Mart hadisələri: çevriliş cəhdlərinin qarşısı alındı
Tarix

Mart hadisələri: çevriliş cəhdlərinin qarşısı alındı

Xalqımız 1992-1995-ci illərdə tarixin çətin sınağı qarşısında qaldı, Ermənistanın Azərbaycana qarşı apardığı hərbi təcavüz nəticəsində öz yurdunda məcburi köçkünə çevrilən yüz minlərlə insanın üzləşdiyi çıxılmaz və faciəli vəziyyət ölkəmizi humanitar fəlakətlə üz-üzə qoydu. Dinc insanlar müharibənin xofundan ümidsiz vəziyyətə düşdükləri üçün hara üz tutacaqlarını bilmirdilər, çətin  suallar qarşısında qalmışdılar. Təcrübəsiz və naşı şəxslərin ambisiyaları nəticəsində rayonlar bir-birinin ardınca işğala məruz qalır, respublikada hakimiyyət böhranı yaşanır, qanunlar işləmir, silahlı dəstələr bütün bölgələrdə tüğyan edir, xaos, anarxiya, dərəbəylik baş alıb gedir, insanları ağır həyat şəraiti çıxılmaz vəziyyətə salırdı. Ən qorxulusu o idi ki, Azərbaycan dərin bir uçurumun kənarında, müstəqilliyini itirmək təhlükəsinin bir addımlığındaydı.

Belə çıxılmaz bir durumda xalq öz oğluna, dahi siyasətçi, böyük şəxsiyyət, qətiyyətli iradə sahibi, lider bacarığı ilə dünyada tanınan, keçmiş SSRİ-də yüksək dövlət postundan istefa verməyə məcbur edilən və çox böyük haqsızlıqla üzləşən Heydər Əliyevə müraciət etdi. Doğma xalqını və Azərbaycanı hədsiz məhəbbətlə sevən ulu öndər 1993-cü il iyunun 15-də sözün həqiqi mənasında viranə qoyulmuş bir dövlətin idarəçilik sükanını öz əlinə aldı, çox qısa bir müddətdə dövlət idarəetmə mexanizmini hərəkətə gətirdi və gərgin fəaliyyəti nəticəsində bütün bəlalara, qarşıdurmaya, dövlət çevrilişlərinə cəhdlərə, haqsızlığa son qoydu. Məşhur filosofun sözlərinə görə, sürətlə öz siyasi süqutuna yaxınlaşan xalqın taleyini yalnız dahi şəxs dəyişdirə bilər. Məhz Heydər Əliyev kimi şəxsiyyətlər buna qadirdir.

Yaşadığı zəmanənin bütün basqılarına mərdliklə sinə gərən və sürgündə vəfat edən şair Hüseyn Cavidin "kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü" sözləri Heydər Əliyev dühasını, həyat fəlsəfəsini, şəxsiyyətini bütün çalarları ilə ifadə edən ən müdrik kəlamlardan biridir. Dağılıb sökülməkdə olan cəmiyyəti ilmə-ilmə yerinə qaytaran, vətəndaş həmrəyliyi yaradan, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində siyasi islahatlara başlayan, Azərbaycanın yeni konstitusiyasını yazan, mətbuat üzərindən senzuranı götürən, ölkəni dünyaya inteqrasiyaya cəlb edən ümummilli liderin çoxşaxəli və fədakar fəaliyyəti nəticəsində fəlakətdən tərəqqiyə, əfsanədən həqiqətə doğru işıqlı bir yol başlandı. Ancaq hələ bu yola çıxmaq üçün sərt sınaqlardan keçilməli, silahlı dəstələrin törətdikləri cinayətlərin, dövlət çevrilişlərinin qarşısı alınmalı, ölkədə qayda-qanun bərpa edilməliydi. Həmin dövrdə baş verən hadisələrin xronoloji ardıcıllığına görə bir qədər arxaya qayıtmaq lazımdır. Hələ 1992-ci ildən Azərbaycan xarici qüvvələrin maraqlarının kəsişmə nöqtəsinə düşmüşdü və onlar neft səltənətinə yağlı tikə kimi baxırdılar. Ölkənin daxilində isə çəkişmələr, ziddiyyətlər boğanağı, hakimiyyət hərisliyi xalqı parçalayır, qardaş qardaşa güllə atır, qarşıdurmalar səngimir, fikir toqquşmaları cəmiyyətin özəyini sarsıdırdı. "Tövbə", "Qardaşlıq" cəmiyyətləri və onların silahlı dəstələri Ayaz Mütəllibovu, Gəncədəki 709-cu hərbi hissə Surət Hüseynovla Rəhim Qazıyevi, Lənkərandakı 704-cü hərbi hissə (keçmiş sovetlər birliyinin 60-cı motoatıcı diviziyası) Əlikram Hümbətovu, Xüsusi Təyinatlı Polis Dəstəsi Rövşən Cavadovu, "Boz qurd"lar İsgəndər Həmidovu, Xalq Cəbhəsinin silahlı qruplaşmaları isə Əbülfəz Elçibəyi dəstəkləyirdi. Azərbaycan həm xaricdən, həm də daxildən talan edilir və həmişə pusquda dayanan Ermənistan bu fürsətdən yararlanaraq torpaqlarımızı işğal edirdi. Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məxfi əməkdaşı Şahin Musayev yeni yaradılan milli ordumuzun Baş Qərargah rəisi vəzifəsinə təyin edilmiş və onun xəyanəti nəticəsində düşmən ölkə bir-bir rayonları ələ keçirirdi. Qeyd edək ki, sonralar bu "general" Heydər Əliyevə sui-qəsdə cəhddə iştirak etmişdir. AXC-Müsavat cütlüyünün hakimiyyəti bircə gün də olsun dövlət idarəetməsində işləməyənlərdən ibarət səriştəsiz kadrlar idi. Ona görə də xalqın hakimiyyətdən narazılığı son həddə idi, eyni zamanda ölkə tam iqtisadi tənəzzülə, siyasi-diplomatik iflasa uğramış və vətəndaş müharibəsi həddinə çatmışdı.

