Ağdaban faciəsi Ermənistanın soyqırımı siyasətinin qanlı səhifəsidir
Tarix

Ağdaban faciəsi Ermənistanın soyqırımı siyasətinin qanlı səhifəsidir

XX əsrdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri ən qanlı hadisələrdən biri də Ağdaban faciəsidir. Kəlbəcərin bu qədim kəndi Ağdaban çayının sağ istiqamətində, eyniadlı dağın yamacında, rayon mərkəzindən 36 kilometr şimal-şərqdə yerləşir. Kənd işğaldan əvvəl iki dəfə erməni soyqırımına məruz qalmışdır. Düşmən hücumu nəticəsində ağdabanlılara qarşı dəhşətli işgəncələr, ağlasığmaz cəza üsulları tətbiq edilmiş, kütləvi qırğın törədilmişdir. Ermənilər təkcə sakinlərə divan tutmamış, eyni zamanda ərazidə olan bütün tarixi-mədəni abidələrə qarşı da amansız olublar. Bu faciə nəticəsində kənd tamamilə yandırılmış, yerli əhalisi didərgin düşmüşdür.

Beləliklə, 1992-ci il aprel ayının 7-dən 8-nə keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılaraq yer üzündən silinmişdir. Kəndə hücum nəticəsində 779 nəfər dinc sakinə qeyri-insani işgəncələr verilmiş, 67 nəfər qətlə yetirilmiş, 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri oda atılaraq yandırılmış, 5 nəfər isə girov götürülmüşdür. Düşmənin qəfil silahlı hücumundan xəbərsiz olan kənd əhalisi başıaçıq, ayaqyalın qarla örtülü meşələrə, dağlara çəkilmişdir. Kəndi müdafiə edən kiçik dəstə ermənilər tərəfindən qətlə yetirildiyindən əhali müdafiəsiz qalmışdı.

Aprel ayının 9-da, qırğının səhəri günü rayon mərkəzinə toplaşan camaatın tələbi ilə "Kəlbəcərin müdafiəsinə fövqəladə yardım komitəsi" yaradılır. Ermənilərin dinc insanlara qarşı etdikləri zülmlərə baxmayaraq, sakinlər yurdlarını tərk etmir, yenidən kəndi bərpa edib yaşamağa başlayırlar. Camaat ümidini üzmür, inamını itirmir, heç kim doğma kəndini tərk etmirdi. Lakin bütün cəhdlərə baxmayaraq, 1993-cü il mart ayının 27-də Ermənistanın Kəlbəcər istiqamətindəki hücumları Ağdabandan başlamış, kənd yenidən dağıdılmışdı. Strateji baxımdan olduqca əhəmiyyətli olan Ağdabanda təkcə soyqırımı törədilməmiş, həm də erməni quldurları tərəfindən tarix, memarlıq və mədəniyyət abidələri dağıdılmış, müqəddəs ziyarətgah və məzarlıqlar təhqir olunaraq məhv edilmişdi. Kəndin Ermənistan silahlıları tərəfindən zəbt edilməsi Kəlbəcərin işğalını daha da asanlaşdırdı. Hər tərəfdən mühasirəyə alınmış rayon 1993-cü il aprel ayının 2-dək erməni silahlı birləşmələri tərəfindən tamamilə işğal edildi.

Ağdabanda törədilən faciənin miqyası o qədər ağırdır ki, sözlə ifadəsi yetərsiz, gücsüz qalır. Nə qədər ağır olsa da, bu, bir həqiqət, reallıqdır və ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımıdır. Kəlbəcərin işğalından bir il öncə törədilən Ağdaban faciəsi rayonun taleyinin ən qanlı səhifəsidir. 32 il öncə erməni cəlladları tərəfindən törədilən Ağdaban soyqırımı tarixdə bəşəriyyətə qarşı ən böyük cinayətlərdən biri hesab edilir. Bu hadisə istər hərb qanunlarına, istərsə də bütün dünyada qəbul olunmuş insan hüquq və azadlıqlarına sığmayan soyqırımı faktıdır. Eyni zamanda bundan əvvəl Xocavəndin Qaradağlı, Goranboy rayonunun Ballıqaya kəndlərində, Xocalı və digər yerlərdə azərbaycanlı əhalini kompakt şəkildə məhv etmək niyyəti ilə törədilmiş silsilə kütləvi qırğın aktlarının davamıdır.

Ermənilərin əsrlərdir davam edən işğal siyasətinin tərkib hissəsi olan Birinci Qarabağ müharibəsi düşmənin xəyallarının gerçəkləşdiyi və "böyük Ermənistan" xülyasının reallaşdığı acı həqiqətdir. Hayların məqsədi nəyin bahasına olursa-olsun Azərbaycan torpaqlarını işğal edib, öz ərazilərini genişləndirmək və zəbt etdikləri qədim torpaqlardan azərbaycanlıların izlərini silmək idi. Bu mənada onlar işğal etdikləri Qarabağ torpaqlarında nəinki insanları qətlə yetirir, həm də min illərlə bu yerlərin tarixini, mədəniyyətini özündə yaşadan milli, mədəni abidələri də məhv edirdilər.

Onların mədəni irsimizə qarşı törətdikləri vandallığı nəticəsində dahi şair Ağdabanlı Qurbanın və klassik aşıq şeirinin ustadlarından olan Dədə Şəmşirin əlyazmaları məhv edilib. Onu da vurğulayaq ki, Ağdaban faciəsinin qurbanları arasında 15 nəfər Aşıq Şəmşirin nəslindən olub. Erməni cəlladları Dədə Şəmşirin 28 yaşlı nəvəsi Qulu Qurbanovu diri-diri tonqalda yandırmış, 8 yaşlı Ülviyyənin gözləri qarşısında atası Camalı güllələmiş, özünü isə diri-diri basdırmışlar. Bu mənada, insanlığa sığmayan, erməni vəhşiliyini əks etdirən Ağdaban faciəsi tarixin ən qanlı hadisələrindəndir. Törədilən faciə, əslində, 200 ilə yaxın müddətdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı davamlı olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin göstəricisidir. Dünya bu faciəyə susqunluq göstərsə də hadisəyə ilk hüquqi-siyasi qiyməti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev vermişdir. Ağdabanda baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük cinayət adlandıraraq, bunu bütün insanlıq adına utanc kimi səciyyələndirmişdir.

Ağdaban qətliamı törədilmə spesifikası və xarakterinə görə BMT Baş Assambleyası tərəfindən 9 dekabr 1948-ci il tarixli "Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalar" Konvensiyasının müddəalarına uyğundur, beynəlxalq hüquq əsasında soyqırımı cinayəti aktı kimi tövsiyə etməyə imkan verir. Dinc əhaliyə qarşı erməni silahlı qüvvələri tərəfindən törədilən bu qırğın soyqırımı cinayəti kimi dünya ölkələri tərəfindən tanınmalı və hüquqi qiymət verilməlidir.

İkinci Qarabağ müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad etməsi ilə ermənilərin xalqımıza qarşı törətdiyi bütün qətliamların qurbanları kimi, Ağdaban şəhidlərinin də qisası alındı.

Ramidə YAQUBQIZI,

"Respublika".