fransanın bu cür mövqe sərgiləməklə Rusiyanı qəzəbləndirmək və xain əməllərini birbaşa Ermənistan üzərindən həyata keçirmək istəyi aydın şəkildə hiss edilir. Başqa sözlə desək, Makron hakimiyyəti rəsmi İrəvanı Rusiyanın təsir dairəsindən çıxarmağa çalışır, hər vəchlə "marionet" Paşinyanı Rusiyaya qarşı yönəltməklə, onu Kremlə qarşı sərt bəyanatlar səsləndirməyə sövq edir.

İclasda Fransa ilə yanaşı, Almaniyanın da ermənipərəst mövqeyi özünü təsdiqlədi. Son dövrlərdə Almaniyada islamofobiya və irqçi ayrı-seçkiliyin artdığı hər kəsə məlumdur. Bu xüsusda, Almaniya ölkə daxilindəki neonasizmin (II Dünya müharibəsindən sonra özlərini Nasional Sosialist Alman Fəhlə Partiyasının davamçısı adlandıranlar) aradan qaldırılması əvəzinə ölkəmizin beynəlxalq qanunlarla müəyyənləşdirilmiş torpaqlarında həyata keçirdiyi antiterror tədbirlərini tənqid edir. Belə ki, TŞ-nin toplantısında Almaniya XİN rəhbəri Annalena Berbokun Qarabağdakı terrorçular haqda bir cümlə belə səsləndirməməsi dövlətimizə qarşı qərəzin və selektiv yanaşmanın göstəricisidir. Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrelin respublikamızın ünvanına səsləndirdiyi ittihamları, Qarabağ mövzusunda fikir bildirməsi onun da Fransa rəsmilərindən geri qalmadığını göstərdi.

Sadaladığımız faktlardan bir daha bu qənaətə gəlmək mümkündür ki, istər Almaniya, istərsə də Fransa Qarabağdakı ermənilərdən daha çox İrəvanda gizlənən Nikol Paşinyanla maraqlanırlar. Ermənistan havadarları, İrəvan küçələrində Paşinyana qarşı yönələn narazılıqlardan xeyli narahatdırlar. Onlar ölkəmizə qarşı qərəzli mövqe sərgiləməklə "marionet" Paşinyanı qorumağa çalışırlar.

Nəzrin ELDARQIZI,

"Respublika".