Xalq Heydər Əliyevə müraciət etdi və görkəmli siyasi xadim, zəngin idarəetmə təcrübəsi olan liderin həyata keçirdiyi tədbirlər nəticəsində vətəndaş müharibəsinin qarşısı alındı, cəbhədə atəşkəsə nail olundu, siyasi sabitlik yaradıldı, illərdən bəri davam edən iqtisadi tənəzzül dayandırıldı. Lakin maskalanmış daxili düşmənlərin əli ilə bəzi xarici ölkələr Azərbaycanda dövlət çevrilişlərinə cəhdlər etdilər. Həmin cəhdlərdən biri də 1995-ci ilin mart ayının ortalarında baş verdi.

1990-cı il martın 26-da Daxili İşlər Nazirliyinin tərkibində Xüsusi Təyinatlı Milis Dəstəsi (OMON) yaradıldı. "OMON"un bütün döyüşçüləri Birinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələrinə qarşı fədakarlıqla vuruşmuş, sözün əsl mənasında, hayların qorxulu röyasına çevrilmişdi. Yaxşı xatırlayıram, Xocalıdakı aeroportu da xüsusi təyinatlılar qoruyurdu. Xocalı faciəsində onların çoxu şəhid oldu, yaralandı, ancaq son damla qana qədər döyüşdülər, ermənilərə ağır zərbələr vurdular. 1991-ci ilin yayında "OMON"un bölüklərindən birinə Rövşən Cavadov komandir təyin edilir və heç iki il keçməmiş o, bütün "OMON"a başçılıq edir. Bir müddətdən sonra xüsusi təyinatlı polis dəstələri Daxili İşlər Nazirliyinin tabeliyindən çıxaraq müstəqil hərbi təşkilat kimi fəaliyyət göstərir və elə həmin vaxtlarda torpaq uğrunda qan tökən oğulları siyasi oyunlara qoşur, onlardan öz çirkin məqsədləri üçün istifadə edirdilər. Ulu öndər hakimiyyətə qayıtdıqdan sonra Xüsusi Təyinatlı Polis Dəstəsinə toxunulmadı, əlbəttə, bunu ölkədəki gərgin vəziyyət tələb edirdi. Buna baxmayaraq, ölkənin bəzi siyasiləri, bəzi nazirlər onları özləri üçün qalxana çevirdilər. Artıq şayiələr dolaşırdı ki, xüsusi təyinatlılar bir qurum kimi ləğv ediləcək. Onu da qeyd edək ki, onların sıralarına məqsədli adamlar, bəzi ölkələrə xidmət edən muzdlular yerləşdirilmişdi. Azərbaycanı gözü götürməyən daxili və xarici qüvvələr xüsusi təyinatlıları dövlət və hökumət rəhbərlərinə qarşı nifrət ruhunda pulla "tərbiyə"ləndirir, onları istənilən vaxt dövlət çevrilişinə hazırlayırdılar. Əvvəlcə Rövşən Cavadovun qardaşı Mahir Cavadov bir dəstə xüsusi təyinatlı ilə respublika baş prokurorluğuna hücum edərək otaqları dağıtmış, bir neçə nəfər polis və prokurorluq işçisi yaralanmış, baş prokuror Əli Ömərov vəhşicəsinə döyülmüş, prokurorluğun şöbə rəisi Şükür Rzayev güllə yarası almış, bir sözlə, dövlət idarəsi zəbt edilmişdi. Həmin vaxtlarda Qazaxdakı xüsusi təyinatlılar da Bakıya gətirilərək "Cənub" mehmanxanasına yerləşdirilmişdi. Xüsusi Təyinatlı Polis Dəstəsinin əsas bazası isə  8-ci kilometr qəsəbəsində yerləşirdi. Çox mürəkkəb və qarışıq vəziyyət yaranmışdı, səhv bir hərəkət, qarşıdurma qardaş qırğınına səbəb olardı. Buna görə də ulu öndər bütün məsələləri danışıqlar yolu ilə həll etməyə çalışırdı. Cavadov qardaşları ilə danışıqlar aparılırdı. XTPD-nin 8-ci kilometr qəsəbəsindəki bazasının ətrafında dairəvi müdafiə qurulmuş, yaxınlıqdakı binaların damlarında avtomatçılar, iriçaplı pulemyotlar yerləşdirilmişdi. Rövşən Cavadov ultimatumlar irəli sürürdü: Ali Sovetin sədri Rəsul Quliyev, baş prokuror Əli Ömərov, daxili işlər naziri Ramil Usubov istefa verməlidirlər. Qiyamçıların dövlətin bir sıra rəhbərlərinin istefasını irəli sürməsi adi narazılıq hadisəsinə bənzəmirdi. Zəngin təcrübəyə və yüksək təfəkkürə malik olan ulu öndər yəqin etdi ki, bu, artıq dövlət çevrilişinə cəhddir. Hadisələr çox sürətlə baş verir, Bakı şəhərində şayiələr yayılır, təxribatlar törədilir, bir sözlə, xalq arasında xaos yaradılırdı. Belə bir vəziyyətdə Heydər Əliyev qan tökülməsinin qarşısını almaq, dövlətçiliyi təhlükədən dinc yolla xilas etmək üçün XTPD-nin üzvlərinə müraciət edərək demişdi: "Mən istəmirəm ki, Azərbaycanda qan tökülsün. İnanın ki, mən bunu istəmirəm. XTPD-nin ayrı-ayrı üzvləri tərəfindən artıq altı adam yaralanmışdır, bir nəfər ölümcül vəziyyətdədir. Onlar qan tökmüşlər, törətdikləri cinayətlərin üstünə daha bir cinayət də gəlmişdir. Bütün bu cinayətləri törətmələrinə baxmayaraq, mən onları yenə də haqqa, ədalətə dəvət edirəm".

Dövlətimizin başçısı qiyamçıların valideynlərinə də müraciət edərək bildirdi ki, mən atalara, analara, o polislərin həyat yoldaşlarına deyirəm ki, siz öz oğullarınızı, qohum-əqrəbanızı, ərlərinizi başa salın ki, bu cinayətdən çəkinmək lazımdır. Prezident Rövşən Cavadovun atası Bəxtiyar Cavadova da televiziya vasitəsilə müraciətində bildirdi ki, bunun qarşısını alın, oğullarınızı bu yoldan çəkindirin, belə əməllərin axırı yoxdur, qətiyyən yoxdur. Azərbaycan ziyalılarını ayağa qalxmağa dəvət edən ulu öndər deyirdi ki, siz -  ziyalılarımız, hörmətli adamlarımız, ictimai-siyasi xadimlərimiz Azərbaycanın keçmişini də görmüsününüz, bu gününü də görürsünüz, gələcəyini də düşünürsünüz. Ona görə də səsinizi qaldırın, ayağa qalxın. Mən sizə deyirəm: bu gün Azərbaycan dövlətçiliyi təhlükə qarşısındadır! Heydər Əliyev daha humanist bir addım ataraq martın 16-da Xüsusi Təyinatlı Polis Dəstəsinin silahları yerə qoyub öz ailəsinə qayıdan bütün üzvlərinin əfv olunması haqqında fərman imzaladı. Göründüyü kimi, Prezident bütün güzəştlərə gedir, qan tökülməsinin qarşısını almağa çalışırdı. Lakin qiyamçılar bütün bu müraciətlərə, ağsaqqalların xahişinə, valideynlərinin çağırışına qulaq asmadılar. Haqlı sual yaranır, niyə?! Bu sualın cavabı Rövşən Cavadovun xüsusi təyinatlıların bazasında keçirdiyi mətbuat konfransında dəqiq aydın oldu. Təpədən dırnağadək silahlanmış dəstə üzvlərinin əhatəsində keçirilən mətbuat konfransında Rövşən Cavadova belə bir sual ünvanlandı ki, bəlkə silahları yerə qoyasınız, qan tökülməsin. O, bir qədər düşündü və çox zəif səslə bildirdi ki, artıq geriyə yol yoxdur. Çox gecdir. Görünən o idi ki, dövlət çevrilişini sifariş edənlərin tapşırığına əsasən XTPD axıra qədər dirəniş göstərdi. Sonrakı hadisələr isə çox dəhşətli oldu, bir qrup xüsusi təyinatlı Prezident fərmanına itaət etmək əvəzinə, şəhərin mərkəzinə yol açmağa cəhd etdi. Atışma səsləri 8-ci kilometr qəsəbəsini lərzəyə saldı. Cavadov qardaşlarının avantürası 26 hərbi qulluqçunun və 10 mülki şəxsin həyatına son qoydu, 110 nəfər insan müxtəlif dərəcəli bədən xəsarətləri aldı. Ağır yaralanan Rövşən Cavadov isə Daxili İşlər Nazirliyinin hərbi hospitalında vəfat etdi. Beləliklə, 1995-ci ilin martında növbəti dövlət çevrilişi cəhdi qiyamçıların darmadağın edilməsi ilə başa çatdı. Dövlətçiliyimiz xilas edildi və belə hadisələrin qarşısına birdəfəlik sipər çəkildi.

Salman ALIOĞLU,

"Respublika".